YARAT Müasir İncəsənət Məkanının 10 illiyi münasibətilə Daş Salnamə Muzeyində açılan “Ön söz-On söz” xronikal qrup sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, sərgi YARAT-ın ilk layihəsi olan “Ön söz”ə istinadla bu dövr ərzində YARAT-ın keçdiyi yol və yeni nəsil müasir rəssamların yetişdirilməsi və formalaşdırılmasında oynadığı müstəsna rolunu vurğulayır.
Yaddaş və tarix anlayışları ətrafında toplanmış ekspozisiya keçmişin indiki anımıza qədər diffuziya etməsinin etirafıdır. Keçmişin maddi reallığı ilə qarşılaşan indiki reallıq bir sürətə bağlıdır. Sərgi yaşadığımız sürətin bizi əhatə edən keçmişin simvolları və xatirələri ilə necə uzlaşdığını nəql edir, ənənə və cəmiyyət, dəyərlər sistemi, ziddiyyətli həqiqətlər mövzularına toxunur. İnsan varlığı və mövcudluğunun fərqli aspektləri araşdırılaraq, onların formalaşmasında keçmişin əhəmiyyətini və rolunu ön plana çəkir.
YARAT kolleksiyasının ən mühüm əsərlərindən ibarət ekspozisiya Afruz Amighi, Faiq Əhməd, Rəşad Ələkbərov, Çinarə Məcidova və Elturan Məmmədovun instalyasiya, heykəl, video və fotoəsərlərini bir araya gətirib.
Yanvarın 31-dək davam edəcək sərgidə nümayiş edilən əsərlərlə çərşənbə axşamından bazar gününə kimi, saat 10:00-dan 19:00-dək tanış olmaq mümkündür. Sərginin kuratoru Fərəh Ələkbərlidir.