Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev qeyd edirdi ki, xalq həmişə öz kökünü xatırlamalıdır. Məhz qədim köklər mədəni kimliyi formalaşdırır, ənənələri yaşadır və tarixi bilikləri zənginləşdirir.
Əminliklə demək olar ki, müstəqil Azərbaycan dövlətinin quruculuğu 1969-cu ildən bəri respublikada milli ruhun boğulmasına imkan verməyən, onun qorunub saxlanması və möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadə edən Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladı. Bu baxımdan, Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonrakı dövr milli mənlik şüurunun formalaşmasının başlanğıcı kimi qiymətləndirilir. O, 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə fəaliyyətini xalqın tarixi yaddaşına qaytarılması əsasında milli qürur hissini keçmiş ideoloji sistemin buxovundan azad etməyə yönəldib. Belə ki, yarım əsr əvvəl Heydər Əliyevin göstərişi ilə Azərbaycanda tanınmış sənət adamlarının iştirakı ilə “Dədə Qorqud” bədii filmi çəkilib.
1995-ci ilin dekabrında Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni seçilmiş üzvləri qarşısında çıxış edən Heydər Əliyev artıq müstəqil Azərbaycan dövlətinin başçısı kimi yenidən xalqın öz köklərinə müraciət etməsinin zəruriliyi məsələsinə qayıdıb. Ulu Öndər vurğulayıb ki, tariximizin kino sənətində əksini tapmalı olduğu hələ çoxlu səhifəsi var. “…Tariximizin hələ çox səhifəsi var ki, onları kinoya salmaq lazımdır. Məsələn, “Dədə Qorqud”un kinoya salınması tariximiz üçün nə qədər böyük hadisədir! Nə üçün? Çünki gəlin açıq danışaq, elə özümüzün içərisində də çoxları “Dədə Qorqud”u yaxşı bilmirlər. “Dədə Qorqud”u, Azərbaycan xalqının kökünü çoxları yaxşı bilmir. O əsəri oxumaq, – onun dili də çox adam üçün çətindir, – onu dərk etmək də çətindir. Amma kino elə bir vasitədir ki, gedib baxırsan, hər şey aydın olur”, – deyə Ulu Öndər həmin görüşdə vurğulamışdı.
“Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan ədəbiyyatının ən qədim abidələrindən biridir və haqlı olaraq dünya ədəbiyyatı xəzinəsinin incisi hesab edilir, həm də xalqımızın uzaq keçmişini tərənnüm edir.
Uzaq əcdadlarımız arasında Azərbaycanın dağ-dərələrində dolaşan, ömrünü yəhərdə, ovda, döyüşlərdə keçirmiş, qocaman ağsaqqal – Qorqud Baba yaşayıb. O, xalqının müdrik tərbiyəçisi olub, oğuzların ənənələri, igidlərin şücaətləri haqqında nəğmələr, nağıllar, rəvayətlər söyləyib.
“Qorqud babamın kitabı” Azərbaycanın orta əsr tarixinin ölməz abidəsidir. Dastan 12 boydan ibarətdir.
“Eposun bütün nəhəng sərvətlərini nümayiş etdirməyi qarşımıza məqsəd qoymadan, filmdə onun ruhunu qorumağa çalışdıq”. Bu sözlər 1975-ci ilin mayında “Azərbaycanfilm” kinostudiyasında oğuzların “Dədə Qorqud” dastanı əsasında çəkilmiş ikihissəli epik filmi təcəssüm etdirir. Film SSRİ və onun hüdudlarından kənarda kinoteatrların ekranlarında “Sönmüş ocaqların işığı” adı ilə nümayiş etdirilib və bəzi mənbələrin göstərdiyi kimi, o vaxtlar təkcə SSRİ-də ona 6 milyona yaxın insan baxmışdı ki, bu da milli kinostudiyadan gələn film üçün əla göstərici idi. 2010-cu ildə Azərbaycan Dövlət Film Fondunun sifarişi ilə məşhur “Dədə Qorqud” epik filmi Rusiyanın “Qosfilmofond”u tərəfindən bərpa edilib.
Xalq yazıçısı Anarın “Kitabi-Dədə Qorqud” dastanı əsasında yazdığı ssenari geniş şöhrət qazanmış rejissor Tofiq Tağızadə tərəfindən böyük məharətlə kino dilinə köçürülmüşdü.
Tənqidçilərin də qeyd etdiyi kimi, ikihissəli “Dədə Qorqud” filmi məzmunun dərinliyi, ideya zənginliyi ilə seçilir. Rejissor orijinal ədəbi mənbənin ruhunu, onun fəlsəfi dərinliyini və emosional təsirini diqqətlə qoruyub saxlayıb.
Dramatik hadisələrin, saysız-hesabsız insan faciələrinin, davamlı müharibələrinin şahidi olduğu bir vaxtda qocaman müdrik Dədə Qorqud hadisələrin mərkəzində dayanır, insanları qoruduqları torpaqda azad əməyə çağırır.
Filmin müəllifləri insanları hadisələrin mərkəzində yerləşdirməklə, sanki onların taleyi, tarixi proseslərdəki rolu haqqında tamaşaçı ilə dialoqa girir, uzaq keçmişdəki hadisələrə müasir baxış təklif edir.
Bundan 40 il sonra kinoya həsr olunmuş portalların birində tamaşaçılardan biri “Lenkinoprokat”da ekrana çıxdığı ildə bu filmə baxmağa imkanının olmadığını qeyd edərək yazırdı: “Filmdə yaxşı operator işi, ifadəli dağ mənzərələri, qəhrəmanların portretləri var… Çox güman ki, tamaşaçıların çoxu qədim türk tayfası haqqında çox az şey bilir. Epik, qəhrəmanlıq, romantik üslub bu ekran əsərini müvafiq janr həvəskarları üçün cəlbedici edir”.
Ssenari üzərində işləyən Anar “Kitabi-Dədə Qorqud”un kinoda təcəssümünü milli şüurun möhkəmlənməsində əsas amil hesab edirdi. Onun fikrincə, bu film əzəmətli, insanların mənəvi yaddaşı üçün mühüm olan ekran əsəridir.
Rejissor T.Tağızadə böyük bir kollektiv toplaya bilmişdi. Filmin musiqisini bəstəkar Emin Sabitoğlu yazıb. Quruluşçu rəssam isə filmin ekranlara çıxmasından sonra – 1976-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adını almış Nadir Zeynalovdur. Filmdə Toğrul Nərimanbəyovun ecazkar rəsmlərindən də istifadə olunub. Quruluşçu operator artıq rejissorla birlikdə kamera arxasında çalışmış və 1976-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti adına layiq görülmüş Rasim İsmayılovdur. Geyim rəssamı ilk azərbaycanlı qadın teatr rəssamlarından biri, Azərbaycan SSR-in Xalq rəssamı (1974) Bədurə Əfqanlı olub.
Filmdə Dədə Qorqud rolunun ifaçısı Xalq artisti Həsən Məmmədovun aktyor məharəti xüsusilə yaddaqalan olub. Məhz onun ustalıqla yaratdığı obraz xalqın birlik rəmzinə çevrilib. Həşim Qadoyevin yaratdığı Qazan xan, Rasim Balayevin canlandırdığı Bamsı Beyrək, tanınmış gürcü aktyoru Qivi Toxadzenin ifasında Alp Aruz, aktrisalar Leyla Şıxlinskaya, Şəfiqə Məmmədova və İbarə Quilyevanın oynadıqları Banuçiçək, Burla Xatun, Selcan xarakterləri filmi tamaşaçı üçün daha da cəzbedici edib.
Qalan rolları Hamlet Qurbanov (Qıpçaq Məlik), Elçin Məmmədov (Qaraca Çoban), Fərhad Yusifov (Tural), Dinara Yusifova (Günel), Əli Haqverdiyev (Yalıncıq), Gündüz Abbasov (Bəybura), Əfrasiyab Məmmədov (Bayandur Xan) və başqa tanınmış teatr və kino xadimləri ifa ediblər.
“Dədə Qorqud” filmi Azərbaycan kinosunun tarixinə 1970-ci illərin milli kinosunun “Qızıl fondu”nun mühüm tərkib hissəsi, “Nəsimi” (1973) və “Babək” (1979) ilə yanaşı, Azərbaycan xalqı üçün vizual rəmzlərə, mədəni məzmuna və mənəvi əhəmiyyətə güclü önəm verən tarixi epik filmlərdən biri kimi daxil olub.
1970-ci illərin sovet kinosuna xas olan ideoloji ardıcıl yanaşmadan istifadə edən T.Tağızadənin ikihissəli tammetrajlı filmi Azərbaycan mədəni şüur tarixində parlaq iz buraxıb və dövrün fəlsəfi kinosunun rəmzinə çevrilib. Bu gün isə bu fəlsəfi ideya müasir dünyanın auditoriyası üçün xalqın keçmişi haqqında, birliyə, mədəni ənənələrə hörmətə çağırışı ehtiva edən dialoq kimi başa düşülür.
Rejissorun yozumunda filmin finalı xüsusilə maraqlı və dərin məna çalarlıdır. Bu da gələcək nəslə bir növ mesaj verir. Film qanlı döyüş meydanlarını münbit, məskunlaşmış torpaqlara çevirmək çağırışı ilə bitir: “Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz”.
Dədə Qorqudun bu məşhur ifadəsi film-dastanın əsas ideyasını təşkil edir.
Qeyd edək ki, materialın hazırlanmasında Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivi tərəfindən təqdim olunan fotoşəkillərdən istifadə edilib.