- Dil

Cəbrail HƏŞİMOV. Zəngin dilimiz

Dili gözəlləşdirən xüsusiyyətlərdən biri də şifahi və yazılı nitq zamanı sintaktik, leksik və qrafik fiqurlardan istifadə edilməsidir. Biz tez-tez həm bədii əsərlərdə, həm də gündəlik danışığımızda bu fiqurlardan istifadə edirik. Ancaq dilçilikdə bunların hər birinin konkret olaraq adlanmasının fərqinə varmırıq.

İndi mən bu terminlərin bir neçəsini izahlı şəkildə diqqətinizə çatdıracağam.

1. Evfemizm – Hər hansı fikrin son dərəcə yumşaq, nəzakətli tərzdə çatdırılması. Məsələn: “kor”
əvəzinə “görmə qabiliyyəti olmayan” deyilməsi.
2. Pleonazm – Nitqdə mənanı zənginləşdirməyən artıq söz işlədilməsi. Məsələn: “yenidən
təkrarlamaq” ifadəsində “yenidən” sözü artıqdır.
3. Adinaton – Haqqında danışılan hadisənin qeyri-real bir hadisə ilə müqayisə edilməsi.
Məsələn: “Araz tərsinə axar, mən sözümdən dönmərəm”.
4. Paradiastola – Ziddiyyət təşkil edən sinonimlərin işlədilməsi. Bu zaman qarşılaşdırma
bağlayıcılarından istifadə edilir. Məsələn: “Yalan ayaq tutar, amma yeriməz”.
5. Asindeton – Fikrin daha ekspressiv çatdırılması üçün bağlayıcılardan istifadə edilməməsi:
Məsələn: “Mən dedim, sən eşitmədin”.
6. Eliziya – Yanaşı gələn iki saitdən birinin düşməsi. Məsələn: “Nə olub – Nolub”
7. Allüziya – Hər hansı bir fikri daha qabarıq ifadə etmək üçün məşhur deyimlərin və ya şəxs
adlarının istifadə edilməsi. Məsələn: “Don Kixotluq etmək”, yaxud: “Kim yatıb,
kim oyaqdır?”
8. Anakoluf – Fikrin təsir gücünü artırmaq məqsədi ilə cümlənin elementləri arasında sintaktik
əlaqənin, qrammatik normanın pozulması. Məsələn: “Sən ağa, mən ağa, inəkləri
kim sağa”.
9. Paraselyasiya – Cümlədə predikativliyin pozulması. Bu zaman ifadə olunan fikir bir neçə adlıq
cümləyə ayrılır. Məsələn: “Ancaq ölənə qədər həyatında heç bir dəyişiklik
olmayacaq. Arvadı. Qızı. Qohumları…”
10. Anaxronizm – İki müxtəlif dövrə aid hadisə və ya şəxslərin eyni zaman hadisəsi və ya
şəxsləri kimi verilməsi. Məsələn: “İskəndərnamə” poemasında müxtəlif
dövrlərdə yaşamış yunan alimlərinin bir araya gətirilməsi.

Düşünürəm ki, bu yazı dostlar üçün, xüsusilə, bədii yaradıcılıqla məşğul olan dostlar üçün faydalı olacaq.