- Dil

”Dəli Kür”ün dili

Qəzənfər KAZIMOV, professor

”Ayrılan yollar” və ”Dəli Kür” romanları hazır olanda artıq Azərbaycan ədəbiyyatının A. Bakıxanov və M. F. Axundovla başlayan, H. Hərimanov, C. Məmmədquluzadə, Ə. Haqverdiyev, M. S. Ordubadi kimi görkəmli sənətkarlar tərəfindən varlığı ölməz əsərlərlə əsaslandırılan, S. Rəhimov, H. Mehdi, M. İbrahimov, Ə. Əbülhəsən, Ə. Vəliyev və başqalarından ibarət böyük bir nəslin iste’dad və əməyi sayəsində hər tərəfə qol-qanad açan, dünya mədəniyyəti xəzinəsinə daxil ola bilən çox zəngin nəsr ən’ənəsi var idi. Bu ən’ənə artıq bədii dilin çoxcəhətli və geniş imkanlara malik olan nəsr üslubunu da formalaşdırmış, cilalamışdı. İ. Şıxlını bir yazıçı kimi ədəbiyyat tarixinə daxil edən romanların yazıldığı dövrdən hələ çox əvvəl bədii dil normalaşmış və sabitləşmiş milli dil əsasında inkişaf edirdi. XX əsrin birinci rübündəki kəskin və təzadlı üslub fərqləri, yad dillərin tə’siri ilə yaranmış müxtəlif təmayüllər tamamilə aradan çıxmış, çoxdan yox olmuşdu. Ona görə də indiki yaşlı nəsil ilə İ. Şıxlının daxil olduğu orta nəsil yazıçılarının üslubunda çox qabarıq şəkildə nəzərə çarpan üslub fərqi axtarmaq lazım gəlmir. Lakin bu, heç də hər bir orijinal yazıçıya məxsus fərdi üslubun inkarı demək deyildir. Orijinal yaradıcılıq yoluna malik olan İ. Şıxlını nəsr ustalarımızdan fərqləndirən, ayıran fərdi cəhətlər çoxdur. Onun özünə məxsus ifadə tərzi, öz mövzuları və öz təsvir üsulu vardır. Diqqətli oxucu onun qələminin məhsulu olan romanları başqa yazıçılarımızın əsərlərindən asanlıqla fərqləndirə bilər. İ. Şıxlı yaxşı bildiyi, dərindən bələd olduğu, diqqətlə tədqiq edib öyrəndiyi hadisələri qələmə alır, ona görə də romanlarında obrazların xarakter və təfəkkür tərzinə uyğun qurulmuş dil çox təbiidir. Yazıçının təsvir dilində ağır, pilləli, uzun və yorucu cümlələrə, demək olar ki, təsadüf edilmir. ”Dəli Kür”ün yığcam və ifadəli cümlələr əsasında qurulmuş dili oxucunu da öz ardınca çəkib aparır, hadisələrin bir-birini tez-tez əvəz etməsinə, xarakterlərin daha sür’ətlə açılmasına səbəb olur.

İ. Şıxlının təsvir dilindəki canlılıq, ifadəlilik müasir oxucunun zövqünə uyğundur, tə’minedicidir, təsvir prosesində istifadə etdiyi müqayisələr münasib və müvəffəqiyyətlidir: ”Göy inildəyib şaqqıldadı. Selləmə yağış baş-ladı. Suyun üzü atılıb düşdü. Elə bil, Kürü daşa basdılar.” (48)1 Bu cür təsvir tarixi keçmişimizin müəyyən mərhələsinə həyat verən ”Dəli Kür”ün özünə də həyat verir, onu oxucuya daha çox sevdirir. Yalnız təbiətin təsviri deyil, ayrı-ayrı obrazların daxili aləmi və psixologiyası, düşüncə və hərəkətləri də romanda canlı və təbiidir, obrazlı və emosionaldır: ”Başı az qala tavana dəyən, pəhləvan cüssəli Cahandar ağanın qara sifəti tunc kimi bozardı, iri, həbəşi dodaqları titrədi, qıllı, çatma qaşlarının arası düyünləndi…”(12)

Ədəbiyyatımızda tamamilə yeni və orijinal bir surət olan, heç bir obraza bənzəməyən, sinfi təbiəti bir kənara qoyulmaqla, igidliyinə və çevikliyinə görə bir növ Koroğlunu xatırladan Cahandar ağa öz danışığı, səsi, sözünün kəsəri və tonu ilə də fərqlənir. Onun ”yoğun, zəhmli səsi”, ”gur və heybətli səsi” qarşıdakıların canına qorxu salır. Bu əsərdə yalnız Cahandar ağa deyil, ”deyib-gülməkdən xoşu gələn”, ”oynamaqdan doymayan, şaqqıldayıb gülməkdən usanmayan”, danışdıqca ”qəşş edib, uğunub gedən”, ”şaqqıldayan”, yeri gəldikdə ”qəzəb dolu cingiltili səsi eşidilən” Şahnigar xanımın, ”zarafatlaşmağı sevən”, ”söz altında qalmayan” gəmiçi Qocanın, guya gözünə mələklər görünürmüş kimi hərdən ”hey-hey”, ”hey-hey”, ”allah-allah”, — deyə heybətli səslə qışqıran, ”camaatı öyrədib, yuvası dağılmış arı kimi qəzəbləndirən”, ”danışdıqca gözlərini qıyıb, hiyləgərcəsinə baxan” Molla Sadığın, Şahnigar xanım tərəfindən ”bütüncə dədəsidir” sözləri ilə çox dəqiq xarakterizə edilən Şamxalın və başqa surətlərin dili də fərdi cizgiləri ilə seçilir, obrazların fərdi təfəkkürü spesifik şəkildə reallaşdırılır. Zərnigar xanımın təbiəti və dili Şahnigar xanımın təfəkkürü və dili ilə bir növ əkslik təşkil edir. Əşrəfin seminariyada oxuduğu dövrdəki mülayim və təmkinli danışığı uşaqlıq dövründə mülkədar qürurundan doğan ötkəm və hikkəli danışığından xeyli fərqlənir. Bu, ayrı-ayrı obrazların təfəkkürünün inkişafı və dəyişməsi ilə əlaqədar onların dilinin də yazıçı tərəfindən dinamik şəkildə izləndiyini göstərir. Seminariyda dərs deyən müəllimlərin dili də onların ictimai-siyasi görüşləri, şəxsi əqidələri ilə əlaqədar üslub rənginin müxtəlifliyinə görə seçilir və s.

Romanın dili söz və ifadə yaradıcılığı ilə də fərdiləşmişdir. Leksika ədəbi dilin leksikasıdır. Lakin romanda ilk baxışda təəccüb doğuran məhdud dairədə işlənmə xüsusiyyətinə malik sözlər də vardır. Belə sözlərin əsasını şivə sözləri təşkil edir. Bu sözlərin bir qismi əksər dialekt və şivələrimizə, çox hissəsi Qərb dialekt və şivələri qrupuna aiddir. Şübhəsiz, bu hal romanda təsvir edilən hadisələrin baş verdiyi, cərəyan etdiyi ərazi ilə əlaqədardır. Romanda məhdud ərazi ünsiyyətinə xidmət edən sözlərin işlənməsi mühüm səbəblərlə bağlı olub, təsadüfi xarakter daşımır. Bunların bir çoxunu yazıçı bilərəkdən əsərə daxil etmişdir.

Məhdud ərazidə yaşayanların məişətində elə əşya və hadisələr olur ki, ümumxalq məişətinə keçmədiyindən, ümumxalq məişətində istifadə edilmədiyindən ümumxalq dilində onların adlarının qarşılığı, sinonimləri də olmur. Həmin məhdud ərazidən bəhs edən elmi və ya bədii əsərdə bu cür əşya və hadisələrin təsvirinə də yer vermək lazım gəlir. Buna görə də dilçilikdə etnoqrafik dialektizm adlandırılan bir sıra şivə sözlərinin bədii dildə işlənməsi təbii sayılır və məqbul hesab edilir. Şübhəsiz, belə sözlərin bədii əsərdə işlənməsi bir zərurət olsa da, ədəbi əsərin dilini bu cür sözlərlə doldurmaq, ağırlaşdırmaq da olmaz. ”Dəli Kür”ün dilində bu qəbildən olan cəmi bir neçə söz işlənmişdir: suvadağ, su yolumu, xır və s. ”Suvadağ” (çay kənarında əhalinin içmək üçün su götürdüyü yer) və ”su yolumu” (suvadağa enən cığır) sözləri işləklik e’tibarilə daha çox məhduddur; ”xır” sözü isə bir çox şivələrdə, həm də müxtəlif mə’nalarda işlənir. Zəngilan, Tovuz, Qazax şivələrində, romanda olduğu kimi, bu sözə ”çınqıl, əzilmiş xırda daş parçaları, qumlu torpaq”1 mə’nalarında indi də təsadüf edilir.

Romanda işlənmiş şivə sözələrinin və ya şivə çalarlı sözlərin əksəriyyəti ədəbi dil sözlərinin parlaq sinonimləridir. Məhəlli kolorit yaratmaqdan əlavə, bədii dildə şivə sözlərinin ifadəliliyi, fikir tutumu, ədəbi dil sözlərindən fərqli üslubi rəngi, mə’na incəlikləri də nəzərə alınır. Bu cəhətlər əsas götürülərək seçilmiş sözlər müvəffəqiyyətli olduqda əsərin dilini məzələndirir, duzlandırır, Lakin belə sözlərə artıq yer vermək ”… məzəli duzluluq yox, artıq duzluluq — şorluq əmələ gətirir.”1. İ. Şıxlı dilə böyük tələbkarlıqla yanaşan diqqətli yazıçı sövqi-təbii ilə bu cəhəti xüsusi nəzərə almış, romanın dilinə daha çox ədəbi dilə, onun bu və ya digər üslubuna gətirmək arzusunda olduğu sözləri daxil etmişdir.

Hisbətən geniş dairədə işlədilən və əksəriyyət tərəfindən başa düşülən xosunlaşmaq (53), poqquldamaq (59), xımırtlamaq (136), xışmalamaq (227), çəçik (200), cınqır və s. kimi sözlər mə’nanı ekspressiv ifadə etməsi ilə ədəbi dildəki qarşılıqlarından fərqlənir. Belə sözlərin seçilib bədii dilə və tədricən ədəbi dilə gətirilməsindən ədəbi dil heç də zərər çəkməz. Bu sözlərin əlavə rəngi, xüsusi boyası onların bədii dildə rolunu artırır, işlənmə imkanlarını genişləndirir. ”Xosunlaşmaq” yalnız danışmaq deyildir, bu sözdə başqasının haqqında və ya başqa bir hadisə ilə əlaqədar ən azı iki nəfərin yavaşca, gümanlı, böhtanlı danışıq çaları da vardır. ”Poqquldamaq” darboğaz qabların (səhəng, bardaq, dolça və s.) yalnız dolmasını deyil, dolarkən çıxardığı səsi, ”xışmalamaq” bir şeyi hərisliklə ovuclayarkən əmələ gələn xışıltını, ”cınqır” güclə eşidilən səsi bildirir və s. Eləcə də toparlamaq, yığanlamaq sözləri (”Hökərlər taxılı yığanlayıb xırmanın ortasına toparlamışdılar”, 326) Qərb dialekt və şivələrində ”yığmaq”, ”toplamaq” mə’nalarında işlənir, prosesi qabarıq şəkildə göz önündə canlandırmaqla ”yığmaq”, ”toplamaq” sözlərindən işin daha intensiv icra tərzinə görə fərqlənir.

Romanda şivə çalarlı elə sözlər də var ki, onların ədəbi dildə dəqiq sinonim qarşılıqları olmadığı üçün belə sözlər müəllifin ədəbi dili zənginləşdirmə meyli ilə əlaqədar işlənmişdir. Bu cür sözlərə yazıçının öz dilində təsadüf edilməsi də fikrimizi təsdiq edən cəhətlərdəndir. Təngildəmək, üşürgələnmək, yehrələnmək, şırvanmaq, çığnamaq belə sözlərdəndir. Bu sözlər hələ də şivələrimizdə müasir ədəbi dilimizdən kənarda qalmış, uzun inkişaf tarixi keçirmiş çox maraqlı sözlər mövcud olduğunu göstərir.

”Təngildəmək” və ”üşürgələnmək” sözləri diqqəti daha çox cəlb edir. ”Təngildəmək” sözünə 5-6 cümlədə təsadüf edilir: ”Cahandar ağa qəfil zərbə almış adamlar kimi təngildəyib yerində dayandı” (104); ”Ayağını yerə basanda təngildəyib ufuldandı” (151); ”Şahnigarın təngildəyib… fırlanmasını görmədi” (189); ”Şamxal bunu gözləmədiyindən təngildədisə də, tez özünü ələ aldı” (102) və s. Misallardan göründüyü kimi, bu söz qəfil zərbədən qeyri-ixtiyari büdrəmək, yerində fırlanmaq, dönmək, gözlənilməz tə’sirdən müvazinətini itirmək, səndələmək mə’nalarını özündə birləşdirən bir sözdür. Şübhəsiz, bu söz canlı danışıq dilində daim hərəkətdə olmaq, sakit dayanmamaq mə’nalarında işlənən ”dingildəmək” fe’li ilə bir mənşədəndir. Sözün kökü təqlidi söz olmuş, təqlidi sözlərdən fe’l əmələ gətirən -ildə şəkilçisi həmin sözün əsasında fe’l düzəltmişdir. Dialektoloqların bə’zən diqqətindən yayınan belə sözlərin bədii dildə özünə əlverişli zəmin tapması yazıçının xalq dilinə dərindən bələd olduğunu təsdiq edən qiymətli faktlardandır. Bu qeydi aşağıdakı cümlələrdə işlənmiş ”üşürgələnmək” fe’linə də aid etmək olar: ”Çölün üzərinə çökmüş gecənin sərinliyi onu üşürgələndirəndə yorğana bürünür(dü); ”Kür tərəfdən olduqca sərin, lakin (”lakin” sözü burada artıqdır, çünki ”olduqca sərin” havada bədənin üşürgələnməsi təbiidir — Q. K. ) adamın bədənini üşürgələndirən bir səhər küləyi gəlib keçdi” (272); ”Üşürgələnmək” fe’li ”üşümək” fe’li ilə bir kökdən olsa da, bu sözün mə’nası ”üşümək” sözünün mə’nasından geniş və fərqlidir. Bu sözdə bədənin sərin havada birdən-birə, ani olaraq əsməsi, uçunması mə’nası vardır.

Bu qrupa daxil olan ”yehrələnmək” sözü də maraqlıdır. ”Yehrələnmək” fe’li Azərbaycan dilinin Qərb dialekt və şivələri qrupunda ”biçilib, lakin yığılmamış ot zolağı” mə’nasında işlənən ”yehrə”1 ismindən əmələ gəlmişdir; bizim bir neçə sözlə ifadə edə biləcəyimiz mə’nanı yığcam və dəqiq şəkildə ifadə edə bilir: ”Kəndlilər cərgə ilə kərənti çəkirdilər. Göy otlar yehrələnib uzanırdı. Elə bil, dağların döşü zolaq-zolaq olmuşdu.”(132) (”Elə bil” sözü yenə artıqdır — Q. K. )

”Şırvanmaq” sözü yaltaqlıq, yaxınlıq etmək, mehribanlıq göstərmək mə’nalarını əlavə çalarla daha dəqiq ifadə edir: ”İtlər sahiblərini tanıyıb atın ətrafında atılıb-düşdülər, sonra da Allahyara şırvandılar” (49); ”… çoxlarınız qardaşımın dalınca sürünəcəksiniz… dörd yanımda şırvanacaqsınız” (281); ”çığnamaq” sözü isə (”Adam da doğma balasını yad qızından ötəri ayağının altına salıb çığnayardımı?” (268) ayaq altına almaq, tapdamaq, ayaqlayıb əzişdirmək mə’nasında türk dilində işlənməkdədir1.

Romanın dilindəki məhəlli sözlərin bir qrupu yazıçının yeni söz yaratma meylindən irəli gəlir. Məsələn, ”qurulamaq” fe’linə bir neçə cümlədə hamının başa düşdüyü mə’nada rast gəlirik: ”O, gözünü quruladı” (94); ”Şapkasını çıxarıb içini dəsmalla quruladı” (160) və s. Bu sözə ədəbi dildəki həmin mə’nadan əlavə, romanda quruya, sahilə çıxmaq, suyun axarından kənarda qalmaq mə’nalarında da təsadüf edirik: ”Axı o üzmək bilmirdi. Axmış olsa, bir yerdə qurulamazdımı?” (52); ”Allahyar iri bir naqqanın quruladığını görüb sakitləşdi”, ”Üç gündən sonra Kürün lap aşağısında, binələrin bərabərində bir qadın meyidinin qurulaması xəbəri kəndə yayıldı” (52) və s. Sözün bu mə”nası yenidir və ədəbi dildə sabitləşə bilər. Aydın görünür ki, sözə qənaət hissi müəllifin yeni söz yaratma meylinə müsbət mə’nada tə’sir göstərmişdir. İ. Şıxlı imkan daxilində mürəkkəb söz əvəzinə, düzəltmə sözlərdən istifadəyə çalışmış, buna görə də münasib məqamlarda, ədəbi dildə işlənməyən yeni düzəltmə sözlərdən istifadə etmişdir: ”xəyala getmək”, ”xəyal eləmək” əvəzinə ”xəyallanmaq”, ”ehtiyat eləmək” əvəzinə ”ehtiyatlanmaq”, ”ar eləmək”əvəzinə ”arlanmaq” və s. belə sözlərdəndir. Bunlardan əlavə, ”domuşmaq” fe’lindən əmələ gəlmiş ”domuşuqlu” sözü (”Kişi… arxasını talvarın dirəyinə söykəyib domuşuqlu oturdu”, 287), ”sallamaq” fe’lindən əmələ gəlmiş ”sallağı” sözü bir az yana əyilmiş vəziyyətdə oturmaq: ”… Hündür bir yerdə sallağı oturub papiros eşdi”, 326) işin icra tərzini, vəziyyətini, ”qızarmaq” fe’lindən əmələ gəlmiş ”qızartdaq” sözü isə (”Elə bil, hər şey alışmışdı, hətta Kürün suları da qızartdaq idi”, 227) şər qarışanda tonqal və fişənglərin yaratdığı mənzərəni təsəvvürdə daha qabarıq canlandıra bilir.

Romanda ”süyüşmək” (171), ”suyulmaq” (10), ”üyüşmək” (128) və s. sözlərdən ibarət bir neçə fonetik dialektizm də vardır ki, bunlardan birinci və sonuncusu müəllifin öz dilində, ikincisi surət dilində işlənmişdir. ”Üyüşmək” sözü artıq ədəbi dilə dair lüğətlərə də daxil edilir; ”suyulmaq” sözünə obraz dilində təsadüf edilməsi bu sözə o qədər də e’tiraz doğurmur, lakin ”süyüşmək” sözünü müəllif həmin sözün ədəbi dil qarşılıqları ilə əvəz edə bilərdi. Bunlardan başqa, bir neçə cümlədə ”yaxmaq”, bir cümlədə ”şaxımaq” sözünə rast gəlirik: ”Gün yaxmışdı” (72); ”Artıq gün yaxmışdı” (127); ”Gün şaxımışdı” (123) və s. ”Yaxmaq” sözü tarixən ”yandırmaq” mə’nasına malik olmuş, bu mə’na ”yaxıb-yandırmaq” birləşməsində özünü saxlamışdır. Lakin ”yaxmaq” sözü indi ədəbi dildə təklikdə həmin mə’nanı ifadə edə bilmir, romanın dilində günün əyildiyini, batmağa doğru getdiyini bildirən bir söz kimi işlədilmişdir. ”Şaxımaq” sözü bədii dildə daha çox ”ildırım” sözü ilə əlaqələnərək işlənir: ”Ağ ildırım olub şaqıyaydım” (”Kitabi-Dədə Qorqud”), ”Peydərpey ildırım şaxıyır” (Ə. Haqverdiyev). Müəllif də bu sözün vasitəsi ilə çox isti olduğunu, günün adamı ildırım kimi vurduğunu demək istəyir, lakin sözün ”şaxımışdı” şəklində nəqli keçmişin hekayəsində işlənməsi ani prosesin keçib-getdiyi mə’nasını da ifadə edir. Bu sözü indiki zamanın hekayəsində işlətmək (”Gün şaxıyırdı”) sözün semantik incəliyinə daha uyğun olardı.

Təbiidir ki, hər bir tarixi romanın dilində olduğu kimi, bu romanda da bir sıra arxaik sözlər vardır: uruşlu, soğulmaq, dinşəmək; dazımaq, peşqurt, cılğı və s. ”Uruşlu” sözü sıxmaq, biçmək mə’nalarında qazax dilində qeyd olunmuş ”uruş” sözü ilə əlaqədar olub1, donun, paltarın bədənə münasib biçilib-tikildiyini göstərən bir sözdür: ”Güləsər onun … topuğuna enən uruşlu qırmızı ipək donuna diqqətlə baxdı” (58); ”Onun zər baftalı uruşlu, atlas donunun qırışları dalğalandı” (87). ”Soğulmaq” daha çox su ilə əlaqədar olub, suyun azalması, çəkilməsi, yoxalması mə’nalarında şivələrimizdə indi də işlənməkdədir2. Romanda isə gözün didələrinin tədricən zəifləməsi, itməsi, yox olması mə’nasındadır: ”Didələr öləziməkdə olan qara çıraq kimi titrəyib soğulurdu” (104). ”Dinşəmək” fe’li ”dinləmək” fe’li ilə sinonim olsa da, bu sözdə obyektin dinşəmə prosesindən xəbərsizliyi çaları da vardır; ”dazımaq” sözü ”təzmək” (qaçmaq, tez getmək) fe’li ilə əlaqədardır; ”cılğı” (içərisinə pendir, ağartı və s. yığmaq üçün qoyun dərisindən hazırlanmış dəri qab), ”peşqurt” (tə’cili üyüdülən azacıq taxıl) sözləri isə əksər şivələrimizdə işlənməkdədir.

Təsvir edilən dövr, şərait, hadisələrin cərəyan etdiyi ərazidə yaşayanların məişəti və dili, yazıçının fərdi üslubu və s. ilə bağlı işlənmiş bu sözlər ümumilikdə yazıçının öz fərdi üslubunu da səciyyələndirir, ümumi ədəbi dilin leksikası fonunda ”Dəli Kür”ün dilindəki fərdi cəhətləri qabarıqlaşdırır. Tarixi keçmişimizin müəyyən səhifəsinin təsvirində bu sözlərin də rolu vardır.

İ. Şıxlı bu romanda canlı, diri, Hizaminin dili ilə desək, ”nəfəs alan” ifadələr işlətmişdir. Romanı bir dəfə oxuyanlar Cahandar ağanın Molla Sadığa dediyi ”dınqıra süzən qurumsaq” ifadəsini heç vaxt unutmazlar. Zərnigar xanımın ”Allah atan Cahandar ağanın əlifini yanıltsın, ay bala!” — cümləsindəki ”əlifi yanılmaq” (əlif kimi düz qəddi əyilmək, beli bükülmək) ifadəsi dövrlə, obrazın dini dünyagörüşü ilə bağlıdır, buna görə də son dərəcə təbii səsələnir. ”Tanrının gözü tökülsün”, ”korun-korun yanan”, ”başı əlhəd daşına dəyib geri qayıdır”, ”zayıllıq elədi”, ”xoşqeyrət olub”, ”üstünə şeşələnmək” kimi rəngarəng ifadələr obrazların dilini bəzəyir, rəngləyir, daha elastik şəklə salır; ”sümükləri şırt-şırt şırtlayır”, ”yeriyəndə yırın-yırın yırğalanır”kimi ifadələr təsvir obyektini göz önündə canlandırır və əyaniləşdirir.

İ. Şıxlı öz əsərlərinin dili üzərində çox işləməyi, diqqətlə işləməyi sevən və yaradıcılığın bu prinsipinə praktik şəkildə əməl edən yazıçılarımızdandır.

1970