- Dil

Cəbrail Həşimov. Üslubi fiqurlar haqqında

Nitq mədəniyyəti təkcə dilin fonetik, qrammatik və leksik normalarına əməl etməklə danışmaq deyil, eyni zamanda, dilin gözəlliyindən də istifadə etməklə dinləyicinin zövqünə uyğun danışmaq deməkdir. Nitq elə qurulmalıdır ki, dinləyici yorulmasın, dinlədiyindən zövq ala bilsin.

Bu mənada nitqdə bədii təsvir və ifadə vasitələrindən yerində istifadə edə bilmək çox vacibdir.

Hər bir millətin mədəni səviyyəsinin əsas göstəricilərindən biri də nitqin gözəlliyidir. Bunun əsas şərtləri aşağıdakılardır:
1. Dilin özünün zənginliyi və səlisliyi.
2. Dildən istifadə edənlərin ümumi savad səviyyəsi və dil sisteminə bəldliyinin yüksək səviyyədə olması.

Orta məktəb dərsliklərindən hamımızın bədii təsvir və ifadə vasitələri barədə məlumatımız var. İndi isə mən bu yazıda bəzi üslubi fiqurlar barədə məlumat vermək istəyirəm. Bunların bəzilərindən istifadə etməklə, bəzilərindən isə qaçmaqla nitqimizi gözəlləşdirə bilərik.

1. evfemizm – hər hansı bir fikrin son dərəcə yumşaq, nəzakətli tərzdə çatdırılması.
Məsələn, “kor” əvəzinə “görmə qabiliyyəti olmayan”.
2. pleonazm – nitqdə mənanı zəngimləşdirməyən artıq sözlərin işlənməsi.
Məsələn, yenidən təkrarlamaq. Burada “yenidən” sözü artıqdır.
3. tavtalogiya – lazımsız sözlərin işlənməsi.
Məsələn: O mənim qardaşımdır, mən də onun qardaşıyam.
4. adinaton – haqqında danışılan hadisənin qeyri-real hadisə ilə müqayisəsi.
Məsələn: Araz tərsinə axar, mən sənə yalvarmaram.
5. amfiteza – eyni predmetin iki zidd xüsusiyyətinin qarşılaşdırılması.
Məsələn: Necə rəhmlidir, necə amansız…
6. paradiastola – ziddiyyət təşkil edən sinonimlərin işlədilməsi. Bu zaman qarşılaşdırma bağlayıcalarından istifadə edilir.
Məsələn: Yalan ayaq tutar, amma yeriməz.
7. asindeton – fikrin daha ekspressiv çatdırılması üçün bağlayıcılardan istifadə edilməməsi.
Məsələn: Mən dedim, sən eşitmədin.
8. akroteza – hər hansı bir fikrin ona əks olan fikirlə inkar edilməsi.
Məsələn: Qanun yalanın deyil, həqiqətin keşiyində durmalıdır.
9. antiteton – iki müxtəlif predmetin bir-birinə əks olan cəhətlərinin qarşılaşdırılması.
Məsələn: Birimiz təpəyik, birimiz düzük.
10. oksimoron – bir-biri ilə ziddiyyət təşkil edən sözün birlikdə işlədilməsi.
Məsələn: “Ölü canlar”, ağıllı dəli.
11.repriza – bir misranın sonunda gələn sözün növbəti misranın əvvəlində işlənməsi.
Məsələn:
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
12. anaxronizm – iki müxtəlif dövrə aid hadisə və ya şəxslərin eyni zamanın hadisəsi və ya adamı kimi göstərilməsi.
Məsələn: “İskəndərnamə”də müxtəlif dövrlərdə yaşamış yunan alimlərinin bir araya gətirilməsi.
13. eliziya – yanaşı gələn iki saitdən birinin düşməsi.
Məsələn, nə olub – nolub.
14. kalambur – nitqdə komik effekt yaratmaq məqsədi ilə sözün omonimliyindən və ya çoxmənalılığından istifadə edilməsi.
Məsələn: Molla Nəsrəddinin diş çəkmək, qulaq çəkmək barədə lətifəsi.
15. malapropizm – nitqdə səhv olaraq bir sözün əvəzinə fonetik baxımdan oxşar, amma leksik baxımdan tamamilə fərqli bir sözün işlədilməsi.
Məsələn, “epitet” əvəzinə “epitafiya” sözünün işlədilməsi.
16. allüziya – hər hansı bir fikri daha qabarıq ifadə etmək üçün məşhur deyimlərin və ya şəxs adlarının işlədilməsi.
Məsələn: “Don Kixotluq etmək”, və ya “Kim yatıb, kim oyaq?”
17. anakoluf – fikrin təsir gücünü artırmaq məqsədi ilə cümlənin elementləri arasında sintaktik əlaqənin, qrammatik normanın pozulması.
Məsələn, Sən ağa, mən ağa, inəkləri kim sağa?
18. okkazionalizm – leksik vahid kimi dilin lüğət tərkibində olmayan sözlər.
Məsələn, zamandaş, dünyadaş və s.
19. paraselyasiya – cümlədə predikativliyin pozulması. İfadə olunan fikir bir neçə adlıq cümləyə ayrılır.
Məsələn: Ancaq ölənə qədr həyatında heç bir dəyişiklik olmayacaq. Arvadı. Qızı, Qohumlar…
20. ellipsis – cümlədə asanlıqla anlaşılan və bərpa edilməsi mümkün olan sözün işlədilməməsi.
Məsələn: Quş dimdiyi ilə, insan biliyi ilə.