Bu yazımda bizim bölgədə, ən çox da bizim kənddə işlədilən frazeologizmlər və onların izahı, işlənmə yerləri barədə məlumat verəcəm. Ola bilər ki, bu ifadələr başqa bölgələrdə də işlənsin, amma bizim kənddə işlənmə tezliyi daha çoxdur.
Beləliklə…
1. Askifir düşmək – Əsəbiləşmək, özündən çıxmaq, dilxor olmaq deməkdir. Məsələn: “Sənin bu hərəkətlərin məni lap askifir salır”.
2. Canını qara qayıd almaq – Dərdə düşmək, dərdi başından aşmaq, fikir içində qalmaq kimi mənaları verir. Məsələn: “Mənim canımı qara qayıd alıb, sən kefdən danışırsan”.
3. Züngə çıxarmaq – Müflis etmək, varını-yoxunu əlindən almaq, dilənçi gününə salmaq deməkdir. Məsələn: “Dedin, dedin, axır məni də züngə çıxardın. Bütün var-yoxum əlimdən getdi”.
4. Zeh yerə qoymaq – Bir işi çox çətinliklə başa vurmaq, yorulub əldən düşmək kimi mənalarda işlənir. Məsələn: “Dünənki işləri başa çatdırana qədər yorulub əldən düşdüm, zeh yerə qoydum.
5. Zük oturmaq – Gecə səhərə qədər yatmamaq, oyaq qalmaq deməkdir. Məsələn: “Uşaq gecə səhərə qədər ağlayıb, mən də onunla zük oturmuşam”.
6. Bəhməz bölmək – Biri ilə əsassız olaraq mübahisə eləmək, dava-dalaş qaldırmaq mənalarını verir. Məsələn: “Hər kəs öz işini görür, sənsə gəlib burada mənimlə bəhməz bölürsən”. Bəhməz də bəkməzə deyilir.
7. Çıbıtma vermək – Sivişib aradan çıxmaq, başını götürüb qaçmaq deməkdir. Məsələn: “İş çətinə düşən kimi cıbıtma veib aradan çıxdı”.
8. Löünnən dönmək – Pis mənada dəyişilmək, sir-sifəti dəyişilməz hala düşmək deməkdir. Məsələn: “Ə, sən nə günə düşübsən? Lap löünnən dönübsən ki”.
9. Dərəçayı eləmək – Yeməyin suyunu çox eləyib dadsız hala gətirmək mənasında işlədilir. Məsələn: “Ay bala, sən bu bozbaşı dərəçayı eləmisən ki. Bunun nə dadı-duzu olacaq?!”
10. İlman dili çıxarmaq – Yalvarmaq, minnətçi düşmək deməkdir. Məsələn: “Bayaqdan sənə yalvarıram, ilman dili çıxarıram, ancaq sən mənə heç gözünün ucu ilə də baxmırsan”.
Bu frazeologizmlər mənim “Azərbaycan dilinin Cəlilabad rayonu Üçtəpə kənd şivəsinin izahlı sözlüyü” adlı kitabımda da yer almışdır. Ancaq orada nümunə olaraq gətirdiyim cümlələr bizim şivədə verilmişdir. Burada isə ədəbi dildə verdim.
Kitab hələ nəşriyyatdadır.