Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
“Report”un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 4-cü sınağında İrlandiyanın qonağı olacaq. Dublin şəhərindəki “Aviva” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edəcək. Ona yan xətt hakimləri Benjamen Pejes və Ervan Finjan köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Mikael Lezaj yerinə yetirəcək. VAR sisteminə qadın referi Stefani Frappar nəzarət edəcək.
Qarşılaşma öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. Meydan sahiblərində Dara O Şi və Natan Kollinz zədə səbəbindən matçı buraxacaq.
Qeyd edək ki, 3 oyundan sonra xalı olmayan İrlandiya və Azərbaycan yığmaları 4-5-ci yerləri bölüşdürür. Bu qrupun digər oyununda Serbiya evdə Lüksemburqla qarşılaşacaq.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
22:45. İrlandiya – Azərbaycan
Hakimlər: Jerom Brisar, Benjamen Pejes və Ervan Finjan, Mikael Lezaj (Fransa)
Dublin, “Aviva” stadionu
Xal durumu: Portuqaliya – 10. Serbiya – 7. Lüksemburq – 6. İrlandiya – 0. Azərbaycan – 0.