- Mədəniyyət

Çexiyada Azərbaycan mədəniyyətinə həsr olunmuş musiqili təqdimat keçirilib

Çexiyanın Brno şəhərində Azərbaycan mədəniyyətinə həsr olunmuş musiqili təqdimat keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Çex-Azərbaycan Birliyinin Brno üzrə nümayəndəsi Emin Rəsulzadənin təşəbbüsü ilə baş tutan tədbirdə soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə əcnəbilərə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələri barədə ətraflı məlumat verilib, “Şərbət” musiqi qrupunun ifasında Azərbaycan xalq mahnıları və bəstəkarlarımızın populyar nəğmələri səsləndirilib.

Milli mətbəximizin ləziz təamlarının təqdim olunduğu tədbirdə əyləncəli oyunlar da keçirilib. Qaliblərə Azərbaycan yazıçılarının almanaxı, Azərbaycan çayı və şərabı hədiyyə edilib.