(Şairlər və şeir yazanlar üçün)
Heca vəzninin tarixi şifahi xalq ədəbiyyatının özü qədər qədimdir. Atalar sözləri və tapmacaların çoxu, bayatılar, holavarlar, sayaçı sözləri, mərasim və məişət nəğmələri məhz heca vəznində yaranıb. Buna görə də bəzən bu vəzni Azərbaycan xalqının milli vəzni də hesab edirlər. Bu vəzn çox ahəngdar və oynaq vəzndir. Bəzən xalq arasında buna barmaq vəzni də deyilir.
Heca vəznində yazılan şeirlərdə bütün misralarda hecaların sayı eyni olur. Azərbaycan ədəbiyyatında 2-3 hecalıdan 16 hecalıyadək şeirlərə rast gəlinir. Kiçik ölçülü şeirlər əsasən atalar sözlərində olur. Məsələn: Yüz ölç, bir biç. Amma ən çox rast gəlinən növlər yeddi, on bir və on dörd hecalı şeirlərdir. Bunlardan da on bir hecalılar daha çoxdur.
Bu vəznin əsas xüsusiyyətlərindən biri misradaxili bölgüyə riayət edilməsidir.
Məsələn, 11 hecalı şeirlərdə misradaxili bölgü adətən 6+5, ya da 4+4+3 şəklində olur. Çox az hallarda 5+6 və 3+4+4 bölgülərinə də rast gəlinir. Əgər 11 hecalı şeirin birinci misrası 4+4+3 bölgüsü ilədirsə, demək, sona qədər bütün misralar bu bölgü ilə getməlidir. Heç bir misra 6+5 bölgüsündə ola bilməz. Ancaq, təəssüf ki, şairlər və şeir yazanların çoxu bu qaydaya əməl etmir, misradaxili bölgünün ardıcıllığına fikir vermir.
Bu bəndə fikir verək:
Dünəndən bu günə // salam söylədim,
Dedilər, köhnəlib // dalda qalmısan.
Arada bir kəlmə // yalan söylədim,
Dedilər, hardasan, // harda qalmısan?
Bəndin bütün misraları 6+5 bölgüsü ilədir.
Molla Pənah Vaqifin, Aşıq Ələsgərin və digər aşıqların yaradıcılığında bəzən bölgü pozuntusuna rast gəlmək olar. Düşünürəm ki, bu, yəqin, onların şeirin məzmununa xələl gətirmək istəməmələrindən irəli gəlir. Yəni onlar formanı məzmuna qurban vermişlər. Amma ötən əsr şairlərinin yaradıcılığında bu hala, demək olar ki, rast gəlinmir. Həm də şeir biliciləri bu cür bölgü pozuntusu hallarına tənqidi yanaşmış, belə halların qəbuledilməz olduğunu dəfələrlə göstərmişlər. Məsələn, bizim tərəflərdə işində, sözündə səhvlərə yol verən adamlara belə bir deyimlə müraciət edirlər: “Yenə də altı-beş vurursan ha!” Bu nə deməkdir? 4+4+3 bölgüsü ilə yazılan şeirlərdə misralardan biri 6+5 bölgüsündə olanda o dəqiqə qulaqda hiss olunur. Ona görə də bu deyim işlənir. Yəqin ki, bu deyim əvvəllər şairlər arasında işlənib, sonralar hamı tərəfindən istifadə olunmağa başlanıb.
Buna missal olaraq Vaqifin “Pəri” qoşmasından iki bəndə nəzər salaq:
Boyun sürahidir, // bədənin büllur,
Gərdənin çəkilmiş // minadan, Pəri.
Sən ha bir sonasan, // cüda düşübsən
Bir bölük yaşılbaş // sonadan, Pəri.
Üz yanında // tökülübdür // tel nazik,
Sinə meydan, // zülf pərişan, // bel nazik,
Ağız nazik, // dodaq nazik, // dil nazik,
Ağ əllərin əlvan // hənadan, Pəri.
Gördüyümüz kimi, şeirin birinci bəndi 6+5 bögüsü ilədir, digər bəndin isə ilk üç misrası 4+4+3 bölgüsü ilə, dördüncü misrası isə yenə də 6+5 bölgüsü ilədir. Bu isə heca vəzninin prinsiplərinin pozulması deməkdir.
Heca vəznli şeirlərdə misradaxili bölgü bütöv söz prinsipinə əsaslanır. Yəni misra daxilində fasilə verərkən bir söz ayrı-ayrı hissələrə parçalana bilməz. Fasilə sözlərin arasında olur, yəni söz bütövlükdə bir bölümə daxil olur. Əruz vəznində isə söz təfilələr arasında bölünə bilər. Müasir şair və şeir yazanlarımızın bir qismi bu qaydaya da əməl etmir.
Yəni hər qafiyələnmiş misralara şeir demək olmaz, şeir gərək müəyyən tələblərə cavab versin.
Hörmətli şeiryazanlarımız, hərdən şeirin qayda-qanunlarına da diqqət yetirin.
Sərbəst şeir barədə növbəti yazımızda olacaq.