Cənubi Koreya hərbçiləri Sarı dənizdəki adalarda təlimlər zamanı 400-ə yaxın mərmi atıblar ki, bu da Şimali Koreyanın demarkasiya xəttinin şimalındakı suları atəşə tutduğu saydan iki dəfə çoxdur.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Chosun Ilbo” qəzeti məlumat yayıb.
Hərbi mənbə bildirib ki, Cənubi Koreya tərəfi Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xəttinin cənubundakı sularda şərti hədəfləri vurub.
Qəzet onu da yazıb ki, Cənubi Koreya hərbçiləri təlimlərə başlamazdan əvvəl Yonphyondo adasında əhali təxliyə edilib. Sakinlərdən sığınacaqlara getmələri istənilib.
Koreya Respublikasının Dəniz Piyadaları Korpusunun bölmələri Şimali Koreyanın artilleriya atəşinə cavab olaraq Sarı dənizdə atəş təlimləri keçirəcək.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Təlimlərdə Yonphyendo və Pennyondo adalarında yerləşən bölmələrin iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, daha əvvəl Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi Şimali Koreya sahil artilleriyasının Sarı dənizdə yerləşən Yonphyendo və Pennyondo adalarına doğru 200-dən çox mərmi atdığını açıqlayıb. Komitə adalardakı mülki şəxslər və hərbçilər arasında itki olmadığını, mərmilərin rəsmi Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xəttinin şimalına düşdüyünü açıqlamışdı.