- Köşə

Çal, Ozan, yurdu dağılmış qız mənəm

Gülyaz ƏLİYEVA

Ağladım, Ozan, sızladım, Ozan. Düz 30 il gözlədim, Ozan. Hər bahar, hər gələn bahar “qayıdarıq” dedim, hər bayram “gələn bayram qayıdarıq”, dedim. Qəlbdən arzulayaraq, yana-yana, inanaraq dedim. İldən-ilə yanğım daha da artsa da, inamım azalmağa başladı.Yavaş-yavaş millətin bu yoxluğa öyrəşdiyini gördüm, bu vətənsizliyin adiləşdiyini gördüm. Artıq bayramlarda anmalar azaldı, yanmalar azaldı, sevgilər azaldı, insanlar azaldı, nəsillər dəyişməyə başladı. Gələrkən özümlə gətirdiyim yovşan dözmədi Qarağsızlığa, çürüdü, çürüdü, toz olub getdi. Zarafat deyil – 30 il! Artıq Şuşanı “Şuşa” restoranı, Qarabağı “Qarabağ” çay evləri əvəz etməyə başladı sanki. Artıq burnumuza yazın gəlişi ilə bənövşə qoxusu, kəklikotu, qantəpər, əvəlik, quşəppəyi, yemlik, itburnu qoxusu, qulağımıza qayalardan qıjıltı ilə axan çayların səsi gəlmədi. Qulağımız bu səsləri, burnumuz bu rayihələri yadırğadı. Maşın qıjıltısına, benzin, neft qoxusuna öyrəşdi.

Torpaq qoxusunu yadırğadıq, asfalta öyrəşdik. Yıxılanda asfalta dəydik, torpaq saxlamadı bizi. Biz torpağa dönük çıxdıq. 16 il keçdi. Torpaq qayıtmadı, “3 gün keçməz sevindirrəm sizi”, demədi. Gözlədim, 30 il keçdi, yenə demədi. Öyrəşdi gözümüz internetdən erməninin Şuşada necə kef çəkdiyini görməyə, öyrəşdi Cıdır düzündə yallı getməyini seyr etməyə, hissiz-duyğusuz, adi qara daş kimi. Öyrəşdik köksümüzdə ürək əvəzinə qaraca daş hərləməyə, göz əvəzinə donuq şüşə gəzdirməyə…

Aman, Ozan yaz gəlir, deyib yaramı təzələmə… Toppaq 30 ildir yağı dustağında əziyyət çəkir, 30 ildir, qara donlu kafurlər buzə zülm edirlər, 40 invəbelli qızla Burlaxatun, 40 igidlə Uruz, Qazanın ağbirçək anası əsirlikdədir. 30 ildir, yazı yurdumuzda qarşılamırıq, oddan atlanmırıq, sudan adlamırıq… Yalançı oğlu Yalıncıqlar başa keçib….

Çal, Ozan, çal. Çal, yurdu dağılmış qız mənəm. Çal, oynayım…