Həcər
Gürcüstana tez-tez gedirəm. Baba yurdumdur. Ən çox xoşuma gələn bilirsinzmi, nə olurdu: onların doğma dilə münasibəti. Bütün ölkəni gəzsən, gürcü dilindən başqa, özgə dildən istifadəni görməzsən. Orta məktəblərdə rus dili keçirilmir. Ona görə də xarici vətəndaşlarla yalnız ingilis və ya türk dillərində birtəhər dil tapırlar. Yaşlılar rusca bilsə də, onlar turizm müəssisələrində, kafe və restoranlarda işləmirlər. Ölkədə turistlərin bol-bol gəldiyi şəhərlər çoxdur. Bəs onlar niyə xarici dili gözə soxmurlar bütün göstəricilərdə? Bir dəfə dəmiryol vağzalında restoranda bir tikə balıq sifariş vermək üçün süfrəçiyə bir saat moizə oxuduq, birtəhər başa saldlq ki, bizə hansı yemək lazımdır. Az qaldıq, durub akvariuma baş vurub mətləbimizi izhar edək.
Menyunu da yalnız öz əlifbaları ilə nəşr edirlər. Bizdə bu nə azardır ki, öz dilimz dura-dura, indi də gedib ingilisin dilinə sabunlanırıq? İngilis bir yana, Osmanlı şivəsi bütün milləti vəba kimi, korona kimi bürüyüb. Axı hansı “dom-dom kurşunu“ dəyib bu millətə? Başqa dildə “obrazovonski” görünmək azarı bizim qanımızdadır, deyəsən. Heç kimə qadağan etmək olmaz ki, başqa dil öyrənməsin. Ancaq başqa dilləri bilmək o demək deyil ki, sənin doğma dilin hər iki valideynini itirmiş kimi, boynunu burub bir küncdə məzlum-məzlum baxsın. Şəhərə çıxanda adam bilmir, Azərbaycandadır, yoxsa hansısa xarici ölkədə. Mən inanmıram, dünyada elə bir hökümət tapıla ki, yeddi-səkkiz ildə dilin qorunması ilə bağlı dövlət səviyyəsində dörd dəfə fərman versin. Axı konstitusiyanın o hökmdə 21-ci maddəsi ola-ola əlavə fərmana, sərəncama nə hacət? Məsələnin mahiyyəti fərmanların verilməsində deyil. Bu dil azarı dəymişlər o fərmanlara əməl etmir. Yuxarılar da fərman verməklə işini bitmiş hesab edur. Daha nəzarət edən yox ki, bu fərmana əməl edən var, ya yox? Çünki dili qorumaqdan əllərinə PUL gəlmir. Başqa dildə reklamı, göstəricisi, menyusu yazılmış o müəssisələrə, görəsən, özümüz daha çox gedirik, ya əcnəbilər? Axı deyirlər, azlıq çoxluğa tabedir. Dilə gələndə niyə məsələ kəlləmayallaq dayanır, bilmirəm.
Bir sosioloji-psixoloji tədqiqat keçirmək lazımdır bu millətə. O yekə-yekə tabloları əcnəbi dildə yazanın birini aparıb atasan papuasların yaşadığı vəhşi bir adaya. Bir müddət sonra onun yanına bir neçə dildə danışan adamlar göndərəsən. Hər kəs öz dilində danışa. Deyəsən, a köpəyoğlu, hansı dildə danışılan söz damağını bal kimi elədi? Bircə ay Batumda qalmaqla yanımda Gürcüstan azərbaycanlısı iki kəlmə söz danışdı, elə bildim, ruhuma ətir səpdilər. Hər iki valideynini itirmiş uşaq necə ki birini tapa haa, bax eləcə sevindim döğma sözü eşidəndə. Ruhum, ürəyim, qulağım, gözüm sevindi. Ay dil manqurtu, sənin ruhunda, canında, qanında nə qədər qarışıq var ki, dilinin, milli varlığının göstəricisinin, ruhunun aynasının, bütün dünyaya yerlə göy arası qədər mənəvi xəzinələr bəxş etmiş o gözəlim-göyçəyim sözlərin təsibini itin-qurdun dilinə verirsən, həə?! Heç ölüb-yerə girirsənmi?
Hərdən rayonlara səfərə çıxanınız olur. Allah, yol kənarında kəndlərin, yerlərin, çay və bulaqların adını oxuyanda adam forsundan az qalır, dünyaya meydan oxuya. Gör ee, neçə min il yaşı olan sözlərə bax, toponimlərə, hidronimlərə bax. O qədər sevinirsən ki. Az qaldm deyəm, oykonimlərə bax. O qədər ki, o qədim sözləri oxuyanda göylə gedir adam.
Bu korona virusu ilə bağlı milləti peyvənd eləmək istəyirlər. Mən bilmirəm, o peyvəndin içinə nə qatıblar, axırımızı hara dirəyəcəklər?. Bəri başdan təklif edrəm ki, peyvəndə gürcülərin qanından hərəyə bir damcı qatıb vursunlar. Qanımıza dili qorumaq, sevmək peyəvndi eləsinlər. Vallah, ziyalılarımız, dil təəssübkeşlərimiz gürcülərdən o qanın bir damcısını neçə manata desən, almağa razı olarlar. O qədər ki, rəncidə olmuşuq bu dil məsələsindən. Biri elə mən. Bəri başdan neçə adamın dil peyvəndinin pulunu verməyə hazıram.
Gedin, dədənizin-nənənizin danışdığı dildə danışın, başqa dildə konuşmayın. Vayy, zəhrimar… “Konuşmayın” – hardan gəldi?