- Ədəbiyyat

Cəlaləddin Rumi. Sədaqət

Bir gün Loğmanın ağasına hədiyyə olaraq bir qarpız gətirirlər. O, xidmətçisinə: “Oğlum, get, Loğmanı çağır!”, – deyir.

Loğman bu çağırışa dərhal cavab verib ağasının yanına gəlir.

Ağası ona hədiyyə olaraq gətirilən qarpızı kəsir və Loğmana bir dilim verir. Loğman ona verilən dilimi bal kimi, şəkər kimi yeyir. Elə iştahla yeyir ki, ağası dərhal ikinci dilimi kəsib ona tərəf uzadır. Beləcə dilimlər bir-birini izləyir və Loğman bütün qarpızı yeyir.

Yerdə yalnız bir dilim qalır.

Ağası: “Bunu da mən yeyim, baxım görüm necə şeydir, hər halda, bu, çox dadlı bir qarpızdır”, – deyir.

Çünki Loğman elə ləzzətlə, elə iştahla yeyirdi ki, görənlərin də iştahası açılırdı.

Loğmanın ağası son dilimi yeyər-yeməz qarpızın acılığından ağzını atəş sarır, dili uçuqlayır, boğazı yanır.

Qarpızın acılığı onu çaşdırır. Sonra isə Loğmana deyir:

Belə bir zəhəri necə oldu ki, dadlı-dadlı yedin? Belə bir qəhri necə oldu lütf etdin? Bu necə səbirdir? Nə üçün səbir etdin? Sanki canına qəsdin var! Nə üçün bir şey söyləmədin? Nə üçün “bir az səbir et, indi yeyə bilmərəm” demədin?

Loğman bu cavabı verir:

– Sənin nemətlər bağlayan əlindən o qədər ruziləndim ki, utandığımdan ikiqat oldum. Buna baxmayaraq, əlinlə verdiyin bir şeyə, ey mərifət sahibi, “bu, acıdır, yeyə bilmərəm” deyə bilmədim. Əgər bu qədər bir acıya dözə bilməyib fəryad edərəmsə, bütün zərrələrim torpağa qarışsın. Şəkər bağışlayan əlinin ləzzəti bu qarpızdakı acılığı heç saxlayarmı? Bu sizə – məni öyrədənə olan sevgimin gücündəndir. Sevgidən acı dadlanar, sevgidən mis qızıl olar. Sevgidən bulanıq, çöküntülü sular dumduru bir hala gələr. Sevgidən dərdlər şəfa tapar. Sevgidən ölülər dirilər, sevgidən padşah qul olar.

portal.azertag.az