“Məncə, indi bütün Avropa ölkələrinin etməli olduğu şey “Şimal axını-2” qaz kəmərindən imtina etməsidir. Biz alternativ enerji mənbələri tapmalıyıq və Rusiyaya çox ağır iqtisadi sanksiyalar tətbiq etməyə hazır olmalıyıq”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson Şotlandiyaya səfəri zamanı deyib.
Boris Conson bildirib ki, Rusiyanın Ukraynanı işğal etməyi planlaşdırdığına dair dəlillər olduqca aydındır.
Baş nazir qeyd edib ki, vəziyyət çox çətindir, lakin Rusiya Prezidenti Putinin geri çəkilməsinə hələ vaxt var.
O, Rusiyanı dialoqa və fəlakətli işğaldan geri çəkilməyə çağırıb.
Conson vurğulayıb ki, Rusiyaya qarşı Qərbin, xüsusən də NATO-nun birlik nümayiş etdirməsi çox vacibdir.