Azərbaycan əruzunda çox işlənən bəhrlərdən biri də səri` bəhridir. Səri` bəhrinin adı ərəb dilində sürətli, tez deməkdir. Bu bəhrdə yazılan şeirləri oxuduqda onların digər bəhrlərlə müqayisədə, doğrudan da, daha sürətli, daha axıcı oxunduğunun şahidi oluruq ki, bu da bu bəhrdə yazılan şeirlərin gözəlliyini daha da artırır.
Azərbaycan əruzunda səri` bəhri on birinci yerdə durur. Onun iki növü və bunların da altı variantı vardır. Bu növ və variantlar beş təfilə üzərində qurulur: müftə`ilün, fA`ilün, müftə`ilü, fA`ilü və fA`ilAn. Əkrəmi modellərlə müvafiq olaraq belə əvəz etmək olar: pərdəqələm, dilqələm, pərdənüvə, dilnüvə, pərdəcAn.
Birinci növ: müftə`ilün müftə`ilün fA`ilün. Əkrəmi modellə pərdəqələm pərdəqələm dilqələm olacaq. Bu növ bəzən “Məxzənül-əsrar vəzni” də adlanır. Çünki Nizami Gəncəvi “Sirlər xəzinəsi” poemasını səri` bəhrinin məhz bu növündə yazmışdır. Bu növün iki variantı vardır. İkinci variant müftə`ilün müftə`ilün fA`ilü qəlibindədir. Əkrəmi modeli pərdəqələm pərdəqələm dilnüvə olacaqdır.
Bu növdə yazılmış şeirlərin ahəngini duymaq üçün M. Ə. Möcüzün bir beytinə nəzər salaq:
Altı min övrət gözü qürbətdədir,
Sübhü məsarəncü müsibətdədir.
Müftə`ilün müftə`ilün fA`ilün
Pərdəqələm pərdəqələm dilqələm
Al-tı-mi-növ rət-gö-zü-qür bət-də-dir,
Süb-hü-mə-saa rən-ci-mü-sii bət-də-dir.
Yaxud M.Ə.Sabirin məşhur “Cütcü” uşaq şeirinə nəzər salaq:
Çıxdı günəş, doldu cahan nur ilə
Cütcü sürür tarlada cüt şur ilə.
Müftə`ilün müftə`ilün fA`ilü
Pərdəqələm pərdəqələm dilnüvə
Fikir verək, misranın sonunnun uzun, ya qısa heca ilə bitməsi artıq təfiləni dəyişir və bu da öz növbəsində şeirin fərqli ahənglə səslənməsinə səbəb olur.
Çox maraqlıdır ki, böyük şair Füzulinin türkcə qəzəlləri içərisində yalnız bir qəzəlin səri` bəhri ilə yazıldığının şahidi oluruq. Eyni zamanda Kişvəri, Ə.Vahid kimi digər qəzəl ustalarının da yaradıcılığında bu bəhrə çox az rast gəlinir. Əruzşünas alimlərin yazdığına görə, bu, səri` bəhrinin məhz didaktik əsərlərin əsas bəhrlərindən biri olması ilə əlaqədardır. Adını çəkdiyimiz şairlərin yaradıcılığında didaktik mövzuya az yer verilmişdir.
Hesab edirəm ki, müasir dövrdə əruz vəznində yazan şairlər bu bəhrə müraciət etsələr, yaxşı olar. Oynaq vəzndir, müasir dilimizdə ərəb-fars tərkibli sözlərdən istifadə etmədən çox gözəl əsərlər yaratmaq olar.
Növbəti mövzumuz münsərih bəhri barədə olacaq.