Nəriman QASIMOĞLU
Azərbaycan “orfoepiya”çılarına həsr olunur
Tükənib söhbətin, qayıt kəndinə,
Yurdundan, obandan, elindən danış.
Yığılsın başına qonum-qonşular,
Sağalda bildiyin kəlindən danış.
Sütül bir baytardın, xəyal peşində
Gəldin dilçiliyə, oldun işindən.
Oyat xatirəni… bir dağ döşündə
Yel vurub oynadan telindən danış.
Dilimin kökünü qazır yazdığın,
Kəsir damarını ləhcəbazlığın.
Qayıt torpaq olsun təkcə qazdığın,
Anbarda darıxan belindən danış.
Düşmüsən fələyin feili-fəndinə,
Qurtul məlalından, üz tut kəndinə.
Çatantək yəhərlə, bas üzənginə,
Atını oynadan çölündən danış.
Burda piyadasan, qalma piyada,
Mindirim yola düş yorğa yabıda.
Yol boyu özünə orfoepiyadan –
Ləhcəndən, şivəndən, dilindən danış.
Elmin ələyindən səntək baytarı
Zaman çox ələyib, mala qaytarıb.
Qorxma, tükənməzsən bitsə “tiyatrın”
Darıxma, əl çalan əlimdən danış.