- Manşet, Maraqlı

“Deepfake” videonu necə müəyyən etmək olar?

Həm 44 günlük Vətən müharibəsi zamanı, həm də ondan sonra Azərbaycana qarşı müxtəlif təyinatlı kiberhücumlar artıb. Bu tipli hücumların artmasını kibermüdafiə sahəsində fəaliyyət göstərən dövlət qurumları da təsdiq edir. Belə hücumlar sırasında tanınmış şəxslər haqqında hazırlanan saxta videolar da var.

Həmçinin son aylar Azərbaycan Prezidenti ilə də bağlı “Deepfake” videolar hazırlanıb. Amma Medianın İnkişafı Agentliyi (MEDİA) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) birgə məlumat yayaraq həmin kadrların saxta olduğunu qeyd ediblər.

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin kibertəhlükəsizlik məsələləri üzrə eksperti Rəşad İbrahimov “Report”a açıqlamasında bildirib ki, “deepfake” videolarının yayılması intensivləşib:

“Son bir il ərzində Azərbaycan vətəndaşlarına sosial şəbəkələr vasitəsilə müxtəlif fişinq hücumları həyata keçirilir və təəssüf ki, bəzi hallarda vətəndaşlarımız da bu hücumların qurbanına çevrilirlər.

Hazırda ən aktual mövzulardan biri də “deepfake” videolarıdır və son zamanlar onlar geniş yayılmağa başlayıb. Və ən çox da saxta investisiya şirkətlərinin reklamı üçün tanınmış simaları, dövlət adamlarını seçirlər və həmin o şəxslərin real videokadrlarını dəyişərək saxtalaşdırılır və videolar hazırlayıb bunu vətəndaşlarla paylaşırlar. Nəticədə isə vətəndaşların çoxu həmin şəxslərə güvənirlər və dələduzların qurbanına çevrilirlər.

Əslində “deepfake” nədir?” Sadə dildə desək, bir real videonun digər bir saxta videonun üzərinə köçürülməsidir. Yəni dələduzlar tanınmış şəxsin real bir videosunu götürür, ora özlərinin dələduzluq aktını həyata keçirmək üçün lazım olan səsi yerləşdirirlər. Həmin şəxsin səsi ilə süni intellekt vasitəsilə dəyişdirilir və saxta video tirajlanır.

“Deepfake” illərdi ki, var. Süni intellekt insan həyatına gələndən bu daha da aktuallaşıb. ABŞ-ın keçmiş prezidentin Barak Obamanın və tanınmış ingilis enerji şirkətinin rəhbəri ilə bağlı qlobal məkanda ajiotaj yaradan saxta video paylaşılmışdı. Məhz ikincinin videosuna inanan şirkətin baş direktoru dələduzlara 243 000 ABŞ dolları pul köçürüb”.

Ekspert belə saxta videoların aşkar edilməsinin mümkünlüyünü qeyd edib:

“Deepfake” videonu real olanlardan ayırmaq üçün vətəndaşlar bir neçə məsələyə fikir verməlidirlər. Birincisi nəzərə almaq lazımdır ki, bu tipli saxta videolar sosial şəbəkələrdə reklam edilir və bu üsulla daha çox kütlə arasında yayılır. İlk öncə vətəndaş diqqət eləməlidir ki, bu video harada və kim tərəfindən paylaşılıb. Yəni vətəndaşın qarşısına tanınmış bir şəxsin videosu çıxır və orada hansısa məhsula investisiya edilməsi təklif edilirsə o zaman sosial şəbəkə istifadəçisi ilk olaraq paylaşılan səhifəni araşdırmalıdır. Əlbəttə səhifəyə keçdikdə görəcək ki, bu heç də real deyil. Adətən səhifələrə seçilmiş adlar, xarici dildə olan qeyri-adekvat adlar verilir. Tanınmış şəxs nəyisə reklam edirsə, bu, ya onun öz səhifəsi, ya rəsmi dövlət qurumlarının səhifələrində, ya da tanınmış media orqanları vasitəsi ilə paylaşır. Onun həmin məlumatı tanınmamış səhifədə bölüşməsi real görünmür.

Digər bir məsələ odur ki, əgər insanlar videonu diqqətlə izləsələr oradakı saxtakarlığı aşkar edə bilərlər. Bu adətən danışan şəxsin mimika və əl hərəkətlərində aydın hiss edilir.

Həmçinin belə videolarda kadrların birindən digərinə keçəndə mütləq şəkildə işıq effektinin azalıb-çoxalması baş verir. Həmçinin videolarda gözlərin qırpılmasına və dodaq hərəkətlərinə fikir verməklə də “deepfake” videolarını digərləri ilə fərqləndirə bilərlər.

Orada adətən mütəmadi olaraq bu və ya digər fişinq və dələduzluq aktları ilə bağlı videoçarxlar, yazılar paylaşılır, insanların maarifləndirilməsi yönündə bildiyi tədbirlər keçirilir. Yəni insanlar bunları izləməklə demək olar ki, öz-özlərini dələduzlardan müdafiə eləməyi bacara bilərlər”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) isə “Report”a bildirilib ki, vətəndaşlar diqqətli olsa bu videoların saxta olduğunu müəyyən edə bilərlər:

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara saxta videolarla bağlı diqqətli olmağı tövsiyə edir: “Belə ki, dələduzlar tərəfindən “deepfake” texnologiyası ilə hazırlanmış və reallığı əks etdirməyən videogörüntülər yayılır. Son zamanlar qeyd olunan hallar hər hansı qurum və ya vəzifəli şəxslər adından həyata keçirilir və vətəndaşları aldadaraq, onlardan pul vəsaiti ələ keçirmək məqsədi daşıyır.

“Deepfake” texnologiyası ilə hazırlanmış videolara diqqət etsək görərik ki, bu videolarda qeyri-təbii hərəkətlər, göz və üz ifadələri əks olunur, səs və görüntü arasında sinxronizasiya mövcud olmur”.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu tipli məlumatlara aldanmamağı, hər hansı şirkət, qurum və ya vəzifəli şəxslər adından yayılan məlumatların düzgünlüyünü ilkin olaraq həmin müəssisə ilə əlaqə saxlamaqla, qurumun rəsmi saytına daxil olmaqla dəqiqləşdirməyi tövsiyə edir.