Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan Talıbov finalda ukraynalı İvan Kutenkova ipponla qalib gəlib.
Bu, Azərbaycanın qitə birinciliyində sayca 3-cü qızıl medalı, ümumilikdə isə 5-ci medalı olub. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, bu gün Azərbaycanın daha bir təmsilçisi Ruslan Nəsirli bürünc medal görüşündə italiyalı Yan Karletti ilə üz-üzə gələcək.