Çinin nüfuzlu ingilisdilli “China Daily” qəzeti Azərbaycan xalq ədəbiyyatının dəyərli nümunəsi olan “Kitabi-Dədə Qorqud” haqqında geniş məqalə yayıb.
AZƏRTAC-ın təqdim etdiyi “Kitabi-Dədə Qorqud” dastanı – türk dünyasının ortaq irsi UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanınıb” adlı məqalədə təxminən 2 əsr əvvəl dünyanın elm ictimaiyyətinin təkcə Azərbaycanın deyil, bütün türk xalqlarının tarixi keçmişini əks etdirən bu möhtəşəm əsəri tanıdığı qeyd olunub. Bildirilib ki, 1815-ci ildə alman alimi Henrix Fridrix fon Dits “Kitabi-Dədə Qorqud” dastanının “Basatın təpəgözü öldürdüyü boy”u alman dilinə tərcümə edərək nəşrinə nail olur. O vaxtdan dünyanın bir çox alimləri əsərə böyük maraq göstərirlər. Dastanın 16-cı əsrdə yazılmış əlyazmaları Drezden və Vatikan kitabxanalarında saxlanılır.
Məqalədə min ildən çox yaşı olan dastanın Azərbaycan xalqının qəhrəmanlığını, müdrikliyini, tarixi keçmişini, Oğuz-türk adət-ənənələrini, mənəvi dəyərlərini əks etdirdiyi vurğulanıb. Gözəl ədəbi dildə yazılmış dastan dilçilik baxımından öz ideya, tematik və bədii zənginliyinə görə türk dünyasının ədəbi əsərləri çərçivəsindən çox-çox kənara çıxaraq, bəşəriyyətin mədəniyyət abidəsinə çevrilib.
Məqalədə “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycanın tarixinin və milli kimliyinin çox etibarlı və layiqli mənbəyi olduğu, ölkəmizdə dastanla bağlı elmi araşdırmalar aparıldığı, yazıçı Anarın ssenarisi əsasında bədii film çəkildiyi bildirilib. Bakıda isə türk dövlətlərinin rəhbərlərinin iştirakı ilə “Kitabi-Dədə Qorqud” dastanın 1300 illiyi qeyd olunub. Bundan başqa, Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda “Dədə Qorqud” abidəsi ucaldılıb.
UNESCO-nun mənzil-qərargahında 2015-ci ildə “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illiyinə həsr olunan tədbir keçirilib. Ötən müddətdə əsər bir çox xarici dillərə, o cümlədən 2017-ci ildə Çin dilinə tərcümə olunub. UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2018-ci ildə Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində 13-cü sessiyasında qəbul edilmiş qərarla Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur.
AZƏRTAC-ın “China Daily” qəzeti ilə informasiya mübadiləsi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla sıx əməkdaşlıq əlaqələri mövcuddur. Agentliyin materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar, xalqımızın mədəni irsi haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.