Xaqani ŞİRVANİ
Canım nə qədər var, mənə canan, sən olarsan,
Candan da əziz olsa bir insan, sən olarsan.
Sən indiyədək qəlbim üçün qəlb idin, ey yar,
Bundan sora da canım üçün can sən olarsan.
Hər yaram əgər olsa, onun məlhəmi sənsən,
Hər dərdim olarsa, ona dərman sən olarsan.
Könlün necə istərsə, elə ver mənə fərman,
Ömrüm nə qədər var, mənə soltan sən olarsan.
Eylərsən əgər şərhini iman ilə küfrün,—
Baş hərflə sərlövhəyi-divan sən olarsan.
Xaqani nədir? Gəlsən əgər ey gözü şəhla!
Əlbəttə ki, Xaqaniyə xaqan sən olarsan.