- Mədəniyyət

Çinli fırça ustasının əsəri hərracda 27,5 milyon dollara satılıb

Çinli rəssam Çjan Datsyanın əsəri Honkonqda keçirilən hərracda 27,5 milyon dollara satılıb.

TASS agentliyi xəbər verir ki, bu barədə “Sotheby’s” hərrac evi məlumat verib.

Söhbət rəssamın 1968-ci ildə abstraksionizm ruhunda və mavi-qəhvəyi tonlarda işlədiyi “Səhər dumanı” əsərindən gedir. Alıcının adı açıqlanmır.

Sıçuan əyalətinin cənub-qərbində dünyaya göz açan Çjan Datsyan son zamanlar Asiyada ən bahalı fırça ustası kimi tanınır. 2016-cı ildə onun “Yazda çiçək açan şaftalı ağacı” adlı rəsmi Honkonqda rekord qiymətə – 35 milyon dollara satılıb.

Müəllif ənənəvi Çin rəssamlıq sənətinin, əsasən də “se i” (ideyanın ötürülməsi) texnikasının ustası sayılır. O, həmçinin özünün “səpələnmiş tuş” texnikası sayəsində məşhurluq qazanıb. Rəssam Avropada olub və Pablo Pikassonu şəxsən tanıyırdı.

Çjan Datsyan 84 yaşında Tayvanda dünyasını dəyişib. (azertag)