- Dil, Manşet

Dil cəbhəsinə əsgəri borc

Qasım QASIMZADƏ – 100

Nədən söyləməsin ana dililə
Öz odlu nitqini yoldaş komissar?
Türkcə danışmasın sevgilisiylə…
Bu mənhus adətdə böyüklükmü var?

Həmin misraları bir daha xatırlarkən Tbilisidə Qalaktion Tabidzənin yubileyində Əziz Nesinlə bu mövzuda söhbətimiz yadıma düşdü. Yığıncaqlarda, mitinqlərdə, küçələrdə danışıqlar gürcücə gedirdi. Təntənəli gecədə Əziz bəylə yanaşı əyləşmişdik. O soruşdu: “Sizdə, Bakıda neçin boylə deyil?”. Mən haqlı suala haqsızın bəraət cəhdi ilə cavab verdim ki, “Bakı beynəlmiləl şəhərdir, bu baxımdan Tbilisidən çox fərqlidir”. O razılaşmadı: “Hayır, canım, – dedi. – Sizinkilər odalarında kəndi sevgilisi ilə də rusca konuşuyorlar”. Düz sözə nə deyəsən. Vaxtilə Səməd Vurğun yuxarıdakı misralarında elə bu həqiqəti etiraf etməmişdimi?

Başqa bir ədəbi fakt. Rəsul Rza rəsmi tədbirlərdə Azərbaycan dilinin sıxışdırılmasına ayrıca bir şeir həsr etmişdir (“İti yazan qızlar”). O, millətin varlığını danmaq dərəcəsinə gələn vəziyyəti hər gün şahidi olduğumuz adiləşmiş bir faktın timsalında görün necə yana-yana qələmə alıb:

Salon adamla dolu,
Naxışlı xalıyanıyla döşənib
prezidiumun yolu.
Kiçik masa arxasında oturdu
itiyazan qızlar.
Masa üstündə ucu qəddənmiş
neçə qələm,
neçə varaq kağız.
Natiqlər qalxdı kürsüyə,
natiqlər düşdü kürsüdən.
Qızlardan ikisi yazdı
alnında damcı-damcı tər.
Biri oturdu bekar
qarşısında yonulmamış qələm,
yazılmamış vərəqlər.
Saatlar keçdi yeyin-yeyin,
saatlar keçdi ağır-ağır.
Qızlardan ikisi
yazdı, yazdı, yazdı.
Biri gözü natiqlərdə
əsnədi, əsnədi, əsnədi.
Bu, rüsvayçılıq deyil,
bəs nədi?

Həqiqətən də, rüsvayçılıq idi. Bu rüsvayçılığı hələ o vaxtlar B.Vahabzadə “Latın dili” və “Ana dili” şeirlərində də damğalamışdır. Bu rüsvayçılığın, yəni ali məclislərdə ana dilində danışıqları yazan stenoqraf qızların bekar dayanması və s. halların tamamən aradan qalxdığını demək çətindir. Bununla belə son iki ildə paytaxtın baş meydanında, eləcə də respublikanın şəhərlərində, rayon mərkəzlərində xalq cəbhəsinin keçirdiyi hərarətli mitinqlər bir çox zəruri ictimai-siyasi problemlərlə birlikdə ana dilimizin gözəlliyinin, qüdrətinin əvəzsiz nümayişinə çevrilir. Həmçinin respublika Ali Sovetinin yaxınlarda çağrılan növbədənkənar sessiyası bu mənada əlamətdar hadisə idi, tarixi hadisə idi! Məruzəçilər də, natiqlər də özlərinin şirin-şəkər ana dilində danışırdılar. Beləliklə də suverenlik haqqında respublikanın Konstitusiya qanununun 13-cü bəndi yəni Azərbaycan dilinin işlədilməsi və inkişaf etdirilməsinə dövlət qayğısı kağız üzərində qalmır, işdə həyata tətbiqi üçün uğurlu addım atılırdı.

Dilin işlənməməsi nə deməkdir? Onun zəifləməsi, korşalması, kasıblaşmağa, nəhayətdə unudulmağa üz tutmasıdır. Dilin unudulması millətin öz varlığından imtina etməsidir. Dilin yaşaması, inkişafı isə nəinki eyni ərazi çərçivəsində yaşayan etnik qrupun, həmçinin onun tarixən ayrı düşmüş qovmlərinin öz əslini, kökünü itirməməsində həlledici əhəmiyyət kəsb etməsidir, həmrəylik yaratmağa qadirliyidir. Kərkük xoyratlarından birində türk tayfalarının pərən-pərən düşdüyü və dilin varlığı sayəsində onun hər bir qövmünün itib-batmadığı təsəlliverici ümidlə dilə gətirilmişdir:

Zaman qalı,
Gün keçi, zaman qalı,
Yıxılı uca dağlar,
Tozu bir zaman qalı.

Ana dili güclü ahənrüba kimi bu tozları – zərrələri çəkib bir yerə toplamaqla dağ yaratmaq əzmindədir. Türkcəmiz belə bir qüdrətə, cəzbedici keyfiyyətə malikdir. Təkcə bizimkilərin deyil, başqa xalqların sənətkarlarının, xalq şair və aşıqlarının bu dildə misilsiz nümunələr yaratmaları tarixi faktdır. Çoxcildlik erməni tarixinin müəllifi Leonun etirafına görə, “aşıqlar üçün nağıllarda, mahnılarda təsvir olunan həyatı ifadə üçün türk dili erməni xalq ləhcələrindən daha səlis, daha ifadəli və daha zəngindir” (Leo, Erməni tarixi, III c., Yerevan, 1946, s.1072).

Belə bir dili uzun müddət bürokrat aparatın ciddi-cəhdilə qədr-qiymətdən salmaq cəhdi milli nihilizmin çox aydın və eybəcər təzahürlərindəndir. Milli nihilizm milli bəladır. O, birliyimizə, mənəviyyatımıza gözəgörünməz təxribatla məşğuldur. Nihilist öz zərərli konsepsiyasını mədəniyyət pərdəsi altında təlqin edir, ana dilində pəltək danışığını, yaxud danışa bilməməsini məziyyət sayır, övladlarını da, gələcək nəsli də özü kimi simasızlaşdırmaqdan ötrü ondarı anadilli bağçalardan, məktəblərdən çəkindirməyə səy göstərir, mənzilində də bu dildə danışmağı yasaq edir.

Dili inkişaf etdirmək, ictimai və mədəni funksiyalarını genişləndirməkdən ötrü birinci növbədə onu işlətmək gərəkdir. Siyasi həyatda, kargüzarlıqda, respublikanın paytaxtı ilə yerli yazışmalarda, hesablama texnikasının tətbiqində və s. Akademiyanın dilçilik institutunda və ali məktəblərin müvafiq kafedralarında dilimizin tədqiqi sahəsində az iş görülməmişdir və bu iş intensiv şəkildə davam etməkdədir. Elmi dilin tətbiqinə gələndə, xüsusən texniki elmlər sahəsində milli dil demək olar ki, kənardadır.

Ali Attestasiya Komissiyasının dissertasiyaları rus dilində təqdim edilməsi tələbindən sonra hamıya məlumdur ki, bu məsələ daha da qəlizləşib. Adətən, riyaziyyat, fizika, kimya elmlərinə aid dissertasiyalar bir qayda olaraq rusca yazılır, rusca çap və müdafiə olunur. Fəlsəfə, tarix, sənətşünaslıq və ədəbiyyatşünaslığa, hətta Azərbaycan dilçiliyinə aid dissertasiyaların da ana dilində yazılıb yazılmaması bu aspektdə milli dilin inkişafı prblemləri SSRİ-də elmə nəzarət edən Ali Attestasiya Komissiyasını nəinki maraqlandırmır, əksinə, respublikaların elm mərkəzlərinə etimadsızlıq əlaməti olaraq əsəri ancaq rus dilində qəbul edir. Bu, əlbəttə, respublikaların suverenliyinə hörmətsizlikdən başqa, həm də açıq-aşkar kobud müdaxilədir. Buna qarşı başqa regionlardan etiraz səsi qulağımıza çatdı. Biz isə ağzımıza su aldıq. Yaxşıca ki, nəhayət, on birinci çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyası suverenlik haqqında qəbul edilən Konstitusiya qanunu alimlik dərəcələri və elmi adlar vermək hüququnu respublikanın səlahiyyətində saxlamışdır ki, bu həmin məsələdə otuzuncu illər hüququnun bərpasıdır. Elmin milli dildə inkişafını xeyli ləngitmiş olan amilləri tədricən aradan qaldırmaq naminə bizcə tədqiqatın bütün sahələrində dissertasiyaların Azərbaycan dilində yazılması və bu dildə müdafiə edilməsi zərurəti müvafiq qanunla təsbit edilməlidir (Əlbəttə, qeyri-Azərbaycan dilli tədqiqatçıların öz dillərində müdafiə hüququnu saxlamaq şərtilə).

Dilin norma və tələblərinin xəlaldar olması danışıqda, mətbuat, radio və televiziyada adi hala çevrilmişdir. Xüsusən toponimiyada, coğrafi və şəxs adlarında milli ədəbi dildən kənara çıxmaq faktları sabitləşmiş halda qalmaqdadır. Nə vaxtadək kənd, şəhər, şəxs adları ruscaya tərcümədə əlifba imkanlarına belə məhəl qoymadan dəyişdirilmiş halda işlənəcəkdir. Bakı-Baku, Ucar-Udjarı, Kəlbəcər-Kelbadjarı, Qulu-Kuli, Məmməd-Mamed, Qasım-Kasum və s. və i.a. kimi deyiləcəkdir, yazılacaqdır? Məncə, məktəb uşağına da aydın olan belə təhriflərə rəsmi qanun, göstəriş gözlənilmədən dərhal son qoyulmalıdır, kütləvi informasiya vasitələrində, tədris vəsaitlərində, adlar göstəricisinə aid materiallarda yubanmadan düzəlişlər aparılmalıdır.

Danışıq dili normalarına tərcümədən gələn ifadə və sözlərin süni şəkildə işlədilməsi də yolverilməz haldır. Belə süni sözlərdən biri axır vaxtlarda natiqlərin dilinə sürətlə sirayət etməkdədir. Bu, rusca danışıqda işlədilməsi vaxtilə “Literaturnaya qazeta”nın özündə ciddi tənqidə məruz qalan “qde-to” sözünün azərbaycanca “haradasa” şəklində tez-tez və yerli-yersiz dilə gətirilməsidir. Fikrin ifadəsində dəqiqliyə-dürüstlüyə nail olmayanda, cümlənin ortasında müvafiq söz qəhətə çəkiləndə dərhal “haradasa” sözü peyda olur ki, bu da hünərli milli dilimizi kəsərdən salan vasitəyə çevrilir. “Səni haradasa görmüşəm” deyəndə fikir də, məqsəd də aydındır, burada “haradasa” sözü yerindədir. Ancaq “belə-belə məsələlərin həllində biz gərək haradasa diqqətli olaq”, yaxud: “ədəbiyyatımız yenidənqurma mövzusuna haradasa öz imkanları daxilində az əhəmiyyət verir” qəbilindən olan danışıq tərzində “haradasa” sözü qondarma görünür (bu sözü tez-tez işlətməyi sevənlər deyərdi ki, “haradasa qondarma görünür”).

Milli dilin özünün elə qərarlaşmış sözləri var ki, bunların da mənasının fərqinə varmadan yanlış olaraq biri digərinin ekvivalenti kimi işlədilir. Son vaxtların şeirində “kəhər” sözü “köhlən”i sıradan çıxarmaqdadır. Halbuki, “kəhər” məfhumu atın cinsini – keyfiyyətini deyil, rəngini nişan verir, yəni kəhrəba çalarında atın rəngini. Bu mənada folklordakı “gün çıx, gün çıx, kəhər atı min çıx!” ifadəsi günəşin qırmızıya – kəhər atın rənginə çalan zahiri görünüşünə işarədir. Həmçinin səmənd, göydəmir, boz, kürən, ağ sifətlərini artıranda aydınlaşır ki, söhbət hansı rəngdə olan atdan gedir. “Köhlən” isə cins mənasındadır, qoçaq, hünərli, mötəbər at mənasında! Bu atın rəngi qara da (Koroğlunun Qıratı kimi), ağ da (Napolyonun Ağ atı kimi), boz da (Qaçaq Nəbinin Boz atı kimi) ola bilər. Yaşlı nəslin əsərlərində köhlənlə kəhər heç vaxt eyniləşdirilməmişdir. Axı “kəhər madyan”, “kəhər yabı” deyilər, “köhlən madyan”, “köhlən yabı” deyilməz. Bütün bunlara baxmayaraq kəndi, onun hər üzünü yaxşı bilən də, bilməyən də “kəhər” sözünü köhlən at mənasında şeirlərində sağa-sola səyirdir: “Hər igidin heç olmasa bir kəhəri olsun gərək”, “Şəhər bizi maşınlarda gəzdirir, dağlar bizi kəhərlərdə görübdür”. Hətta tanınmış şairlərimizdən biri “kəhər ləpələrin köpüklü yalını” təsvir edir, bir başqası isə yazır ki, “yağış ətri gələn bu yaz günləri bənzəyir sahibsiz ağ kəhərlərə”. Ağ kəhərlər! Bu, lap ağ oldu. Kəhərin köhlən yerinə işlədilməsi nasirlərə də sirayət edib. Onlardan birinin yazısında oxuyuruq: “Kəndli həyətini mal-qarasız, bostansız təsəvvür etmək mümkündürmü? Hələ onu deyək ki, kəhər atdan imtina etmək nə qədər düzgündür? Axı o igidlik rəmzidir” (?!)

Bizcə, bütün bunlardan sonra “köhlənmi, kəhərmi?” mübahisəsini davam etdirmək aksiomanın həllinə cəhd göstərməyə bənzər.

Elə sözlər də var ki, bunların ana dilində ekvivalentini tapıb tətbiq etmək zəruridir. Bunlar ən çox da alınma sözlərə aiddir. Biz “aptek” sözünü nə qədər əczaxana kimi yazsaq da, işlətsək də, milli dilin tələbləri baxımından bu söz doğmalıq pasportu ala bilmir.

Türkmənistanda “aptek” əvəzinə sadəcə “dərmanxana” deyirlər.

Bir sıra başqa əcnəbi sözləri də milli dilin unudulmuş, potensial mənbələrində yaşayan sözlərlə əvəz etmək imkanları çoxdur. Bunların böyük bir qismi türk, özbək, türkmən, qaraqalpaq, qazax və b. türkdilli xalqların hazırda işlətdikləri müvafiq sözlərin varlığındadır. Çox təəssüf ki, dilçilərimizin, türkoloqlarımızın bu istiqamətdə fəaliyyətləri o qədər də səmərəli deyil. Mən Özbəkstanda da, Türkmənistanda da olmuşam, onların ədəbiyyatşünasları, dilşünasları ilə yaxından tanışam. Dil məsələsinin nizama salınması ilə əlaqədar türkdilli xalqların problemlərinin birgə – müştərək həllinə onların maraqları da, ehtiyacları da çoxdur.

Təşəbbüs və hərəkət məqamıdır. Bir-birinin dərd-sərini bilmək, o cümlədən, dil ehtiyatlarından bəhrələnmək, tarixin açılmamış qatlarını üzə çıxarmaq və başqa məsələrin həlli üçün bir-birinin təcrübəsindən istifadə etmək məqamıdır. Vaxtaşırı yığışmaq, görüşmək, həmrəyliyə nail olmaq, yadlaşmış doğmalığı bərpa etmək məqamıdır.

Dilin tətbiqi məsələsinə gəldikdə etiraf edilməlidir ki, onun ümumrespublika miqyasında dövlət dili səviyyəsinə çatdırılması yolları hamar deyildir. Bu təkcə elm və yaradıcılıq sahələrində, unutqanlıqda özünü göstərmir. Əsas çətinlik dəftərxana işlərinin ana dilində aparılması təcrübəsinin olmaması, yaxud zəifliyidir. Professor Y.Seyidovun “Kommunist” qəzetində çap etdirdiyi “Ana dili, vətən dili” məqaləsində dediyi kimi, “Azərbaycan dilinin qədim və zəngin tarixə malik bədii üslubu dünyanın inkişaf etmiş hər bir dili ilə müqayisə edilə bildiyi halda, onun rəsmi kargüzarlıq üslubu hələ lazımi səviyyədə inkişaf tapmamış və sabitləşməmişdir”. Belə olduğu halda, kargüzarlıqda güclü texniki baza yaratmaqla yanaşı ən vacib şərtlərdən biri respublikanın nazirliklərində, baş idarə və müəssisələrində partiya və dövlət aparatlarında rəsmi dilin təmizliyinə, səlisliyinə, üslub gözəlliyinə nəzarət edən əliqələmli üslubçu-stilist ştatı olmalıdır. İdarə daxilində və idarədən kənara çıxan hər bir sənədin mətni ancaq onun redaktəsindən, icazə imzasından sonra qüvvəyə minməlidir. Bəzi respublikalarda, o cümlədən qonşumuz Gürcüstanda bir neçə il bundan əvvəl hökumətin xüsusi qərarı ilə bütün müəssisələrdə ana dilinin keşiyində dayanan belə bir mütəxəssis fəaliyyət göstərməkdədir. Rəsmi dəftərxana-kargüzarlıq ənənəsi zəifləmiş olan Azərbaycan dilinin bu cür müdafiəçi və köməkçiyə ehtiyacı daha çoxdur. Vəzifə öhdəliyindən əlavə hər bir azərbaycanlı özünü bu cəbhənin əsgəri saymalı, xidmət borcunu verməli, doğma dili açıq və gizli həmlələrdən qorumaq üçün addımbaşı rastlaşdığı maneələri aradan götürmək iqtidarında olduğunu işi ilə, əməli ilə nümayiş etdirməlidir. Biganəlik əleyhdarla, milli nihilistlə barışığa gəlməkdir, dil cəbhəsinə xəyanətdir.

27 sentyabr, 1989