- Manşet, Mədəniyyət

Daşkənddə “Arşın mal alan” musiqili komediyası yeni quruluşda göstərilib

Daşkənddəki “Didor” teatr studiyası Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını yeni quruluşda tamaşaya qoyub.

AZƏRTAC xəbər verir ki, tamaşada Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Tamaşanın quruluşçu rejissoru Özbəkistanın Xalq artisti Bahadur Yuldaşev, bədii rəhbər Babur Yuldaşevdir. Əsərin musiqi tərtibatçısı isə Özbəkistanda tanınan saz ifaçısı, soydaşımız İlham Abdullayevdir.

Tamaşada əsas rolları Ulmaz Urayev, İroda Kasimova, Adiz Racabov, Nazokat Narziyeva,Yulduz Racabova, Maxliye Askaraliyeva və başqaları ifa ediblər.

Xatırladırıq ki, “Arşın mal alan” ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Elə həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib.

Qeyd edək ki, musiqili komediya dünyanın 76 ölkəsinin 187 teatrında səhnələşdirilib. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi isə 136 ölkədə nümayiş olunub.

Qulu Kəngərli