- Köşə

Çin qızı söylədi…

Bu da maraqlı bir əfsanədir. Çinlilər Pekin zəngindən, özünü qurban verən qızın fədakarlığından nə qədər qürur duysalar da, arxa planda atasının məqsədə çatması üçün gənc bir qızın qurban verilməsi şərtini qoyan “tanrı”ya qarşı etiraz göz qabağındadır. Döyüşdə qələbə çalmaq, təbii fəlakətlərdən, yoluxucu xəstəliklərdən və s qorunmaq üçün qoyulan insan qurbanlığı şərtinin Allaha aidiyyətinin olmaması, bunun yanlış inanc olması İbarhim peyğəmbər vasitəsilə bəşəriyyətə çatdırılır. Kimsənin əti ürpərməsin: Allah İbrahim peyğəmbərə oğlunu qurban verməsi barədə vəhy göndərməyib. Peyğəmbər yuxuda gördüyünü əmr kimi qəbul edib. Vəhy İbrahim oğlunu kəsmək istəyəndə gəlib: insandan qurbanlıq olmaz! Amma Allahı daşqəlbli (haşa), özünü isə qoyunlara rəhmi gələcək qədər mərhəmətli hesab etməyin kimlərəsə əlahiddə bir zövq verdiyi göz qabağındadır. Özünüzdən obraz düzəldib, qəlbinizə heyran olmayın. Qəlblərin zatını Allah bilir (ayə).

Beləliklə… Pekin Çinin paytaxtı elan ediləndə imperator Yunq Lo iki qala bürcü tikməyi əmr etdi. Birində müşahidə məntəqəsi və nəhəng təbil olmalı, digərində isə nəhəng bir zəng yerləşdirilməli, düşmən yaxınlaşanda onunla əhaliyə xəbərdarlıq edilməli idi. Bundan başqa, yeni zəng Çinin yeni paytaxtının rəmzinə çevrilməli idi.

Yunq Lo ən məşhur zəng ustası Kuan Yunu yanına çağırt-dırıb bir kisə qızıl verdi və dedi: “Get, işə başla”.

Vaxt tamam olanda imperator əyanların və məsiqiçilərin müşayiəti ilə Kuan Yunun emalatxanasına doğru hərəkət etdi. Onu qızıl taxtda gətirmişdilər. Siqnal veriləndən sonra nəhəng qazandakı ərinmiş metalı qəlibə tökdülər. Bir qədər gözlədilər ki, metal soyusun. Nəhayət, çatırtı səsi eşidildi. Qəlibi sökəndə məlum oldu ki, zəng yumurta qabığı kimi parçalanıb. Kuan Yunun rəngi avazıdı. Üç aylıq zəhmət zay olmuşdu. Amma Yunq Lu mərhəmətli insan idi. O, ustaya yenə bir kisə qızıl verib yenidən işə başlamağı tapşırdı. Kuan Yu üç ay gecə-gündüz işlədi. O, hər bir mərhələdə işin gedişinə diqqətlə nəzarət edirdi. Yenidən vaxt gəldi və imperatoru çağırdılar.

Gümüş ərintisini yenidən qəlibə tökdülər. Hamı həyəcanla onun soyumasını gözləyirdi. Nəhayət, Kuan Yu əlləri əsə-əsə qəlibi sökdü. Heyhat! Bu dəfə zəng üç yerə ayrılmışdı. Ustanın ürəyi getdi. Yenidən işi nəticəsiz qalmışdı.

Yunq Lu alicənab adam idi. Bir çox imperator belə halda bunu təhqir kimi qəbul edər və ustanı işgəncə ilə edam etdirərdi. Amma Yunq Lu belə etmədi. O, üçüncü dəfə Kuan Luya bir kisə qızıl verib qulağına dedi:

— Bir dəfə uğursuzluq təbiidir. İkinci dəfə bağışlanandır. Amma üçüncü dəfə mən də bağışlamıram. Bir də səhv etsən, bu, həyatın hesabına başa gələcək.

Usta üçüncü dəfə işə çox inamsız başladı. O düşünürdü ki, bu zəng lənətlənib və nə qədər çalışsa da, alınmaycaq. Bir dəfə yenə başını əllərinin arasına alıb düşünəndə qızı onu gördü. Kuan Yunun arvadı ölmüşdü və 16 yaşlı qızı Ko-Ay ilə yaşayırdı. Qız atasından niyə fikirli olduğunu soruşdu.

— İki dəfə imperatorun etimadını doğrultmadım. Üçüncü dəfə də belə olsa, edam ediləcəm. Buna görə qorxuram, – deyə Kuan Yu donquldandı.

— Kaş sənə kömək edə biləydim… — deyə Ko-Ay dilləndi.

Səhəri gün Ko-Ay Pekinin məşhur falçısı Kuo Ponun yanına getdi. O, qapını döymək istəyəndə qapı özü açıldı. Həsirin üstündə bardaş qurub oturmuş cadugər dedi: — Xoş gəlmisən, Ko-Ay.

— Adımı bilirsiniz! — deyə qız heyrətlə dilləndi.

Cadugər başını yelləyib:

— Bizim də işimiz budur, hətta nəyə görə gəldiyini də bilirəm. Zəng yenə alınmayacaq.

Ko-Ay ağlamağa başladı.

— Nə qədər ki, ərinmiş metala gənc qız qanı qarışmayıb, belə davam edəcək. Indi isə get, – deyə cadugər dilləndi. 

Nəhayət, üçüncü dəfə ərintini qəlibə tökmək vaxtı gəldi. Yenə imperator əyanlar və musiqiçilərlə gəlmişdi. Amma bu dəfə özü ilə əli baltalı cəllad da gətirmişdi.

Ərinti dolu böyük qazanı çevirmək vaxtı gələndə taxta meydançada Ko-Ay göründü. O:

— Ata! — deyə qışqırdı, — Bunu sənin üçün edirəm!

Bunu deyib o, özünü ərimiş metalın içinə atdı. İşçilərdən biri onu tutmaq istəsə də, yalnız qızın ayaqqabısı onun əlində qaldı.

Kuan Yu qışqırıb özündən getdi.

Qızın bədəni əriyib metala qarışdı. Bu dəfə ərinti qırmızı çalarlı idi.

Zəng soyuyandan sonra məlum oldu ki, bu, Kuan Yunun böyük qələbəsidir. Cadugərin dediyi düz çıxdı. Zəng ilk dəfə çalınan gün küçələr adamla dolu idi.

Nəhayət, ona zərbə vurdular. Zəngin qulaqbatırıcı səsi vardı. Ardınca ürəkparçalayan qışqırıq eşidilirdi. Bu, Ko-Ayın özünü ərintinin içinə atanda çıxardığı səsə oxşayırdı. Sonra zəngdən pıçıltı ilə “sie” sözünün əks-sədası gəlirdi. “Sie” çincə “ayaqqabı” deməkdir.

Ko-Aydan yalnız bir ayaqqabı qalmışdı. İndi də Pekində zəngdən həmin səs gəlir. Bunun nə olduğunu soruşsalar, deyin: bu, dəhşətli ölümün səsidir.