Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənddəki “Turan” Kitabxana-İnformasiya Mərkəzi (KİM) ilə birgə “Nizami Gəncəvi: Şərqin böyük şairi” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı AMM-nin Daşkənddə özbək dilinə tərcümə və çap etdirdiyi “Xəmsə” sinin təqdimatı olub.
Tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Bakıdan gələn digər qonaqlar, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
KİM-in direktoru Dildora Abduazizova qonaqları salamlayıb və AMM ilə əməkdaşlıqdan danışıb. O, böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin Daşkənddə özbək dilində çap olunmasını ölkənin mədəni həyatında böyük hadisə adlandırıb.
AMM-nin direktoru Samir Abbasov Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələrdən danışıb, indiyədək 90-dan çox kitabın özbək dilində çap edildiyini bildirib. O deyib ki, böyük özbək şairi Əlişir Nəvai dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq “Xəmsə” yaradıb və dünya ədəbiyyatı tarixinə türk dilində “Xəmsə” yazan şair kimi düşüb. Özbəkistanda Əlişir Nəvai nə qədər sevilirsə, Nizami Gəncəvi də, Məhəmməd Füzuli də, İmadəddin Nəsimi də o qədər sevilir. Bildirib ki, bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub. Özbəkistanda Əlişir Nəvainin həyat və yaradıcılığı ilə bağlı müxtəlif tədbirlər keçirilir, əsərləri çap olunur.
Qənirə Paşayeva xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb. Komitə sədri vurğulayıb ki, Özbəkistan bir il əvvəl sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycanın haqq işini müdafiə edib. Bunun üçün deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib.
Qənirə Paşayeva iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğuna toxunaraq qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində böyük layihələrin həyata keçirilməsindən bəhs edib. O, belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda reallaşmasının vacibliyini söyləyib.
Özbəkistan Ali Məclisinin deputatı, şair və tərcüməçi Gülbahar Səidqaniqızı Azərbaycan ədəbiyyatını çox sevdiyini, bu xalqın şairlərini tez-tez mütaliə etdiyini bildirib. O deyib ki, AMM-nin Azərbaycanın şair və yazıçılarının əsərlərini özbək dilində çap etdirməsi təqdirəlayiq haldır. Sonra Gülbahar Səidqaniqızı Azərbaycanın klassik şairlərinin əsərlərindən parçalar söyləyib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov qurumun xətti ilə keçirilən tədbirlərdən danışıb, deyib ki, Azərbaycanda Nizami Gəncəvi, Özbəkistanda Əlişir Nəvai ilinin keçirilməsi bir daha sübut edir ki, ölkələrimiz milli-mədəni dəyərlərinə sadiqdir.
Alim və tərcüməçi Babaxan Şərif söyləyib ki, Azərbaycan və Özbəkistan nümayəndələri müntəzəm olaraq bu ölkələrdə keçirilən müxtəlif mədəni tədbirlərdə fəal iştirak edir. Bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi hər iki dost ölkənin mənafeyinə uyğundur.
Özbəkistandakı “Turan” Akademiyasının prezidenti Xaydarbek Bababekov AMM ilə əməkdaşlıqdan danışıb, müxtəlif ölkələrin görkəmli simalarına akademik adı verildiyini diqqətə çatdırıb. X. Bababekov Qənirə Paşayevaya akademiyanın tarix elmləri doktoru adının verildiyini bildirib və bununla bağlı vəsiqəni ona təqdim edib.
Qənirə Paşayeva Özbəkistanla Azərbaycan arasında əlaqələrin inkişafı ilə bağlı fəallıq göstərən şəxslərə Milli Məclisin Mədəniyyət Komitəsinin diplomlarını verib.
Sonra qarşılıqlı olaraq hədiyyələr təqdim olunub.
Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova və özbək müğənniləri Azərbaycan və özbək dillərində mahnılar ifa ediblər.
Q.Paşayevanın rəhbərliyi ilə Azərbaycandan gələn qonaqlar AMM-də də olub, ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsinə əklil və çiçəklər düzüblər. Qonaqlar Mədəniyyət Mərkəzindəki Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Heydər Əliyev Muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi və Xalça Muzeyinə baxıb, mərkəzdəki kurs və dərnəklərin işi ilə tanış olublar.