Ötən gün Londonda Britaniya xüsusi təyinatlısı Ceyms Bond haqqında çəkilən silsilə filmlərin 25 seriyasının dünya premyerası keçirilib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Ölmək vaxtı deyil” adlı filmin nümayişi Albert-hollda təşkil olunub.
Nümayişdən əvvəl filmin rejissoru Keri Fukunaqa, prodüserlər Maykl Uilson, Barbara Brokkoli, baş rolun ifaçısı Deniel Kreyq və Bondun sevgilisi rolunu oynayan fransalı aktrisa Lea Seydu qırmızı xalı üzərindən keçiblər. Tədbirin fəxri qonaqları arasında İngiltərə kral ailəsinin üzvləri – Uels şahzadəsi Çarlz və onun həyat yoldaşı Kamilla, həmçinin Kembric hersoqları Uilyam və Keyt olublar.
Qeyd edək ki, ingiltərəli aktyor Deniel Kreyq son 15 ildə ekranda canlandırdığı personaja uyğun gəlməsi üçün ötən həftə “Britaniya Dəniz Qüvvələrinin Komandanı” fəxri adına layiq görülüb.