Əruz vəzni və qəzəl barədə kiçik bir yazıma olan marağı nəzərə alaraq qərara gəldim ki, bu mövzuda qeydlərimi davam etdirim. Əgər səhvlərim olarsa, əruz bilicilərindən mənə kömək etmələrini xahiş edirəm.
Həzəc bəhri klassik Azərbaycan ədəbiyyatında ən çox işlənən bəhrlərdən biridir. Mən bu yazımda Azərbaycan həzəcindən bəhs edəcəyəm. Həzəc sözü Azərbaycan dilində xoş avaz, xoş avazla oxumaq, gözəl səslə vəsf eləmək kimi mənaları bildirir. Qədim ərəblər, ümumiyyətlə, mahnılarının çoxunu bu bəhrdə oxuyurdular. Bu bəhr növlərinin və variantlarının sayına görə ən zəngin bəhr hesab olunur. Nizaminin “Xosrov və Şirin”, “Leyli və Məcnun”, Füzulinin “Leyli və Məcnun”, Xətainin “Dəhnamə” poemaları məhz həzəc bəhrində yazılmışlar.
Bəhrin on beş növü vardır. Bütün növ və variantları on beş təfilə üzərində qurulmuşdur. Əruzun böyük bilicisi Əkrəm Cəfər bu on beş növü tərkibindəki təfilələrin kəmiyyəti üzrə üç qrupa bölür:
- Dördtəfiləli növlər.
- Üçtəfiləli növlər.
- İkitəfiləli növlər.
Klassik Azərbaycan ədəbiyyatında ən çox məfA`İlün, məfA`ilün və məf`Ulü təfilələri işlənmişdir. Əkrəm Cəfər ərəb təfilələrini əvəz edən “əkrəmi model” deyilən modellər yaratmışdır. Bu modellər azərbaycanlılar üçün daha aydın və anlaşıqlıdır. Bunlar aşağıdakılardır: qələm, nüvə, pərdə, dil, nü, cAn. Bu söz və hissəciklərin müxtəlif kombinasiyaları ərəb təfilələrini heç bir çatışmazlıq olmadan əvəz edə bilir. Məsələn, məfA`İlün təfiləsini qələmdildil əkrəmi modeli ilə əvəz etmək olar. Gördüyümüz kimi, burada bir qısa, üç uzun heca var (qə-ləm-dil-dil). Ərəb dilinə və əlifbasına bələd olmayanlar üçün bu model daha asan görünəcək. Eləcə də, məfA1ilün təfiləsi qələmnüdil, məfU`lü təfiləsi isə dilpərdə modelinə uyğun gəlir.
Məhəmməd Füzulinin “Məni candan usandırdı…” qəzəli MəfA`İlün məfA`İlün məfA`İlün məfA`İlün ölçüsündədir. Fikir verək: Məni candan usandırdı, cəfadan yar usanmazmı? Qələmdildil qələmdildil qələmdildil qələmdildil. Qeyd edək ki, heca vəznindən fərqli olaraq, əruz vəznində misralar təfilələr üzrə bölündükdə söz bütövlüyü prinsipinə əməl olunmur. Burada əsas şərt uzun və qısa hecaların müəyyən ardıcılığı prinsipinin gözlənilməsidir. Məsələn, yuxarıdakı misranı nümunə olaraq göstərək: Mə-nii-can-daa nu-san-dır-dıı, cə-faa-dan-yaa ru-san-maz-mıı? Tələffüz zamanı bir sözün son səsi növbəti sözün əvvəlinə qoşularaq yeni heca yaradır. Şeir bu qaydada oxunduqda daha ahəngdar səslənir. Bu ölçü həzəc bəhrinin birinci növ, birinci variantıdır. Digər növ və variantları da bu qaydada əkrəmi modellərlə əvəz etmək olur.
Həzəc bəhrinin çox istifadə olunan növlərindən biri də on birinci növdür. Məf`Ulü məfA`ilün fə`Ulün. Əkrəmi modellərlə belə olacaq: dilpərdə qələmnüdil qələmdil. Bu, Leyli-Məcnun həzəci adlanır. Çünki ərəb, fars və türk dillərində yaradılan “Leyli və Məcnun” poemalarının, demək olar ki, hamısı bu ölçüdə yazılmışdır. Yeri gəlmişkən, Xətainin “Dəhnamə” poeması da həzəcin bu növündə yazılmışdır.
Sonda qeyd edim ki, əruz elə bir dəryadır, bizim bildiklərimiz ondan bir zərrədir, bəlkə də, zərrənin mində biridir. Amma mənim bu kiçik qeydlərdə məqsədim əruz vəznində yazmaq istəyənlərə azacıq da olsa, bir kömək etməkdir.