- Ədəbiyyat

Cəvahir TANRIVERDİ.Şərqin və Qərbin İblisi

 Jan Pol Sartrın “İblis və Allah” pyesinin adı bizə Hüseyn Cavidi xatırladır. Daha dəqiq desək, onun “İblis” pyesini. Pyesi oxuduqca məhz iki əsər arasında müəyyən oxşarlıqlar da diqqətimdən yayınmadı. Əvvəlcə onu qeyd etmək lazımdır ki, hər iki ədib adı çəkilən əsərlərini məhz fəlsəfi fikirlər əsasında qələmə almışlar. Hər ikisində İnsan fövqəltəbii gücün tam mərkəzində dayanır və hisslərinin əsirinə çevrilir.

Fransız ədəbiyyatının və fəlsəfəsinin görkəmli nümayəndəsi Jan Pol Sartr ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biridir. Onun Allaha və fövqəltəbii gücün varlığına dair fikirləri “Sözlər” povestində də əks olunmuşdur. Yazıçı bildirmişdir ki, onun üçün din və inam evindəki kitablardır. Bəs Allah? Bu barədə də fikirlər konkretliyi ilə həmin povestdə əks olunmuşdur. Lakin yazıçı Allahın və İblisin varlığı ilə bağlı dini fikirlərin fəlsəfi izahını “İblis və Allah” pyesində Qyesin dilindən vermişdir. Əsərin bədii ideyası İnsanın daim xoşbəxtliyə və ya bədbəxtliyə, xeyrə və ya şərə aid olduğunu ayırd etmək üçün çırpıntılarının içində öz kamilliyini axtarması, Tanrıya və ya tanrısızlığa gedən yolda İnsan olmağı bacarmasından ibarətdir. Yazıçı insanın ən çətin anlarda öz xislətinin qurbanı olduğunu əks etdirir.

Əsərdə hadislər Vörms şəhərində baş qaldıran qiyam ətrafında cərəyan edir. Yepiskop, keşişlər və digər din xadimləri insanları yalnız Allah xofu ilə idarə edirlər. Lakin əsas obraz olan Qyesin əsərin əvvəlində mənfi, daha sonra müsbət obraza çevrilməsi bütün düşüncələri alt-üst edir. Belə ki, Qyes başlanğıcda ən alçaq hisslərin köləsi olur. Özünün yoldan çıxardığı və fahişəyə çevirdiyi Katerinaya mənəvi-psixoloji zərbələr vurur, eyni zamanda fiziki zorakılığa sövq edir. Onu döyüşçülərin qabağına atmaqdan belə çəkinmir. Katerina bu hadisədən sonra ən ağır xəstəliyə tutulur. Amma yenə də Qyesə olan sevgisi bitmir. Ən alçaq hərəkətlərin sahibi olan Qyes zaman keçdikcə bütün torpaqların azadlığını insan sevgisinin qazanılmasında görür. O bu qərara gələrkən insanlığın yalnız ən ali keyfiyyətinin sevgi olduğunu düşünür. Onun əsər boyu dialoq və monoloqlarına əsasən gəldiyi nəticələr o qədər aydın və şəffaflıqla əks olunur ki, yazıçı hər bir insanın malik olduğu həm müsbət, həm mənfi keyfiyyətləri məhz bu danışıqlarda əks etdirir.

Sartrın fikrincə, Allah da, İblis də insanın nəfsində, hisslərində, düşüncələrində, hərəkətlərindədir. Bir sözlə, Allah da, İblis də insanın özüdür. Əgər bir insan mütəmadi olaraq pislik etməyə alışıbsa, deməli o bir İblisdir – nəfsinin qurbanıdır. Bunu onun “Bağlı qapı arxasında” adlı pyesində də görmək mümkündür. Cəhənnəmə düşmüş üç adamdan biri olan Qarsen öz arvadına verdiyi mənəvi-psixoloji zərbədən yalnız zövq aldığını bildirir. Digər iki obraz da fərqli pislikləri ilə xoşbəxt olduqlarını dilə gətirilər; “İnes: …mənə yaşamaq üçün başqalarının əzabı lazımdır”. J.P.Sartr müxtəlif əsərlərində insanda var olan həm müsbət, həm də mənfi xüsusiyyətlərin onda həm Allaha, həm də İblisə dair cəhətlərin olmasından irəli gəldiyini bildirir.  O,eyni zamanda “İblis və Allah” pyesində bildirir ki, bir insanı əsas yer üzündəki bəndələrin bağışlamasıdır. Bu, Allahın bağışlamasından daha üstündür. İnsan tam olaraq Xeyir və ya Şər ola bilməz. İnsan həm xeyir, həm də şərdir. Həm yaxşılıqdır, həm pislikdir, həm sevgidir, həm nifrətdir. Lakin əsas nüans budur ki, Şərin yer üzündə insanlar arasında yayılma sürəti xeyrin yayılma sürətindən daha iti və kəskindir. Bu insanın bütün bədən boyu yaylması ilə də üst-üstə düşür. İnsan Şərə daha asanlıqla çevrilə bilir, nəinki, xeyrə. İnsan pisliyi, nifrəti daha yaxşı bacarır, nəinki, yaxşılığı və sevməyi. İnsan asanlıqla İblisə çevrilə bilir. İnsan yeri, göyü görmür, yalnız öz xislətinin qurbanına çevrilir. Bu bir göz qırpımında baş verir. Bəs sevgi? Əsərdə Qyesin dediyi fikirlərə əsasən, sevgi yalnız insanın özünün qərarı ilə yarana bilər. O, daxilindəki nifrətə qələbə çalmaqla xeyir ola bilir, necə ki, Qyes də özünün gəldiyi qərardan sonra içindəki mənfi hisslərini müsbətə çevirə bildi. İnsanları sevməyi seçdi. Bəs Katerinaya qarşı olan şeytanlığı? Bu isə vicdan əzabına çevrildi. Katerinanın ölümü ilə daha bir günah qazandığını böyük kədərlə dilə gətirdi.

O, (Qyes) özündə sevgini, müsbət insani duyğuları yaratmaqla Allahı öz içində, özündə tapdı. Əgər Allah varsa, o necə qəbul edir bu qədər yoxsul insanın səfalət içində varlığını? Döyüşlərdə yalnız kasıbların qurban olduğu bu yer üzündə Allah hansı ləzzəti alır? Əgər Allah varsa və qüdrətlidirsə, niyə insanların İblisin oyuncağına çevrilməsinə şərait yaradır? Bu və bu kimi sualları Qyes yalnız xeyir olduqdan sonra səsləndirir. O, insanın mənəvi dünyasına yönəlir. Döyüşü müharibə ilə deyil, sevgi ilə qazanmağı qərara alır. Nifrət kimi sevginin də sürətlə yayılıdığına ümid edir. Amma yanıldığını, insanların yalnız qorxu ilə idarə edildiyini anlayır.

Azərbaycanın görkəmli şairi, yazıçısı və dramaturqu  Hüseyn Cavid “ İblis” əsərini bir filosof kimi qələmə almışdır. Yaşadıqları illərə diqqət yetirsək, Cavid Sartrdan 23 il əvvəl dünyaya gəlmiş və 39 il əvvəl dünyadan köçmüşdür. Aid olduqları yerlərin inkişaf səviyyələri belə fərqli olmuşdur. Fərqli illərdə, fərqli xalqların iki ayrı görkəmli nümayəndələri tərəfindən  eyni mövzunu müəyyən ideyalar əsasında qələmə almaları bir oxucu kimi məni heyrətləndirdi. Hüseyn Cavid də “ İblis” pyesində insanlığın ən ali keyfiyyətlərinə malik olmağın yalnız nəfsə, nifrətə yenilməməkdə görür. Əsərin baş obrazı Arif də öz nəfsinin qurbanına çevrilir. Burada da əsər boyu İblis obrazı diqqətdə saxlanılır, Sartrın əsərində də. Lakin burada əsas fərq ondan ibarətdir ki, H.Cavid İblisin dili ilə fikirlər səsləndirir ki, əslində bu, obrazların nəfsinin, mənfi hisslərinin səsidir. Sartrda isə İblisin dediyi sözləri müxtəlif obrazlar diqqətə çatdırırlar.

Sartr da, Cavid də əsərdə sentimentalizmə üstünlük verir. Çünki hər iki yazar insanın yalnız hisslərinin ağuşunda özünün necə biri olduğunu daha aydın nümayiş etdirir. H.Cavidin “İblis” əsərində insan Allah axtarışında deyil, lakin Sartrda isə bu fərqli şəkildə özünü göstərir. Sartr burada bir növ öz ateist fikirlərini də ortaya qoyur. Bu, iki ədib arasında fərq yaradır.

J.P.Sartrın adı çəkilən pyesində C. Məmmədquluzadənin “Ölülər” tragikomediyası ilə səsləşən fikirlər də diqqətdən yayınmır. Hər iki ədib əsərində cahilliyi tənqid edir. Dinin qorxu və xof üzərindən insanlara təbliğ edilməsi hər iki əsərdə özünü göstərir. İnsanların yalnız cəhənnəm və cənnət qorxusu ilə yaşaması, bu dünyadakı insanların istəyi və arzusu ilə axirət dünyasının idarəsini ələ almaqları hər iki əsərdə əks olunmuşdur. J.P.Sartrın “İblis və Allah” əsərində Testelin dili ilə verilmiş bu sözlərə diqqət yetirək: “Hə, Peter, kisəni çıxar! Qardaşlar, Allah ona qibtə ediləsi alver – iki qəpiyə cənnət təklif eləyir. Əbədi zövqü-səfa üçün iki qəpiyindən keçməyən elə bir xəsis, elə bir simic adam tapılarmı? (Peterdən pulu alır.) …Əgər bu bükülünü keşişə göstərsəniz, o sizin istəyinizlə ən ağır günahlarınızdan birini bağışlamalı olacaq. Düz deyilmi, keşiş?” “Doğurdanmı, bədbəxt əmin axıracan Ərafda sərgərdan qalacaq? Tərpən! Tərpən! Pul ver. Cəmi dörd qəpik. (Pulları alıb öz kisəsi üzərinə qaldırır.) Bax, uşaqlar, pul düşür, ruh birbaşa cənnətə uçur!”

Əsərdə yazıçı bu fikirlərlə yalnız cahilliyi deyil, qorxu ilə böyük bir kütlənin necə idarə olunmasını da diqqətə çatdırır. Hətta Qyesin dili ilə bildirir ki, hətta sevgi belə qorxudan keçir.

Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində mollalar da cənnətin qazanılması üçün alçaq yollara əl atırlar. Onlar nəinki cahil insanların malını ələ keçirmək, hətta qönçə kimi qızlarını belə bir gecəlik siğə etməyə də çəkinmirlər. Bunun əvəzində isə onlara cənnəti təklif edirlər.

İki əsər arasında bu bənzərlik onu göstərir ki, dinindən, dilindən və irqindən asılı olmayaq insanların cahilliyi hər zaman onların daha rahat idarə olunmasına gətirb çıxarır. Qadınlar öz hüquqlarını bilmir, kişilər isə cənnətdəki hurilərin düşüncələri ilə bu dünyada mollanın dediyi ən alçaq işlərə də əl atırlar.

Jan Pol Sartr həm filosof, həm də yazıçı kimi bir çox əsərlərin müəllifidir. Hüseyn Cavid və Cəlil Məmmədquluzadə isə bədii əsərlərində dərin fələsəfi fikirləri ilə bir filosof qədər oxucuların ürəklərində yer tapmışdır.