“Əfqanıstandkı vəziyyətlə bağlı BMT Kabildə fərqli ölkələrdən ibarət hərbi qüvvə yarada bilər, amma bu, asandırmı?”
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyədə səfərdə olan Almaniyanın xarici işlər naziri Hayko Maasla Antalyada keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavblandırarkən bildirib.
M.Çavuşoğlu deyib ki, Kabil Beynəlxalq Hava Limanında təhlükəsizliyin təmini üçün Fransa tərəfindən irəli sürülən təklif ilk baxışdan xoş təəssürat yaradır: “Amma BMT-nin Kabil Beynəlxalq Hava Limanı ətrafında sülhməramlı qüvvələrin olması məsələsi mümkündürmü? Buna baxmalıyıq. Beynəlxalq təşkilatlar arasında NATO-dan güclü qüvvə yoxdur. NATO-nun isə missiyası Əfqanıstanda başa çatdı. Bu ölkələr ora dəstək verəcəkmi? Əfqanıstan buna icazə verəcəkmi? Əfqanıstandakı tərəflərlə bunun danışılması lazımdır”.
Hazırda “Taliban”ın Kabil Beynəlxalq Hava Limanının xaricində və daxilində təhlükəsizliyi öz üzərinə götürməsi məsələsinə toxunan M.Çavuşoğlu bildirib ki, xüsusilə mülki vətəndaşların uçuşunun təhlükəsizliyi ən vacib məsələlərdən olduğu üçün, buna əminlik yaradılmalıdır: “İŞİD Xorasan” terror təşkilatı, eləcə də digər terror təşkilatlarının orada təhlükə yaratmaq məsələsi var. G5 ölkələrinin bu məsələdə mövqeyi nədir. Məsələn, Rusiya və Çin nə düşünür? Bütün bunlar bilinməlidir. Amma bizim üçün ən əsas məsələ əfqan xalqının fikridir”. (apa)