- Ədəbiyyat

Dədə Ələsgər yaradıcılığı: aşıqlıq sənətinin mükəmməl səhifəsi

Nizami TAĞISOY, professor

Aşıqlıq sənətində virtuoz ustad kimi iz buraxmış Ələsgər sazda ifası, qeyri-adi səs tembri, zəngin yaradıcılıq repertuarı ilə, məclislərdə dinləyici, tamaşaçı diqqətini məşğul etmək baxımından bu sahədə dəyərli iz qoyub gedib. İnsan və təbiət aşiqi olan Aşıq Ələsgər öz mənəvi paklığı, insan hisslərinin və düşüncəsinin tərənnümçüsü kimi son dərəcə qeyri-adi istedadı ilə özünə təkrarolunmaz sənət mərtəbəsi yaradıb. Aşıq şeiri janrlarının əksəriyyətində özünəxas aşıq havacatlarını “divani”, “müxəmməs”, “ustadnamə”, “qoşma”, “qoşayarpaq qoşma”, “gəraylı”, “təcnis”, “ciğalı təcnis”, “dodaqdəyməz”, “dildönməz” və sair yaratmaqla  “Kərəmi”, “Yanıq Kərəmi”, “Kərəm gözəlləməsi”, “Koroğlu”, “Koroğlu cəngisi”, “Piyada Koroğlu”, “Atlı Koroğlu”, “Misri”, “Cəlili”, “Sarıtel”, “Baş Sarıtel”, “Dilqəmi”, “Gözəlləmə”, “Əfşarı” və digərlərilə yanaşı, həm də məhəbbət və qəhrəmanlıq dastanlarını böyük məharətlə ifa edib. Kamil və zəngin biliyə malik olan Aşıq Ələsgər özündən əvvəl yazıb-yaratmış aşıqların ənənəsindən ustalıqla bəhrələnərək özündən sonra gələn aşıqların sənətkar kimi formalaşmasında, sənət rütbəsinə çatmasında böyük mövqe qazanıb.

Aşığın həyatında Səhnəbanı adlı qızın yetərincə silinməz nostalji hisslər yaratdığını görmək mümkündür. Səhnəbanının geyimi, kecimi, bəzənməsi, ala gözlərini süzməsi, Ələsgərin ona aşiq olmasını özü kifayət qədər görümlü bədii-poetik vasitələrlə vəsf etməsi, onun dərdindən dəli-divanə olması göz qarşısında Səhnəbanının uğurlu obrazını yaradır. Bunu “Yavaş get” şeirində daha yaxşı izləmək olur:

Bəzənib, qurşanıb seyrə çıxan yar,
Ala gözlü Səhnəbanım, yavaş get!
Bir qıya baxanda, evlər yıxan yar,
Cəllad olub tökmə qanım, yavaş get!

Mən sana aşiqəm, sən mana xata,
Dəhanın bənzəyir qəndə, nabata.
Ləbin tənə vurur abi-həyata,
Qoynu cənnət – irizvanım, yavaş get! 

Ələsgər sanki Səhnəbanının yolunda bütün əzablara dözməyə hazır idi. Ona görə də o, öz sinəsini Səhnəbanının müjganına nişan eləməyə çalışırdı. Çünki huri-qılmana bənzəyən bu gözəl onun üçün sanki Kəbə, qiblə, din – iman yeri idi. Təəssüf ki, aşığın sevgilisi uğrunda özünü fəda etməsi onun vüsala qovuşması ilə nəticələnməmişdi.

Ələsgər içində paklıq, təmizlik, ülvülük hissini şərəf və ləyaqətlə gəzdirən şəxsiyyətlərdən və sənətkarlardan olmuşdur. O, daim haqqa, doğruya, mənəviyyata, əxlaqa mahiyyət etibarı ilə bağlı idi. Aşığın “Mənim” şeirində bunun bariz tərəflərini görə bilirik:

Günahkardı nə ki yoldan azan var,
İki mələk – xeyir-şəri yazan var,
Ərəsət var, Qıl körpü var, qazan var,
Orda qəbul olsun niyazım mənim.

Aşıq Ələsgər bütün varlığı ilə şəri-böhtan deyənlərə, şeytana qul olanlara qarşı çıxırdı, o, insafsız, mürvətsiz adamları görmək istəmirdi. Buna görə də təmiz adı, namusu gözləməni, əlinə düşən bir loxmanı başqalarıyla bölməni, çörəyə dəyər verməni hər şeydən daha çox ön planda qoyurdu:

Yaxşı hörmət ilə, təmiz ad ilə
Mən dolandım bu Qafqazın elini.
Pirə ata dedim, cavana qardaş,
Ana-bacı bildim qızı, gəlini.

…Bədəsildən hərgiz olmaz heç əsil,
Lənət sənə gəlsin, pis soy, pis nəsil!
Firib-fəsad ondan qalxar müttəsil,
Ölüncə tərgitmə öz əməlini.

Ələsgər bütün yaradıcılığı boyu söz oyunundan, üslubi fiqurlardan elə böyük ustalıqla yararlanıb ki, onların köməyi ilə tamaşaçının və oxucunun təsəvvüründə qeyri-adi assosiativ mənzərə canlandırıb. Aşığın “Sini-sin” qoşmasına nəzər yetirək:

Dost bağında bülbül qonmuş a dala,
Nazlı dilbər zülfün töyük a dala.
Mərd istər ki, çörək verə, ad ala,
Namərd gözlər mərd iyidin sinisin.

Ələsgərəm, mən də içdim badə hey,
Əbcəd hesabıyla seçdim “ba” də “hey”.
Xəstə cismim tab eyləmir bada hey,
Heç demirsən: “Gir qoynuma, sin, isin”. 

Klassik poeziya və aşıq yaradıcılığında olduğu kimi Aşıq Ələsgər də söz oyunundan, leksik ifadələrdən, üslubi fiqurlardan uğurla yararlanıb. Belə olduqda dil oyunu mətnin məzmununun yeni ifadə vasitələri ilə doldurulmasına sərait yaradıb. Aşığın yaradıcılığında bu hətta bəzi hallarda eksperiment, yaxud təcrübə kimi səslənsə də, onun səmərəsinin inkarı mümkün deyildir. Ələsgər belə bədii priyomun köməyi ilə bir sözün, yaxud ifadənin səslənişinin və yazılışının (yəni omofonların, omoqrafların və s.) olduqca qeyri-adi təsvirlə canlandırılmasına nail olur.

Aşıq Ələsgərin istifadə etdiyi üslubi fiqurlar dilin ifadə imkanlarını gücləndirmək məqsədilə işlədilən intonasiyaya bağlı leksik şəkillərdir. Ələsgərin dili canlı dil olduğundan ədəbi-bədii dildən fərqlidir. Onun lirikası bütün mahiyyəti və məzmunu ilə xalq danışıq dilinə istiqamətlidir. Məhz bu da aşığın dilinin sadəliyini sünilikdən kənarlaşdırır, dinləyici və oxucuya etdiyi emosional təsiri ilə seçilir. Ələsgərin şeirlərində mikrokontekst onu çevrələyən bütün mətnlə bağlanır və bu zaman belə üslubi fiqurlar ritmyaratma funksiyası yerinə yetirməklə, həm də poetik mətnin ümumi ekspressiyasının artmasına kömək edir, onun xüsusi olaraq ahəng və melodikasının təşkilində əsaslı rol oynayır. Ələsgər tərəfindən böyük məharətlə seçilmiş üslubi fiqurlar aşığın yaradıcılığının dinləyici və oxucunun hiss və emosiyalarına maksimal dərəcədə təsir edir. Qeyd etdiklərimizi Ələsgərin iki dodaqdəyməz təcnisi – “Ay eylər qij-qij” və “Sə qalı tez-tez” şeirlərinə nəzərən illüstrasiya edək:

Aşıq çaşsa, dildə “qara” “qar” qalar,
Dağlar sinəsində qara qar qalar.
Gəstə çıxsa ərşə qara qarğalar,
Çalar qanadların, ay eylər qıj-qıj. 

Yaxud:

Aşıq gərək sirrin desin ha lala,
Yanağından həya eylər ha lala.
Səxa əhli satdığını halala
Siratdan keçəndə sağ alı tez, tez. 

Gördüyümüz kimi, hər iki təqdirdə Aşıq Ələsgər öz şeirlərinin səmərəliliyini və oynaqlığını təmin etmək üçün parlaq obrazlı epitetlərdən, metaforik ifadələrdən və müqayisələrdən istifadə edərək onlarda dərin məna əldə edilməsi üçün xalq poetik təfəkkür tərzindən, deyimlərdən və duyumlardan istifadə etməklə oxucu qavrayışını  stimullaşdırmaqla nitqdəki poetik düzümün intonasiya və tempinə də yetərincə təsir edir.

Aşıq Ələsgər mətnin istənilən hissəsində söz və ifadələri bilərəkdən əvəzləməsi və təkrarlaması həm də leksik təkrar kimi nəzərdən keçirilməlidir. Belə priyomun köməyi ilə oxucunun diqqəti müəllifin müəyyən fikri üzərində cəmləşdikcə poetik parçanın emosional gərginliyi güclənir.
Nəzərə almaq lazımdır ki, poetik obraz onu dinləyib, başa düşən tərəfindən hər dəfə qəbul edilib canlandırıldıqda o, şeirin mətnində, mahiyyətində nə oturduğunu daha dərindən anlaya bilir. Axı poeziya sözün daha geniş mənasında obrazlı dildir.

Poetik söz, ifadə və fikir sənətkarın daxili aləminin, hiss və həyəcanlarının, emosiya və düşüncələrinin bədii tutumudur. Aşıq Ələsgər oxucuda emosional-estetik effekt əldə etmək üçün mücərrəd və konkret anlayışlara meydan verir, fikirlərini təsirli bir dillə oxucuya çatdıra bilir. Məhz bunların köməyi ilə o, qarşıya qoyduğu məqsədə uğurla yetişir. Dediklərimizin təsdiqini aşığın “Nəqa nə mindi” şeirində tapırıq:

Nə əysik din, nə artıq gül, nə dannan,
Müxənnətə zəhər olmur nədən nan?!
Dərdbilməzdən, dilqanmazdan, nadannan
Nə qandım əzəldən, nə qanam indi?

Ələsgəri çəkməginən yar, ala,
Lazımdı ki, yar könlünü yar ala.
Sınmış dəndan, nə yar ləbin yarala,
Əmmək istəyəndə, nə qan əm indi! 

Ulu Ələsgərin yaradıcılığında söz çoxölçülü və çoxtutumlu olduğundan onun ifadə vasitələri sistemi poetik məzmunun bütün elementlərinə, onun hissələrinə gərəyincə xidmət etdiyi gönünür. Burada sözün səs materialı da məzmunun dərindən açılmasına şərait yaradır. Aşığın yaradıcılığının ifadəliliyinin bütün poetik elementlərini təhlil etdikdə Dədə Ələsgər sözünün gözümüz önündə çeşidli assosiasiyaları bərq vurur. Ələsgərin sözü oxucunun şüurunda öz daxili hiss və həyəcanları ilə aşığın qəlbinin obrazının işarəsi, simvolu kimi dayanır. Elə buna görə də Dədə Ələsgər sənəti bu gün də bütün tərəfləri ilə şəfəq saçmaqdadır.

525.az