- Dil

Cəbrail HƏŞİMOV. Bir daha frazeologizmlərimiz barədə

 Kəndimizdə çox işlənən frazeologizmlərlə bağlı yazımı davam etdirirəm. Bir daha təkrar edirəm, bu ifadələrin başqa bölgələrdə də işlənməsi mümkündür.

1. Möhübün düzmək – Bir adamın işini düzüb-qoşmaq, sözünü təsdiq etmək, tərəfini saxlamaq, karına gəlmək kimi müxtəlif mənalarda işlənir. Məsələn: “Sənin də işin-gücün hamının möhübün düzməkdir”. Ya da: “Hamının möhübün düzürsən, amma özün həmişə kasıbsan ki, kasıb”.

2. Nəniqıcı vermək – Qıcıqlandırmaq, əsəbiləşdirmək, kimi mənaları bildirir. Məsələn: “Mən bir işdə səhv eləyən kimi nəniqıcı verib əsəbiləşdirirsən məni”.

3. Pəsənd eləmək – Daha çox inkarda işlənir, yəni “pəsənd eləməmək” kimi. Əhəmiyyət verməmək, saymazlıq eləmək deməkdir. Məsələn: “Mən bayaqdan bu qədər danışıram, sən heç pəsənd eləmirsən”. Ya da: “Sən heç pəsənd eləyib cavab da vermirsən.

4. Pinə vermək – Bir adamın bir səhvi olanda, ya da başına bir iş gələndə onun üzünə vurmaq, bir növ “yanmışdıq vermək” deməkdir. Məsələn: “Mənim başıma bu boyda müsibət gəlib, sənsə mənə pinə verirsən, lağa qoyursan məni”.

5. Şindanın çəkmək – Yersiz lovğalanmaq, özünü hamıdan yüksək tutmaq, kimsəni saya salmamaq deməkdir. Məsələn: “Nədi şindanını çəkib yuxarı başda oturmusan?”

6. Tarçıxın götürmək – Həsrətində olduğu bir şeydən doyunca istifadə etmək deməkdir. Məsələn: “Güclə əlinə düşüb bu yeməklər, qoy doyunca yesin, tarçıxın götürsün”.

7. Taşxı sınmaq – Soyuq bir şeyin, məsələn, havanın, ya da soyuducuda çox dondurulmuş bir şeyin bir az istilənməsi deməkdir. Məsələn: “Qoy havanın bir az taşxı sınsın, sonra gedərik”. Ya da: “Ay qızım, soyuducudan əti götür, qoy bir az taşxı sınsın, sonra doğra”.

8. Tərxamlıq eləmək – Ərköyünlük etmək, ipə-sapa yatmamaq kimi mənalarda işlənir. Məsələn: “Bu at heç cür əl vermir, tərxamlıq eləyir”.

9. Tərəsin duzdamaq – Kimisə müdafiə etmək, tərəfini saxlamq deməkdir. Məsələn: “Mən deyirəm, bu gəlin heç bir iş bacarmır, sən isə elə hey bunun tərəsin duzdayırsan”.

10. Şatırı çıxmaq – Əldən düşmək, çox yorulmaq deməkdir. Məsələn: “Vallah, dünən o qədər işləmişəm, lap şatırım çıxıb”.

Qeyd: 1-ci, 5-ci, 6-cı və 9-cu ifadələrdə birinci sözlərdə təsirlik hal şəkilçiləri ixtisar olunur. Yəni, əslində, möhübünü, şindanını, tarçıxını və tərəsini olmalıdır.