- Dil, Manşet

Cəbrail HƏŞİMOV. Hansı ki…

Tez-tez yazılı mətnlərdə qəribə quruluşlu cümlələrə rast gəlirik. Buna çoxlu misallar göstərə bilərik. Bunlar daha çox mürəkkəb konstruksiyalı cümlələr olur. Yəni tabeli mürəkkəb cümlənin baş və budaq cümlələri özləri də ayrılıqda mürəkkəb cümlələrdən təşkil olunur. Məsələn: “Mənə dedilər ki, əgər sən getsən də, biz onlara deyəcəyik ki, siz getməsəniz də olar, ancaq siz də getsəniz, daha yaxşı olar.” Gördüyünüz kimi, bir cümlə altı müstəqil cümlədən təşkil olunmuşdur. Beləcə, dil, necə deyərlər, zibillənir.

Mən bu yazımda çoxumuzu narahat edən başqa bir məsələyə toxunacağam. Həm də çalışacağam ki, fikirlərimi uzun-uzadı şərh etməklə sizi yormayım, qısaca çatdırım. Bu narahatlıq dilimizə güclə pərçim edilmiş “hansı ki” ifadəsi ilə bağlıdır.

Belə bir cümləyə nəzər salaq: “Kəndimizin ağsaqqalları, hansı ki, uzun illər əmək cəbhəsində çalışmışlar, bu gün də gənclərə yol göstərirlər”.

Mən başa düşə bilmirəm, bu “hansı ki” nədir? Sual əvəzliyidir, bağlayıcıdır, ədatdır, modal sözdür, ya nədir? Bu cümləni çox asanlıqla belə ifadə etmək olar: “Kəndimizin uzun illər əmək cəbhəsində çalışmış ağsaqqalları bu gün də gənclərə yol göstərirlər”. Fikir çox normal və lakonik şəkildə ifadə olundu.

Bəs bu ifadə dilimizə haradan gəlib? Birmənalı şəkildə deyə bilərəm ki, keçən əsrin 30-40-cı illərində rus dilindən edilmiş bərbad tərcümələrdən. Yəqin, hamı bu fikrimi təsdiq edər ki, həmin illərdə Azərbaycanda ruslaşma prosesi çox güclü şəkildə və sürətlə gedirdi. Heç çar Rusiyasının müstəmləkəsi olanda bu proses belə sürətlə getməmişdi. Bəs buna səbəb nə idi? Əlbəttə, “öndə gedən ziyalılar”ın canfəşanlığı. Bu, ayrı söhbətin mövzusu olduğu üçün bunun üzərində dayanmıram.

Qayıdaq bizim başıbəlalı “hansı ki” ifadəmizə.

Dedik ki, bu ifadə rus dilindən edilən bərbad tərcümələrdən gəlmişdir.

Bəs necə?

Bunu izah etmək üçün rus dilində belə bir cümləyə baxaq. “Те люди, которые работали на стройках, потом получали новые квартиры”.

Cümləni belə tərcümə etməyə çalışaq: “O insanlar, hansı ki tikintilərdə işləyirdilər, sonra yeni mənzillər aldılar”. Məzmun tərcümədə tam əhatə olunub. Amma cümləni oxuyanda nəyinsə yerində olmadığı, artıq olduğu açıq-aydın hiss olunur.

İndi bu cümləni başqa cür tərcümə edək: “Tikintidə işləyən insanlar sonra yeni mənzillər aldılar”.

Çox sadə, lakoniik və dolğun. Necə deyərlər, az sözlə çox məna ifadə edən bir tərcümə.

Nəyə görəsə əvvəlki tərcüməçilər birinci variantı seçirdilər və bu da sonradan haqqında danışdığımız problemləri yaradırdı.

Amma çox qəribə olan məsələ başqadır. Bu “hansı ki” ifadəsi dilimizə elə daxil oldu, artıq nəinki rus dilindən edilən tərcümələrdə işləndi, hətta öz doğma dilimizdə yazılan mətnlərə də yol tapdı.

Mən şifahi nitqdə bu ifadəyə heç vaxt rast gəlməmişəm. Amma bir istisna deyə bilərəm: Son vaxtlar televiziya aparıcıları və xüsusilə də, müxbirləri bu ifadədən geninə-boluna istifadə edirlər.

Onlara qulaq asanda istəyirsən qışqırasan ki, ay aman, dilimizi zibilləməyin, məhv etməyin! Axı gözəl dilimiz bu artıq sözlər olmadan daha gözəldir!

Çox maraqlıdır ki, bu ”hansı ki” ifadəsi hələ 1930-40-cı illərdən əvvəl də mütərəqqi ziyalılarımızı narahat edirdi. Dahi Üzeyir Hacıbəyov “Müəllim Əli cənablarına” başlıqlı məqaləsində yazırdı: “…Biz müəllimlər isə öz türk dilimizi bilmirik və bilmədiyimiz üçün bədbəxt dilimizi daha da xarab edirik. …Sizin bu məqaləniz, əfəndim, (mən yazan məqalələr kimi) türkcən yazılmayıbdır, ruscadan tərcümə edilibdir, yəni siz (və mən) əvvəlcə rusca fikir edib sonra həmin fikrimizdəki rus sözlərinin tərcüməsini bura yazıbsınız; o səbəbdəndir ki, məqalənizin bir çox yerləri türk dilinin, hətta avamlarımız arasında istemal olunan dilin də ruhuna biganə olduğunu hətta mən də anlayıram. Məsələn, yazırsınız: “Unutmamalı ki, yoldaşımız… şu rusca hekayəni o şagirdlərə təlim edir, hansılar ki, hekayənin heç bir sözünün mənasını bilmir…” Bu cümlə rusca yazılıbdır, ancaq rus sözlərinin əvəzinə onların türkcə tərcüməsi qoyulubdur. Bax ruscasını yazım, bir-birinə tutuşduraq: “Не нужно забывать, что товарищ… эту сказку по русски преподает тем ученикам, которые не знают значение ни одного слова…”

…Mən də deyirəm ki, bu sözü tərcümə üsullilə dərs verən müəllimlər rusun “который” kəlməsini tərcümə etmək üçün özlərindən çıxarıdblar; onun istemalı lüzumsuz bir ağırlıqdır. Haman mətləbi bu cürə demək olardı: diqqət yetirməli; Üzeyir cənabları şagirdlərə rusca bir hekayə təlim edir ki, şagirdlər o hekayədəki sözlərdən heç birinin mənasını bilmirlər…”

Gördüyümüz kimi, problemin kökü lap dərindədir, yəni yüz ildən də artıq bir müddət əvvələ gedib çıxır. Təəssüf ki, bu müddət ərzində problem nəinki aradan qaldırılmamışdır, hətta daha da dərinləşdirilərək bayağılaşmışdır. Bu cür yazmaq və danışmaq tərzi artıq ədabazlığa çevrilmişdir.

Dilin zənginləşməsi özünün daxili imkanları hesabına olanda dil daha da gözəlləşir. Başqa dillərdən söz və ifadələr yalnız zəruri hallarda, məsələn, elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq dilə gətirilməlidir.