Şəms ƏLİZADƏ
Tənqidçilərin “xəyali”, “tarixdə mövcud olmayan”, “monarxist qərəz” adlandırdığı «təbii vəziyyət», «təbii hüquqlar», «ictimai müqavilə» ideyaları beynəlxalq münasibətlərdə realizm nəzəriyyəsinin əsas prinsiplərinə çevrildi.
“Təbii vəziyyət”də insan arzusunda olduğunu istənilən formada əldə edə bilər. İki və daha çox insan eyni şeyi istəsə sonsuz sayda münaqişələr başlayar. Dünya resurslarının məhdud olduğunu nəzərə alsaq müharibələrin niyə bitmədiyini anlamış olarıq. “Təbii vəziyyət”dəki dünyada heç kim çıxıb “bu ədalətsizlikdir, 800-lə başlayan qətnamə verirəm, bir əncam çəkin” də deyə bilməz, çünki bu vəziyyətdəki dünya ədalət, əxlaq, qanun məfhumlarından yoxsundur. Hobbs bu məfhumları dövlətçiliyin mövcudluğu ilə əlaqələndirir. Əxlaq, insanlara sonradan güclü lider tərəfindən verilən bir şeydir. Ümumi güc yoxdursa insan verdiyi sözü tutmayacaq, ümumbəşəri ideyalar üçün vuruşmayacaq, rəqibini devirməsə özü yerlə yeksan olacaq. Mütəfəkkir, insanı verdiyi sözü tutmaqdan aciz məxluq kimi göstərməklə yanaşı gözlər önünə qoyur ki, yalnız güclü öndərin mövcudluğunun, onun zor gücünün hesabına insan primitiv etik qaydalara uymağa meyl edir. Bizdə buna qısaca “qılınc müsəlmanı deyirlər”.
İnsan öz həyatını qorumaq üçün şəxsi gücündən istədiyi kimi istifadə edə bilər. O, hər şey üzərində haqqa sahibdir. Bu cür insanın həyatdaki tək rəhbəri öz mülahizələri, ağlı və azad seçimləridir. Amma, həyatda qalmaq istəyi daha güclü olan insan bu azadlıqlarından müəyyən qədər güzəştə getməlidir. Daimi savaş halında olmaq insan həyatını riskə atır. Ölüm qorxusu, rahat həyat üçün lazımlı olan şeyləri əldə etmək istəyi insanı sülh haqqında düşünməyə vadar etmişdir. Bunların hamısının qaynağı Tomas Hobbsun “təbii hüquqlar” adlandırdığı hüquqlardır. Beləliklə Hobbs, jus və lex, yəni haqq və qanun arasındaki fərqi də ortaya qoymuş olur. Haqq – bir şeyi edib etməməkdəki azadlığı göstərir, bu, insanın fərdi seçimindən irəli gəlir. Qanun isə cəza sistemi yaradaraq qanunun ziddini etməkdən yayındırır.
Sülh istəyən şəxs digər insanlarla qarşılıqlı olaraq hər şey üzərindəki haqqlarından imtina etməli, öz azadlığının limitini digərlərindən azaltmalarını istədiyi qədər azaltmalıdır. Bu fikri filosof İncilin “başqalarının səninlə necə rəftar etməsini istəyirsənsə, onlarla o cür rəftar et” qanunundan götürmüşdür.
Sual ortaya çıxır ki, bütün bu proses insana necə sülh kimi geri qayıdır? İlk öncə bu prosesin, yəni haqqlardan vazkeçməyin necə baş tutduğuna nəzər salaq. Bu iki cür olur, haqqlardan imtina edərək və ya haqqlarını başqasına ötürərək. Əgər insanı vazkeçdiyi haqqından kimin faydalanacağı maraqlandırmırsa o, haqqlarından tamamilə imtina edir. Yox, əgər müəyyən şəxsə (şəxslərə) fayda vermək istəyirsə, onda onları həmin şəxsə ötürür. Bəs qarşılığında heç nə əldə etməyəcək? Hobbsun da qeyd etdiyi kimi, könüllü şəkildə edilən bütün fəaliyyətlərin əsas məqsədi qazanc əldə etməkdir. Buradaki qazanc, “ictimai müqavilə” bağlamaq yolu ilə sülhü bərqərar edəcəyinə inanılan dominanta azadlıqlarınızı təhvil vermək və qarşılığında firavan həyat ummaqdır. Hərkəs bu müqaviləyə uyğun davranmalıdır, buna görə də cəmiyyətin azadlıqlarını əlində tutan şəxs güclü və sarsılmaz olmalıdır.
Hobbsun fikirlərini hər oxuduğumda günümüzdəki ümumi vəziyyətdən epizodlar ağlıma gəlir. Adəmin almanı yeməsi nəticəsində göydən yerə enməyimiz yoxsa “ictimai müqavilə”yə görə yerdə “gözüm çıxdı”ya salınmağımız daha yaxşıdır tapmağa çalışıram.