İnsan sosial varlıqdır. O digər insanlarla emosional bir əlaqə ilə bağlıdır – dostluq, ehtiras və ya sevgi. Həmçinin insanın aid olduğu qruplar mövcuddur və bu qruplar ən azı iki nəfərdən ibarətdir. Doğulduğu andan aid olduğu ilk qrup o və anasıdır. Sonralar biz kiçik və ya böyük qruplara daxil oluruq.
İsveçrəli linqvist Ferdinand de Sössür dili struktur olaraq, ünsiyyət üçün istifadə olunan işarələr sistemi kimi müəyyən edir. İşarələr ixtiyari, dil isə sosial hadisədir. Dilin iki əsas funksiyası var: kommunikativ və identifikasiya edən.
İdentifikasiya funksiyasını nəzərdən keçirək.
Qrupun əsas tələbi öz üzvlərini yad adamlardan ayırd etmək üçün yol tapmaqdır. Qrup üzvləri qrupun dilini öyrənir və yalnız qrupa aid olanlar dili mükəmməl bilirlər.
Odur ki, dil insanların kiminsə öz qrupuna aid olub-olmadığını və ya (əksər hallarda) başqa qrupa mənsub olub-olmadığını ayırd edə biləcəyi əsas vasitədir.
Dillər insan dili və digər dillərə bölünə bilər (heyvanların, maşınların dilləri…).
İnsan dilləri insanlar tərəfindən ünsiyyət üçün istifadə olunur. Bütün insan dilləri həm təbii, həm də sünidir.
Onlar sünidir, çünki bütün insan dillərində ixtiyari (süni) işarələrdən – insanlar tərəfindən yaradılan sözlərdən istifadə edilir. Dərin qrammatik quruluşuna görə isə təbiidirlər.
Bu strukturun təbii olması və bütün insanlar üçün eyni olması hər bir insan dilinin istənilən şəxs tərəfindən öyrənilə bilməsi ilə sübut olunur.
İstənilən dil sisteminin insan dili kimi tanınması üçün əsas tələb onun daim istifadə olunduğu qrupa aid olmasıdır.
İnsanlar yazını, sonra dövlətləri yaratdılar, dövlətlər digər etnik, kortəbii şəkildə inkişaf edən dillərdən normallaşması, standartlaşması ilə fərqlənən dövlət dillərini yaratdı. Standart dillərdə orfoqrafiya və tələffüz tənzimlənir, qrammatika və lüğətlər yazılır.
Buna görə də belə standart, normalaşdırılmış dillərdə dəyişikliklər təbii dillərə nisbətən daha yavaş baş verir.
Hər bir insan eyni vaxtda bir çox qruplara (ailəsi, şəhəri, bölgəsi, milləti, dini, fəlsəfəsi, dostlar qrupu və s.) aiddir.
Hər bir qrup dilin xüsusi variasiyasını inkişaf etdirməyə meyillidir ki, onun üzvləri asanlıqla tanınsın və digər qrupların üzvlərindən fərqlənsin.
Buna görə də, əslində hər kəs özü də bilmədən bir çox dildə danışır.
İnsanlar təbiətcə müxtəlif dillərdə danışırlar.
Hər bir dil öz qrupundan nisbətən daha geniş istifadə olunmaq tendensiyasına malikdir və hər bir şəxs başqaları ilə ünsiyyəti asanlaşdırmaq üçün qonşu qrupların dilindən istifadə etməyə meyillidir.
Bu mənada bəzi dillər danışanların ümumi sabitliyi (iqtisadi, hərbi və s.), eləcə də mədəniyyətlərinin cəlbediciliyinə görə (mədəniyyət anlayışına incəsənət, təhsil, din, s. daxildir) və az və ya çox geniş istifadə olunan beynəlxalq dillərə çevrilir.
Ən güclü dillər bir qayda olaraq geniş beynəlxalq istifadə tendensiyasına malikdir.
Bir neçə beynəlxalq dil var. İngilis dilinin açıq-aşkar üstünlük təşkil etdiyi görünsə də, əslində dünyada bir çox insan bu dildə danışmır.
Keçmiş Sovet İttifaqında rus dili, bütün Latın Amerikasında ispan dili (Braziliya istisna olmaqla), bir çox Frankofoniya ölkələrində fransız dili və Çin ətrafındakı geniş regionda Çin dili beynəlxalq dil rolunu yerinə yetirir.
Müxtəlif beynəlxalq dillər müəyyən ərazisi olmayan adamlar arasında da yayılıb, məsələn, roma və sinti, İsrail dövləti yaranana qədər ivrit, espenranto və sair.
Bir neçə etnik qrupun və ya xalqın birləşməsi nəticəsində yaranan dövlətlər bu yeni icmanın müəyyənedici dili kimi yeni neytral dil tapmalıdır, məsələn, İndoneziya dili. Bunun üçün ən nüfuzlu etnik qrupun dilindən istifadə olunarsa, belə dövlətlər, adətən, qısa müddətə mövcud olmağa (məsələn, keçmiş Sovet İttifaqı, Yuqoslaviya və s.) və ya uzunmüddətli qeyri-sabitliyə məhkum olurlar.
Yazı lingvo.info.ru saytından götürülüb.
Tərcümə etdi Fizzə HEYDƏROVA