Pərvanə O-nurlu
Dil haqqında öz fikrini çox sadə və aydın şəkildə ifadə edən böyük rus yazıçısı L. Tolstoy deyirdi : “Nə olur-olsun, doğma dil doğmalığında qalır. Ürəkdən danışmaq istəsən, ağlına bir fransız sözü gəlməz. Əgər seçilmək istəyirsənsə, bu başqa məsələ”. Bizdə bəziləri doğma dilə o qədər bağlı deyillər ki, ağıllarına ana dilindən başqa istənilən ( təbii ki bildikləri ) əcnəbi sözü gələr…
Sənətkar ona görə sənətkardır ki, işinin ustasıdır, dahi ona görə dahidir ki, dünəni, bu günü, sabahı görə və dəyərləndirə bilir. Əbəs yerə ad qazanmırlar, əks halda onlar hər dövrdə aktual olmaz, hər dövrə uyğun fikirlərinə istinad edilməzdi .
Nə zamandır “Ana dilimizi qoruyaq”, “Ana dilimizə sahib çıxaq” deyib haray çəkirik. Tarixə diqqət yetirdikdə görərik ki, harayımız nə yenidir, nə də boş yerə. Zaman-zaman şairlərimiz, ədiblərimiz, alimlərimiz bu harayı çəkib, dilimizin saflığının qorunması uğrunda mübarizə aparıb və öz fikirlərini deməkdən çəkinməyiblər.
“Dünyalar titrədi, aləmlər mayallaq aşdı”, lakin dəyişən çox şey olmadı. “Fələklər biri-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar…” və biz də fələklərin bir-birinə qarışmasından oyanan millətləri görüb utandıq, utanıb gözümüzü bir daha açdıq, özümüz olmağa başladıq. Lakin “Avropa qiyafəli” olmaq istəyi və o qiyafənin içərisindən gələn səsin də başqa dildə deyilmə istəyi fərqli mənzərə yaratmağa başladı…
Keçən əsrə qayıdaq, görək hansı sənətkarlarımız dilimizin taleyindən narahat və nigaran olub? Onlar bunu narahatlığı necə ifadə edirdilər?
Laçının var, tərlanın var,
Çoxlu şirin dastanın var,
Qorxun yoxdu, düşmanın var,
Azərbaycan! Azərbaycan! – deyən, Vətənini hər şeydən çox sevən, “Dumanlı dağların yaşıl qoynunda Bulmuş gözəllikdə camalı Göygöl…” şeirinə görə aylarla həbsdə yatan, repressiya qurbanı Əhməd Cavadı Vətənin istiqlaliyyəti qədər dili də narahat edirdi.
Ərəb, fars, rus sözlərinin dilimizdə, ədəbiyyatımızda çox işlənməsindən narahat olan, buna görə də şeirlərini xalq ədəbiyyatından bəhrələnərək sadə dildə yazan şair dilimizə məxsus sözlərin ərəb və fars sözləri ilə əvəzlənməsinə etirazını “Dilimiz” şeirində bildirirdi. Ə. Haqverdiyev “Ədəbi dilimiz haqqında” məqaləsində ana dilimizin taleyindən nigarançılığını dilə gətirirdi. N. Nərimanov “Həftə fəryadı” başlıqlı felyetonlar yazır və o felytonlarda dil məsələsinə münasibət bildirirdi. Yazıçı “Həftə fəryadı”nın birində yazırdı:
“Bizim müәllimimiz hәmişә söylәrdi: “Uşaqlar, ciddi-cәhd ediniz, ibtidai kәndi dininizi, dilinizi öyrәniniz, siz dininizi, ana dilinizi bilmәsәniz, millәtinizә yavuq olub onun dәrdini anlamayacaqsınız. Anlamayan surәtdә onun dәrdinә әlac edә bilmәyәcәksiniz. Әlac etmәyәn surәtdә nәyә lazımsınız? Lazım olmayan surәtdә millәt deyәcәk: oxutmaq fәna işdir. Uşaqlarımız oxuyurlar, lakin bundan nә hasil? Öz mәnfәәti üçün oxuyub axırda mәnim dilimi, dinimi bәyәnmәmәkdәn isә oxumasa mәslәhәtdir… Böylә olsa, millәtinizә böyük xәyanәt etmiş olursunuz…”
İndi Bakının küçələrində hər addımda rast gəldiyimiz əcnəbi dilli reklamlara, adlara baxdıqca, Nərimanovun da dediyi kimi, millətimizə, dilimizə necə xəyanətlər olunduğunu görməmək mümkün deyil.
Bunlarla yanaşı, dilimizin taleyini düşünən nə qədər sənətkarlarımız olub ki, narahatlıqlarını bildirməyi özlərinin vətəndaşlıq, övladlıq borcu biliblər. Bunların içərisindən isə “Ana dili” deyiləndə hər zaman ağlıma ilk gələn Mirzə Cəlil olur. O Mirzə Cəlil ki, “Molla Nəsrəddin” jurnalı ilə xalqı qəflət yuxusundan ayıltmağa çalışırdı, o Mirzə Cəlil ki, Vətəninə, xalqına, dilinə xor baxanları elə həmin jurnal vasitəsilə tənqid edirdi, o Mirzə Cəlil ki, hamı ilə “türkün açıq ana dilində” danışırdı, o Mirzə Cəlil ki, hər sözü, hər kəlməsi öz dövründə olduğu qədər bu günlə də səsləşir.
“Vətən, vətən, vətən! Dil, dil, dil! Millət, millət, millət! Dəxi bu dairələrdən kənar bəni-noi bəşər üçün özgə nicat yolu yoxdur” – deyən Cəlil Məmmədquluzadəni xalqın maariflənməsi, ana dilimizin saflığının qorunması əsl ziyalı kimi hər zaman düşündürüb və sənətkar öz əsərlərində dönə-dönə bu məsələlərə yer verib. Ədibin hər zaman nümunə gətirdiyimiz “Azərbaycan” məqaləsindən başqa, “Ana dili” məqaləsində, “Dil ” felyetonunda, “Sirkə”, “Şeir bülbülləri” hekayələrində, dram əsərlərində dilimizin taleyi barəsində narahatlıqdan doğan fikirləri qaranlıqları aydınlatmaq istəyən böyük sənətkarımızın vətəninə, millətinə, dilinə ürəkdən bağlı olmasının göstəricisidir.
“Məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dilində danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır…”. Bu fikirlər C. Məmmədquluzadənin “Sizi deyib gəlmişəm” məqaləsindəndir. Böyük ədibimiz “Meymunlar” felyetonunda öz doğma dilini unudanları, başqalarını yamsılayanları meymun adlandıraraq yazırdı: “Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizdə oxuyaq… Bəs kim bizi dilimizdən utanmağa və öz dilimizdə danışmağı ar bilməyə vadar edir? Məgər bunu da hökumət edir?”
Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan, fikir və düşüncələrini sadə, aydın və təsirli bir dillə poeziya aləminə bəxş edən Məhəmmədhüseyn Şəhriyarın da yaradıcılığına nəzər saldıqda onun ana dilinə ürəkdən bağlı olduğunu görürük. “Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!” deyən sənətkarın harayını da, ana dilinə sevgisini də ana dilinin İranda sıxışdırılmasından hiddətlənərək yazdığı “Türkün dili” şeirində görürük:
Türkün dilitək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan, bu əsil dil əsil olmaz…
Bu iki misra şairin ana dili haqqında sevgisini o qədər gözəl ifadə edir ki, digər misralara ehtiyac qalmır və bundan sonra düşünürsən ki, görəsən, şəhərin küçələrində meydan sulayan o əcnəbi yazılara baxanda, o yazılarla əcnəbilərin könlünü oxşamağa çalışanda, ciblərini düşünəndə heçmi ana dilimizi düşünmürlər, “ayrı dilə qataraq” dilimizi korladıqlarını, yavaş-yavaş uçuruma doğru sürüklədiklərini heçmi anlamırlar?