Fəxrəddin VEYSƏLLİ, professor
Son zamanlar dilimiz xeyli zənginləşib və cilalanıb. Artıq elmi üslub getdikcə inkişaf edir, mətbuat üslubu formalaşmaqdadır. Bu ümumxalq işinə hər kəs qoşulmalı, heç kəs biqanə qalmamalıdır. Bu bizim sərvətimiz və millətimizin fəxr yeridir. Bu gün hamı aydın və təmiz danışmalı, parlamentimizdə, siyasi dəhlizlərdə əvvəlki illərdən fərqli olaraq ana dilimiz uğurla hər sahədə tətbiq olunmaqdadır.
Lakin bu uğurlarımızla yanaşı bəzi hallarda xarici dildə geniş yayılmış bir söz doğma dilimizdə düzgün işlədilmir, böyük şairimiz R. Rza demişkən, bic kəlmələrə rast gəlirik. Bunlardan ikisi haqqında söhbət açacağıq. Bu sözlərdən biri “çağrı”, digəri isə “ağıllı”dır. Mən ilk dəfə radio və televiziya verilişində bu sözləri eşidərkən mat qaldım. Axı, Azərbaycan dilində ağıllı sifəti cansız isimlərdən əvvəl işlənmir. Biz bu gün deyirik: “ağıllı adam, ağıllı uşaq“, amma ağıllı kənd, ağıllı şəhər işlədə bilmərik, çünki keyfiyyət bildirən sifətlər canlı isimlərlə əlaqəyə girir. Ağıllı sözünün inkarı da var. Ağıllı uşaq dediyimiz zaman, ağılsız və ya axmaq sözlərini də işlədə bilərik. Ancaq “ağıllı kənd“ və ya „ağıllı şəhər“ birləşməsində ağılsız kəlməsini işlədə bilmərik. Bu sözü işlədən jurnalist və ya başqa birisi birləşməyə gələ bilən və gələ bilməyən kəlmələri götür –qoy etməli, sadəcə, ingiliscə deyilən “smart “ sözünün qarşılığı kimi verə bilməz və verməməlidir də. Bu, bizim doğma dilimizdə müasir, mədəni və s. sözlərdən ibarət olmalıdır. Lüğətə baxıb o sözün necə gəldi tərcüməsini vermək olmaz.
Kənd ağıllı ola bilməz. Şəhər də təbii o cür. Sadəcə olaraq, bu yerdə müasir, mədəni terminlərini işlətmək lazımdır.
İkinci kəlmə “çağrı“dır. İndi radio və televiziya verilişlərində tez- tez eşitmək olur. “Çağrı mərkəzinə“ müraciət edin və ya “çağrı nömrəsinə müraciət edin“. Mən çox fikirləşdim, bu sözün rus dilində qarşılığı “vızov“ dur. Əslində biz bu yerdə çağırış sözündən istifadə etməliyik. Çağrı deməklə biz nəyə nail oluruq. Gül kimi sözümüzü yarımçıq deyirik və bununla da şirin dilimizi korlayırıq.
„Çağrı mərkəzi“ „ağıllı kənd“ və ya „ağıllı şəhər“ birləşməsi kimi uzun yaşaya bilməz, çünki bu birləşmə bütün qondarma kəlmələr kimi, tam əminliklə demək olar ki, çıxdaş olacaq, onların yerinə bizim dilimiz öz saf və şirin kəlmələrini yaradacaq. Böyük alman şairi və filosofu Y. V. fon Qöte yazırdı ki, dilin əzəməti onda deyil hər gələn kəlməni süpürüb atır. Dilin böyüklüyü ondadır ki, o, yad kəlmələri özünüküləşdirir və öz daxili quruluşuna tabe edir.
Diqqətimi çəkən üçüncü məsələ təyini söz birləşmələrində sözlərin necə gəldi işlənməsilə bağlıdır. Məsələn, çox hörmət elədiyim jurnalist Əvəz bəyin verilişlərində tez- tez eşitmək olur: “əziz “Xural” kanalının izləyiciləri”. Fikrimizcə, burada /əziz/ sözü bilavasitə aid olduğu sözün qarşısında işlənməlidir. Yəni mən təklif edirəm bundn sonra Əvəz bəy desin: Xural kanalının əziz izləyiciləri. Burada dilimizə uyğun olaraq sifətin ada tabe olan hissəsi bilavasitə o ismin qarşısında gəlməlidir. Yuxarıdakı şəkildə deyiləndə izləyicilər deyil, “Xural“a aid olur. Çox güman ki, Əvəz bəy izləyiciləri nəzərdə tutur. Ona görə də təyin edən sözü bilavasitə təyin olunan sözdən əvvəl işlətmək yaxşı olardı.
İnanırıq ki, biz burada, sadəcə, dilimizin işlənməsilə bağlı üç haldan danışdıq. Ancaq bugünkü dilimizin problemlərini daima müzakirə etməli və yad kəlmələri dilimizə yaxın qoymamalı, imkan daxilində onları dilimizin sözlərilə əvəz etməliyik. Bundan ötrü hansısa bir sayt və ya qəzet rubrika açmalıdır. Artıq bir dilçi mütəxəssisi dəvət edib onun iştirakı ilə canlı müzakirə etmək vaxtı çatmışdır.