2022-ci il yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə, Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilib.
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, müayinələrin nəticələrinə görə Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Nardaran çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb. Aparılmış monitorinqlər zamanı Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya-mühafizə zonalarında dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi müəyyən edilib. Nəticədə qeyd olunan çimərliklərin suyunda mikrobioloji çirklənmə göstəriciləri normadan çox olub.