- Cəmiyyət

Çerniqovda Rusiya qoşunları ciddi itki verib, sakinlər şəhərin müdafiəsində iştirak edir

Ukraynanın Çerniqov şəhərində ötən gün axşam saatlarından bu gün səhərə qədər 2-3 istiqamətdən Rusiya Silahlı Qüvvələri tərəfindən artileriya və aviabomba zərbələri endirilib.

Çerniqovun müdafiəsinə cəlb olunmuş şəxsin “Report”un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, şəhərin müdafiəsi Ukrayna Silahlı Qüvvələri və könüllülər tərəfindən aparılır, onlar təslim olmayıblar və işğalçı qüvvələri geri otuzdurublar.

Son sutkada aviabomba nəticəsində təkcə Çerniqovda 40 ukraynalı mülki şəxs həlak olub, 100-ə yaxın adam yaralanıb. Operativ məlumatlara əsasən, Rusiya tərəfində 100-ə yaxın texnika sıradan çıxarılıb, 200-dək itki verilib.

Çerniqovun işıq sistemi bombalanma nəticəsində sıradan çıxıb, şəhərin 2/3 hissəsinin istiliyi kəsilib.

Hazırda yerli sakinlər Ukrayna Silahlı Qüvvələri ilə birlikdə müdafiə barrikadaları qurur, azyaşlılar könüllülərə yardım göstərir.