- Dil, Köşə

Cəbrail HƏŞİMOV. Dil təəssübkeşliyi barədə

Təəssübkeşlik, ümumilikdə götürsək, yaxşı iş hesab edilməlidir. Yəni insan yaxınlarının, elinin-obasının, ölkəsinin, xalqının təəssübünü çəkməlidir. Onların başqaları tərəfindən alçaldılmasına imkan verməməlidir. Bəzən təəssübkeş insanları fanatik də adlandırırlar. Amma, fikrimcə, əgər məsələ Vətən, xalq məsələsidirsə, elə fanatik olmaq da yaxşıdır. Kosmopolit olub milli dəyərləri ayaq altına atmaqdan fanatik olub xalqın qeyrətini çəkmək daha əfzəldir.

Bu baxımdan dil təəssübkeşliyi də insanı Vətənə, xalqa, elə-obaya bağlayan bağlardan biri olmalıdır. Bəs nədir dil təəssübkeşliyi?
Mən təkrar-təkrar deməkdən və yazmaqdan yorulmuram ki, dünyanın ən gözəl dili Azərbaycan dilidir. Bu fikir kiməsə absurd görünə bilər. Əlbəttə, hər bir xalqın dili özünə görə gözəl ola bilər. Bəs niyə mən belə hesab edirəm? Ona görə ki, bu dil mənim dogma dilimdir. Mən bildiyim dillərin heç birində fikirlərimi öz dogma dilimdəki kimi gözəl ifadə edə bilmirəm. Dilim söz tutandan bu dildə danışmışam, digər dilləri isə sonradan öyrənmişəm.

Zaman-zaman dilimizə müxtəlif dillərdən sözlər daxil olub. Bu, təbii bir prosesdir. Bu sözlərin böyük bir qismi dildə oturuşub, vətəndaşlıq hüququ qazanıb, bəzilərini isə dil qəbul etməyib. Amma, çox təəssüf ki, belə sözlər varvarizm kimi ilişib qalıb dildə. İndi insanlar danışarkən rus, ingilis sözlərindən, yaxud da Türkiyə türkcəsindəki sözlərdən istifadə edirlərsə, bu öz dilinə hörmətsizlikdən başqa bir şey deyildir.  Niyə biz öz dilimizi başqa dillərdən aşağı tutmalıyıq? Əgər öz dilimizdə fikrimizi sərbəst ifadə edə biliriksə, əlavə sözlərə nə ehtiyac var? Nə vaxta qədər “vsyo”, “vapşe”, “abi”, “abla”, “uje” deyəcəyik? Axı bunların qarşılığı öz dilimizdə var. Həm də çox gözəl sözlərdir. Rus dili də, Türkiyə türkcəsi də gözəl və zəngin dillərdir. Amma mənim üçün öz dilim daha üstündür.

Bir şagirdim var idi. Başqa məktəbdən gəlirdi. Danışığında yeri gəldi-gəlmədi tez-tez türk sözləri işlədirdi. Öz şagirdlərimiz bilirlər ki, mən bu məsələdə çox həssasam, onların yersiz olaraq rus və türk sözlərindən istifadəsinə həmişə qarşı olmuşam. Bu şagirdə birinci dəfə irad tutanda bilirsiniz mənə nə dedi? “Ay müəllim, bizim dilimiz çox kasıb dildir. Axı bu nə dildir e? Mən türk dilini sevirəm”. Ona dedim ki, qızım, onda sən get, ananı da dəyiş, çünki bəyənmədiyin bu dili sənə o öyrədib. Sonra mənim dərs keçmək metodumu bəyənməyib qrupdan çıxdı. Elə yaxşı ki, çıxdı.

Ürək ağrıdan məsələ odur ki, o şagird dünyaya övlad gətirəndə, görəsən, ona hansı dili öyrədəcək? Hansı vətəni sevməyi, qorumağı təlqin edəcək? Öz dilini nəinki qorumayan, sevməyən, hətta ona nifrət edən bir gəncdən necə bir vətəndaş yetişəcək? Ən əsası da odur ki, kimdir bunda günahkar? Ailəmi, cəmiyyətmi, hakimiyyətmi, ya da biz müəllimlərmi? Məncə, hamımız. Hamımız günahkarıq.
Dilin təəssübünü çəkmək lazımdır ki, onu qoruya da bilək.