Əhməd Obalı: “Heç kim Polad Həşimov qədər bu milləti ayağa qaldırmamışdı”
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin beynəlxalq əlaqələr üzrə rəhbəri, Günaz Televiziyasının təsiçisi Əhməd Obalı ilə müsahibəni təqdim edirik.
– Əhməd bəy, 3 ilə yaxındır ki, Azərbaycana gələ bilmirdiniz. Nəhayət Vətən müharibəsindən qalib çıxmış Azərbaycana gəmisiniz. Nələr hiss edirsiniz?
– Azərbaycan vətənimizdir. İnsan nə qədər uzaqda olsa da, vətəninə ayaq basanda daxilən sevinir. Bu dəfəki qayıdış Qarabağın azadlığı ilə üst-üstə düşdü. Bu sevinci sözlə ifadə etmək qeyri-mümkündür.
– 44 günlük Vətən müharibəsi Amerikadan necə görünürdü?
– 44 gündən bir az da əvvələ qayıtmaq istəyirəm. Tovuz döyüşləri zamanı general Polad Həşimovun şəhid olması hər bir azərbaycanlının beynində dəyişiklik yaratdı. Bu dəyişiklik həyəcan və ümid dolu idi. 44 günlük müharibə boyu dünyada yaşayan azərbaycanlılar gün ərzində 2-3 saat ancaq yuxu yata bilirdi. Bir tərəfdə nigaran olmaq, digər tərəfdə torpaqların azad olmasının həyəcanı… Beynimizin istirahət etməsi qeyri-mümkün idi. Nə yaxşı ki 44 günün sevincini yaşadıq. Belə günlər hər kəsə nəsib olmur.
– Reallıq odur ki, Amerikadan Qarabağın taleyi həmişə “sual altında” kimi görünüb. Çünki 30 ilə yaxın müddətdə Amerika ATƏT-in Minsk qrupunun həmsədri kimi gözlədiyimiz heç bir addımı atmadı.
– Mən Amerika vətəndaşıyam. Hesab edirəm ki, bir Amerika vətəndaşı kimi fikirlərimi çox rahat formada deyə bilərəm. Amerika dünyada super dövlət kimi Qarabağ məsələsində çox zəif hərəkət elədi. 28 il ərzində Minsk qrupunun həmsədri kimi danışıqların tərəfdarı idi. Biləndə ki, bu danışıqlar nəticəsiz olacaq, ancaq buna israr edirdi. Amerikanın bu cür münasibət sərgiləməsi bu ölkənin milli mənafeyinə də uyğun gəlmirdi. Hətta bir müddətdən sonra Amerikanın dövlət adamları başa düşdülər ki, bu doğru siyasət deyil.
– Amerikanın illərlə sadaladığınız münasibəti sərgiləməsində erməni lobbisinin gücü nə qədər olub?
– Çox… Amerikada dövlət icraçı, Konqres qanunvericidir. Ermənilər xristian olmalarından istifadə edərək, bəzi qondarma və yalançı tarixi hadisələri özlərinəməxsus formada dəyişdiriblər. Amerika Konqresinin bəzi üzvləri hər zaman onların yanında olub. Hətta 907-ci düzəlişi Azərbaycanın əleyhinə keçirdilər. O zaman Konqresdə çoxu Azərbaycan adını deyə bilmirdi. Çoxu Azərbaycanın adını xəritədə tapmaqda çətinlik çəkirdi. Amma erməniləri tanıyırdılar. Ermənilər bu məsələlərdə tez başlayıb müəyyən uğurlar əldə etsələr də, sonunda hər şey dəyişdi. Hadisələr meydanda təyin olunur. İstər döyüş, istərsə də diplomatiya meydanı olsun, Azərbaycan getdikcə daha da gücləndi. Burada iki məqam var. Əgər ermənilər Amerika Konqresində güclü iş aparırdılarsa, Azərbaycan beynəlxalq arenada öz işini görürdü. Azərbaycan dövlətinin ən gözəl siyasətlərindən biri o idi ki, mümkün qədər BMT-də və digər beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı olduğuna dair qərarlar qəbul etdirirdi. Bu da 44 günlük savaşa öz təsirini göstərirdi. Bu baxımdan da ötən illər ərzində Ermənistanın lobbisi, Azərbaycanın isə dövləti güclü işləyirdi.
– Əhməd bəy, erməni lobbisindən söz açdınız. Amerikada yaşayan soydaşlarımızın erməni hiyləsi ilə tez-tez üzləşdiyini deyə bilərikmi? Üzləşdiyiniz məqamlarda hansı addımlar atılırdı?
– Erməni lobbisinin tarixi qədimdir. 1920-ci illərdən başlayaraq erməni lobbisi Amerikakada formalaşmağa başlayıb. Ermənilərin 2 əsas lobbi təşkilatlarından biri olan Ankanın kökü 1921-ci ilə gedib çıxır. Getdikcə həm təcrübə toplayıblar, həm də xristian olduqlarını önə çəkərək, qondarma erməni soyqırımından istifadə ediblər. Eyni zamanda, məzlum bayrağını əllərində əsas tutaraq, zalım işlərlə məşğul olublar. Təsəvvür edin, Amerika deyir ki, “Qarabağ Azərbbaycanındır”. Konqresdə bir hissə isə “Qarabağ ermənilərindir” deyir.
– Amerika kimi iri dövlətdə Azərbaycan diasporu niyə tam olaraq formalaşa bilməyib?
– Diaspor üzvləri öz potensialına görə işləyə bilməyib. Diasporla İş üzrə Dövlət Komitəsi isə öz işini görür. Son illərdə komitənin işi uğurludur. Amma diaspor yalnız Bakıdakı komitə deyil ki!.. Bu komitə ancaq idarə edə bilər. Bizim işimizi görə bilməz. Biz xaricdə olan azərbaycanlıların böyük potensialı olsa da, yaxşı işləyə bilməmişik. Bunu düzəltmək lazımdır. Bu, bizim vəzifəmiz olmalıdır.
– 44 günlük savaşda əksini gördük. Birlik, bərabərlik vardı. Hər kəs ayaqda idi. Hətta tez-tez belə ifadə səslənir: kaş ki, Vətən müharibəsi zamanı göstərilən birliyi 30 ilə yaxın müddətdə də edə biləydik. Bu fikirlərlə nə dərəcədə razısız?
– 1992-ci ildə də ayaqda idik. Sadəcə, o zamanlar Azərbaycanın xaricdə diasporu olmadığından bunu görə bilmədik. 28 il ərzində diasporumuz güclənməyə başladı. Düzdür, ermənilərlə nisbətdə zəif idik, amma güclənməyə doğru gedə bildik. 2020-ci ilin Tovuz döyüşlərindən sonra Azərbaycan diasporu müsbət mənada fövqəladə idi. İş bundan sonradır.
– Bir nöqtədən məsələləri idarə etmək həm də çox önəmlidir. Amerikada azərbaycanlıların sayı nə qədərdir?
– Amerikada azərbaycanlıların sayı çox deyil. Daha çox güneylilərdir. Mən də güneyli olduğumdan bir hissəmiz farsçılıq fəaliyyəti nəticəsində kompleks içində yaşayırıq. Necə ki burada ruslaşma gedirdisə, orada da farslaşma gedirdi. Az bir hissəmiz fəaldır. Müxtəlif əyalətlərdə olan azərbaycanlıların hər biri çalışır ki müəyyən işlər görsün. Diaspor Komitəsinə yeni rəhbər təyin olunandan sonra bu işlər daha da yaxşılaşıb. Ümid var ki, gələcəkdə daha yaxşı olsun.
– Azərbaycanlıların yaşadığı bəzi ölkələrdə “Azərbaycan Evi” açılıb. Orada ana dilimiz, tariximiz tədris olunur. Amerika nəhəng dövlət olduğundan dil kursları necə keçirilir?
– Dediyiniz kimi, Amerika dövləti böyükdür. Amerikada azərbaycanlılar böyük əyalətlərdə yaşayırlar. Şəhərlər də böyükdür. Bu baxımdan da azərbaycanlıların eyni məktəbə getməsi mümkün deyil. Məsələn, bəzi əyalətlərdə yaşayan azərbaycanlılar ana dili kursu açıblar. Azərbaycanlı olduğumuzu övladlarımız bilməlidir. Çünki uşaqlarımız Amerika cəmiyyətində böyüyürlər. Dil kursunun olması çox yaxşı haldır.
– Əhməd bəy, siz keşməkeşli bir həyat yaşamısınız. Amerikaya da asanlıqla getməmisiniz. Amerikada Güneyi necə yaşada bilmisiniz?
– Hesab edirəm ki, bu, hər bir insanın öz içində olmalıdır. Biz Azərbaycanın güneyini quzeyini bütöv görməliyik. Azərbaycana olan sevgi beyində, ürəkdə zehniyyətdədir. Azərbaycan bizim üçün şəhər deyil, ana vətəndir. O vətənlə yaşamağa məcburuq. İstər-istəməz xaricdəki hər bir azərbaycanlı hansı ölkədə yaşamağından asılı olmayaraq, gündə bir neçə dəfə azərbaycanlı olduğunu yadına salır. Gözəl millətimiz var. Heç bir millətdən üstün deyilik, həmçinin aşağı da deyilik. Fəxr edilməli keçmişimiz var. Ötən illər əzində Qarabağ məsələsi başımızı aşağı etmişdi. Millət olaraq narahat idik.
– Yad məmləkətdə boynubükük olmaq daha ağırdır…
– Elə burda da necə başıdik gəzmək olardı?! Çox sevinirəm ki, Qarabağı müzakirə ilə geri almadıq. Qanımızla geri aldıq. Müzakirə ilə almağa çalışsaydıq, yenə də başıaşağı olacaqdıq. Bu gün Azərbaycan o şəhidlərin qanının üstə başıucadır. Polad Həşimov ən təsirli şəhiddir. Heç kim onun qədər bu milləti ayağa qaldırmamışdı. Bu bizim üçün fəxrdir. Bizim adını çəkmədiyim digər şəhidlərimiz var. Allah hamısına rəhmət eləsin.
– Qələbəmizdən sonra regionda vəziyyət tamamilə dəyişib. İran dövlətinin rəsmiləri hər gün əsassız iddialar səsləndirir. Siz həm də yaşınızın ən gənc vaxtında İranda şah rejiminə qarşı mübarizə aparmısız, həbs həyatı yaşamısız. Daha sonra Amerikaya getmisiz. Düşünürəm ki, 1980-ci illərdəki İranla bugünkü İranın Azərbaycana olan münasibətini analiz edə bilərsiniz. İran Azərbaycana qarşı dəyişibmi, yoxsa, siyasət elə həminki siyasətdir?
– 18 yaşıma İranda keçmişəm. Orada böyümüşəm. İran dedikdə Güney Azərbaycanı, Ərdəbil, Muğan və Meşkini nəzərdə tuturam. Orta məktəbi bitirmədən məcbur olub oradan çıxmışam. 4 il Avropa və Türkiyədə yaşayandan sonra Amerikaya getmişəm. Siyasətçi olmasam da, İran rejimi məni siyasiləşdirib. İran dövlətçiliyinin Azərbaycana qarşı problemi haradan başlayır?! Məsələyə dayaz baxmamaq lazımdır. Amerikada belə atalar sözü var: bir məsələni həll etmək istəyirsənsə, onu kökündən həll et. Üzünü örtməklə olmur. Elə bilin ki, bir xəstənin dərdini həll etmək yerinə ona ağrıkəsici dərman verirsiz. O ağrı kəsəcək, amma yenə də başlayacaq. İran dövlətinin Azərbaycana qarşı düşmənçiliyi zehniyyətdən, düşüncədən irəli gəlir. Bu təkcə Azərbaycan deyil, türk düşmənçiliyi ilə bağlıdır. Baxın, Firdovsi onların ən məşhur şairidir. “Şahnamə” onların ən mühüm kitabıdır. Şeir də mifologiya da oradadır. Firdovsinin “Şahnamə”si İran-Turan savaşıdır. Kök buradadır. Şüuriyyə hərəkatı tarixdə İranın farsçı qrupunu birinci türklərə, sonra ərəblərə qarşı qızışdırıb. Baxın, “Şahnamə” budur. Biz min il İrana hakim olmuşuq. Heç zaman nə farsı, nə də digər millətləri əzmişik. Milli kimliyinə, qeyri-millət olduğuna görə kimsə əzilməyib. Amma Pəhləvilər iş başına gələr-gəlməz dilimizi qadağan edərək, tarixi əyalətimizi parçalayıblar. Hələ ki bura qədər 6 ostanı Azərbaycandan ayırıblar. Ona görə də Azərbaycan müstəqil olanda İran Ermənistanın tərəfini tutdu.
– İranın erməni sevgisi hər gün bir az daha artır…
– İnanın, bu ermənini sevdiyindən deyil. Farslar ermənini də sevmirlər. Bildiyim qədər onların sevdiyi bir millət yoxdur. Amma praqmatik öz milli maraqlarını qorumaq üçün “düşmənimin düşməni mənim dostumdur” siyasətini aparırlar. Ermənistan həm Türkiyə, həm də Azərbaycanla düşməndir.
– Amma İran 30 ilə yaxın müddətdə Qarabağda məscidlərə qarşı edilən vəhşiliklərə göz yumdu.
– İcazə verin etiraz edim sizə. Göz yummadılar, dəstəklədilər. Kaş ki göz yumaydılar, ermənilərə dəstək verməyəydilər. Amma dəstək verdilər. Cinayət burdadır. Biz iddia etmirik ki, müsəlman dövlətiyik. Biz demokratik, unitar dövlətik. Amma İran iddia edir.
(modern.az)