Gürcüstana tez-tez gedirəm. Baba yurdumdur. Ən çox xoşuma gələn bilirsinzmi, nə olurdu : onların doğma dilə münasibəti. Bütün ölkəni gəzsən, gürcü dilindən başqa, özgə dildən istifadəni görməzsən. Orta məktəblərdə rus dili keçirilmir. Ona görə də xarici vətəndaşlarla yalnız ingilis, və ya türk dillərində birtəhər dil tapırlar. Yaşlılar rusca bilsə də, onlar turizm müəssisələrində, kafe və restoranlarda işləmirlər. Ölkədə turistlərin bol-bol səyahət etdiyi şəhərlər çoxdur. Bəs onar niyə bütün göstəriciləri: kafe və restoran, mağaza və otel, başqa müəssisələrin adlarını xarici dildə yazmırlar? Bir dəfə dəmiryol vağzalında restoranda bir tikə balıq sifariş vermək üçün süfrəçiyə bir saat moizə oxuduq, birtəhər başa saldlq ki, bizə hansı yemək lazımdır. Az qaldıq, durub akvariuma baş vurub mətləbimizi izhar edək. Menyunu da yalnız öz əlifbaları ilə nəşr edirlər. Bizdə bu nə azardır ki, öz dilimz dura-dura, indi də gedib ingilisin dilini önə çəkirik? İngilis bir yana, osmanlı şivəsi bütün milləti vəba kimi, öldürücü virus kimi bürüyüb. Axı hansı “dom-dom kurşunu “ dəyib bu millətə? Başqa dildə “obrazovonski” görünmək azarı bizim qanımızdadır, deyəsən. Heç kimə qadağan etmək olmaz ki, başqa dil öyrənməsin. Ancaq başqa dilləri bilmək o demək deyil ki, sənin doğma dilin hər iki valideynini itirmiş kimi, boynunu büküb bir küncdə məzlum-məzlum baxsın. Şəhərə çıxanda adam bilmir, Azərbaycandadır, yoxsa hansısa xarici əcnəbi ölkədə. Mən inanmıram ki, dünyada elə bir hökümət tapıla, yeddi-səkkiz ildə dilin qorunması ilə bağlı dövlət səviyyəsində dörd dəfə fərman versin. Axı konstitusiyanın o hökmdə 21-ci maddəsi ola-ola əlavə fərmana, sərəncama nə hacət? Məsələnin mahiyyəti fərmanların verilməsində deyil. Bu dil azarı dəymişlər o fərmanlara əməl etmirlər. Yuxarılar da fərman verməklə işini bitmiş hesab edirlər. Daha nəzarət edən yox ki, bu fərmana əməl edən var, ya yox. Çünki dili qorumaqdan əllərinə PUL gəlmir. Başqa dildə reklamı, göstəricisi, menyusu yazılmış o müəssisələrə, görəsən, özümüz daha çox gedirik, ya əcnəbilər? Axı deyirlər, azlıq çoxluğa tabedir. Dilə gələndə niyə məsələ kəlləmayallaq dayanır, bilmirəm.
Bir sosioloji-psixoloji tədqiqat keçirmək lazımdır ana dilinin təsibini əcnəbiyə verənlərə. O yekə-yekə tabloları əcnəbi dildə yazanın birini aparıb atasan papuasların yaşadığı vəhşi bir adaya. Bir müddət sonra onun yanına bir neçə dildə danışan adamlar göndərəsən. Hər kəs öz dilində danışa. Deyəsən, ay manqurt, hansı dildə danışılan söz damağını bal kimi elədi? Hansı söz sənin ürəyinə, ruhuna yol tapdı? Bircə ay Batumda qalamaqla yanımda Gürcüstan azərbaycanlısı iki kəlmə söz danışdı, elə bildim, ruhuma ətir səpdilər. Uzun müddət əzizindən ayrı düşən qovuşanda necə sevinərsə, bax eləcə sevindim döğma sözü eşidəndə. Ruhum, ürəyim, qulağım, gözüm, könlüm sevindi. Ay dil nankoru, sənin ruhunda, canında, qanında nə qədər qarışıq var ki, dilinin, milli varlığının göstəricisinin, ruhunun aynasının, bütün dünyaya yerlə göy arası qədər mənəvi xəzinələr bəxş etmiş o gözəlim-göyçəyim sözlərin təsibini itin-qurdun dilinə verirsən, həə?! Axı anan sənə hansı dildə layla çalıb? Atan hansı dildə öyüd-nəsiyət edib? Uşaq vaxtı “Bənövşə-bəndə düşə”ni, “Çiling-ağac”ı, “Dirədöymə”ni hansı dildə oynamısan? Dilə nankorluq vətənə xəyanətlə, valideynə, anaya nankorluqla eynidir.
Hərdən rayonlara səfərə çıxanınız olur. İlahi, yol kənarında kəndlərin, yerlərin, çay və bulaqların adını doğma dildə oxuyanda sevinc və qürur hissindən adamın ürəyi dağa dönür.Hiss edirsən ki, doğma torpaqdasan. Neçə min il yaşı olan toponimləri, hidronimləri, tariximizdən tanış olduğumuz doğma sözləri gördükcə qürur hissi keçirirsən.
Bu korona virusu ilə bağlı milləti peyvənd eləmək istəyirlər. Mən bilmirəm o peyvəndin içinə nə qatıblar, axırımızı hara sürükləyəcəklər?. Bəri başdan təklif edrəm ki, peyvəndə gürcülərin qanından hərəyə bir damcı qatıb vursunlar. Qanımıza dili qorumaq, sevmək peyəvndi də etsinlər. Taa başqa əlacımız yoxdur. Vallah, ziyalılarımız, dil təəssübkeşlərimiz gürcülərdən o qanın bir damcısını neçə manata desən, almağa razı olarlar. O qədər ki, rəncidə olmuşuq bu dil məsələsindən. Biri elə mən. Bəri başdan neçə adamın dil peyvəndinin pulunu verməyə hazıram.
Gedin, dədənizin-nənənizin danışdığı dildə danışın, başqa dildə konuşmayın. Vayy, zəhrimar, “konuşmayın”- hardan gəldi?!
HƏCƏR
25 aprel 2020.