Çin 2034-cü ilə qədər nominal ÜDM həcminə görə ABŞ-ı keçə bilər.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Focus Economics”in 2050-ci ilə qədər proqnozunda əks olunub.
ÜDM dinamikasının hazırkı trayektoriyası Çinin artımının ABŞ ilə müqayisə oluna biləcək qədər yavaşlamasını göstərir, lakin ekspertlər bu proqnoz üçün əhəmiyyətli risklər barədə xəbərdarlıq edirlər.
Hindistan və İndoneziyada isə əksinə, daha yüksək artım templəri qorunacaq ki, bu da ekspertlərin təklif etdiyi kimi, bu ölkələrin ÜDM-in dünya üzrə üçüncü və dördüncü yerlərini tutmasına imkan verəcək.
2022-ci ilin sonunda Amerika iqtisadiyyatı Çin iqtisadiyyatından 42 % böyük olub (ÜDM-in nominal həcmi və bazar məzənnəsi nəzərə alınmaqla), 2034-cü ilə qədər Çinin ÜDM-i 41 trilyon dollara çata bilər, ABŞ ÜDM isə 40 trilyon dollar olacaq.
2050-ci ilə qədər bu ara 20 %-ə qədər artacaq (Çinin ÜDM-i 84 trilyon dollar ola bilər). Çin həm məhsuldarlığı, həm də urbanizasiyanı artıra bilər, lakin artım qocalmış əhali, eləcə də texnoloji inkişafa qoyulan məhdudiyyətlər səbəbindən əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq.