- Dil, Manşet

Cəlil Məmmədquluzadə. Meymunlar

Hürriyyət və hüquq davası düşəndən heç bir müsəlman məclisi olmayıb ki, orada bir obrazovannı müsəlman ayağa durub deməsin “hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək”.
(hələ məzəsi budur ki, bu nitqlərin hamısı rus dilində söylənilir – bu sirdən də heç kəs baş aça bilmməyib).

Bəli, keçək mətləbə. Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək.

Tutaq ki, bunu hökumət qoymur.
Pəs ana dilimizi istəməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?

Mən indiyədək heç bir yanda görməmişəm ki, iki obrazovannı müsəlman bir-biri ilə görüşəndə müsəlmanca danışsınlar – amma hökumətin qanun qərardadlarının içində heç belə bir qərardad yoxdu ki, iki müsəlmanın bir-biri ilə müsəlmanca danışmağına mane olsun.
Pəs bunu kim qoymur?
Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək.
Tutaq ki, bunu hökumət qoymur.
Pəs kim bizi öz dilimizdən utanmağa və öz dilimiz ilə danışmağı ar bilməyə vadar edir?

Məgər bunu da hökumət edir?
Bir təbrizli Tiflisə gəlib bir həftə burda qalmaqnan adının axırına “of” qondarır.
Məgər bunu da hökumət edir?
Nə vaxt hökumət qaradavoy və pristav göndərib ki, get gör filan müsəlman oğluna nə ad qoyub və qızına nə ad qoyub və hökumət nə vaxt müsəlmanı məcbur edib ki, qızının adını Fatma əvəzinə Fatya qoysun və oğlunun Həsən adını dəyişdirib Qasanka eləsin?

Dil barəsində hökumət ermənilərə etdiyi rəftarın onda bir hissəsini bizə etməyib.
1884-cü ildə bağlanan erməni məktəbləri ancaq bir neçə il bundan irəli açıldılar.
Amma bunilə belə kimsə indiyədək görməyibdir ki, iki oxumuş erməni bir-birilə rusca danışsın.

İndi gəl müsəlman aləminə. Gedirsən bir rəfiqin qapısını döyürsən. Bir balaca qız çıxır. Soruşursan ki, atan evdə?
Qız “papa” deyə-deyə qaçıb atasını çağırır. Girirsən içəri və qızın kefini soruşub deyirsən: “Maşallah, Münəvvər xanım, yekə qız olubsan”. Görürsən qız qaş-qabağını saldı. Sonra məlum olur ki, qıza gərək “Varya” deyə idin, Münəvvər dedin, acığı gəldi.
Hətta axır vaxtda İran məmurları da yavaş-yavaş adlarını çöndərməyə başlayıblar.

Hakimi-vilayəti-Ərdəbil Həsənqulu xan Cəfərxanov, naibi konsulgəriyi-Gəncə və Badkubə dər qəryeyi-Danabaş Mirzə Heydər Səlimxanov və qeyrə.

İşlər bu sayaqdır.

Axırda həmin qasankalar və varyalar böyüyüb başlayacaqlar məclislərdə haray təpib çığırmağa: “Ay aman, qoymayın hökumət ana dilimizi öyrənməyə mane olur”.
Bir vaxt Nuxada da “millətpərəstlər” məclislərdə bu cür nitqlər söyləyirdilər, amma indi haman “millətpərəstlər” cənab direktorlara və qubernatlara təkyə edib ana dilinin müəllimlərini qapazlayıb saldılar eşiyə.
Bəli! Əzizim, bu işlərin adına müsəlman işi deyirlər.

Molla Nəsrəddin
“Molla Nəsrəddin” jurnalı, 3 noyabr 1906