“Bir daha bəyan edirik ki, “hörümçək” sözünün lüğətdə getməməsi texniki xətadır. Lüğətin nəşriyyata təqdim etdiyimiz siqnal variantında “hörümçək” sözü olub”.
Bunu “Report”a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun icraçı direktoru Baba Məhərrəmli deyib.
Onun sözlərinə görə, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğəti 2013-cü ildə nəşr olunan orfoqrafiya lüğəti ilə müqayisədə təkmilləşdirilmiş formadadır:
“Bu sözü əlində bayraq tutub Dilçilik İnstitutunun üzərinə hücum etmək tam əsassızdır. İnstitut ətrafında ajiotaj yaratmaq və bu cür hücumlar təşkil etmək yolverilməzdir. Bizim institutda kifayət qədər nüfuzlu alimlər çalışır. Dilçilik İnstitutu dövlətimizin mənafeyini güdür və bütün dövlət proqramlarını keyfiyyətlə icra edir. Dillə bağlı imzalanan bütün fərman və sərəncamları icra edir, bütün tapşırıqları yerinə yetirir”.
B.Məhərrəmli bildirib ki, lüğətdə “spayder” sözü heç də “hörümçək” sözünün qarşılığı kimi təqdim olunmayıb: “O söz texniki termin kimi verilib. “Hörümçək” sözünün derevasiyaları həmin lüğətdə verilibsə, bu, o deməkdir ki, orada “hörümçək” sözü də olub. Sadəcə olaraq, texniki qüsur kimi lüğətdə təsadüfən dərc olunmayıb”.
Qeyd edək ki, son orfoqrafiya lüğətinə “hörümçək” sözü salınmayıb.