“Gün” sözünün mənası bəllidir, “dəm”insə lüğətdə müxtəlif mənaları göstərilib. El arasında alkoqollu içki qəbul edənə “dəmdir” deyirlər. Bilmirəm, bu dəmin çayın dəmlənməsi ilə əlaqəsi var, ya yox, amma nəsə “qohum vəziyyətə” oxşayır. “Gün”lə “dəm” sözü birləşəndə cəmiyyətimizdə canlanma yaranır. Bilinmir günmü dəm olub, dəmimi gün vurub, nəsə qiyamət qopur. Gündəmin nə olduğundan dostların paylaşımları olmasa xəbər tuta bilmirəm. Gündəmlə yaşayan adam deyiləm. Bəlkə də, bir çox şeylərə laqeyd olduğum üçün heç adam deyiləm. Adam hər şeylə maraqlanar, adam adamın səhvinə gülər, adam pis işləri xəbər verib yayar. Bunları bacarmayana indi “media adamı deyil” deyirlər. “Elə mən də onnanam” (“Həm ziyarət, həm ticarət” filmindən).
Bir gün gündəmi birinin mayallaq aşması zəbt edir, sabah o birinin birinə qapaz vurması. Səhərlərin birində qiymətlərin gecə qalxmasını gündəm mövzusu edirlər, birdən də hamı yığılıb kimisə söydüyünü oxuyuruq. Səbəblər müxtəlif olur. Haqlı da, haqsız da qınanılır, haqlı da haqsız da qınayır. Mənə də izləyib ürək ağrısı keçirmək qalır. Ona görə ürəyim ağrıyır ki, bizə göstərilənin gerçək, ya yalan olduğunu bilmədən fikir yürüdürük. Bilmirik bu quraşdırmadır, ya təbii proses? Bundan başqa, o işi görənləri nə və kim məcbur edib, siyasi proseslərin gedişatındamı qüsura yol verdiyindən “gözümçıxdı”ya salıblar, yoxsa adam elə bunamı qadirdir? Dəqiq bilmədiyim işlər, tanımadığım adamlar haqqında fikir söyləyə bilmərəm. Köçə qoşulmaq xasiyyətim yoxdur. Mənim öz gündəmim var. Daha doğrusu, “aydəm”im, “ildəm”im də deyə bilərəm. Çünki il boyu beynimdə, əqidəmdə gəzdirdiyim mövzular var ki, dünya tar-mar olsa da, o düşüncədən ayrılmaram. Məsələn, parçalanmış Azərbaycan dərdi varkən filan müğənninin gəlininin onu məhkəməyə verməsi xəbəri niyə diqqətimi çəkməlidir. Bunu kitabsız cəmiyyətimizin qüsuru kimi özümə dərd edib çarə axtarmaqdan başqa bir şey kimi qəbul edə bilmirəm. Bununla niyə baş qataq ki?
Mənim gündəmim gündən-günə Bakı küçələrindən perik salınan ana dilimdir. Mənim gündəmim ana dilində danışa, yaza bilməyənlərin ədabazlığıdır. Mənim gündəmim Elşən Əzimin: “Erməni ilə farsın bizdən daha yaxşı cəhəti bizə türk demələridir”, Mahir Mehdinin: “Özgə bayramını şadlıq edib, yad qəmə kədərlənmişik həmişə. Özümüzü yanımızda yox, uzaqlarda axtara-axtara kiməsə oxşamağa çalışmışıq…”, İradə İsakın: “Adam düşünəndə ürəyi partlamaq dərəcəsinə gəlir, İranın yarısı bizim, Gürcüstanın yarısı bizim, Dağıstanın yarısı bizim, Ermənistanın hamısı bizim Qosqoca Qafqaz bir tək Azərbaycan imiş. Hələ də bizə tolerantlıq dərsləri keçirlər”, Bahəddin Həzinin: “Yarım əsrdən çox yaşım var, bir şeyi hələ də başa düşmürəm: iki azərbaycanlı niyə bir-biri ilə rusca danışsın ki? Bilən varsa, desin aydınlatsın bizi” kimi statusları, İbrahim Nəbioğlunun bu mövzuya həsr etdiyi mətnləridir. Biz Qurban Qurbanovun: “Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəm” deməyini gündəmdə saxlamalıyıq. Mənim gündəmim FADMM-in özünə amal seçdiyi yoldur. O yol ana dilini korlayanlara etiraz yoludur. Mənim günüm dəm deyil, ağlı başında gündür, mənim gündəmim zülmətə işıq saçmaq istəyir. Məndən olsa, gündəmdə İdris Abbasovun yazdıqlarını saxlayardım ki, tədbir görülsün, məndən olsa, kitabsız adamların ürəklərindən kitabxanaya yol çəkərdim. Gündəmdə saxlanılmalı, əmələ çevrilməli yüzlərlə mövzu varkən, görün nəyi özünüzə dərd… yox ee, gündəm edirsiniz.
Pərvanə BAYRAMQIZI