Afiq MUXTAROĞLU, Niderland Krallığı
Mən bu yazını əhalisinin əksəriyyəti Hind-Avropa dil ailəsinin german dillərinə daxil olan və keçmiş müstəmləkələrində, məsələn, İndoneziyanın bəzi yerli dilləri üzərində hələ də təsirini saxlayan, dünyada təqribən 25 milyona yaxın insanın danışdığı holland dilinin rəsmi dil olduğu Niderlandda yazıram. Kiçik Niderland bütün bunlara necə nail olub, İndoneziyaya, Cənubi Afrikaya, Karib dənizi hövzəsinə necə gedib çıxıb, nəyin hesabına müstəmləkələrə sahib olub və öz dili ilə yerli dillərə necə təsir edib? Bütün bu sualların bir cavabı var: arxasında elmin, inkişaf etmiş iqtisadi sistemin, mükəmməl siyasi təşkilatlanmanın, yeniliklərə tolerant münasibətin dayandığı böyük hərflərlə yazılan GÜC və ya İRADƏ.
Mən əsas mövzuya bu girişdən keçid alıram. Dilə yüz cür tərif verilib və bundan sonra da verilməsi gözləniləndir. Dünyada mövcud olan dillərin yaranması, zənginləşməsi, lüğət fondunun formalaşması üçün yüzilliklər, minilliklər lazım gəlmişdir. Eyni coğrafiyada mövcud olan dillərin oxşarlığı, qohumluğu qabarıq görünür. Mərkəzdən uzaqlaşdıqca dillər arasında fərqlər artır, qohumluq əlaqələri zəifləyir və hətta itərək, yad dillərə çevrilir. Bir dil bir xalqın milli dili ola bilər, bir dildən eyni bölgəni paylaşan bir neçə xalq yararlana bilər, bir dildən dünyanın müxtəlif yerlərində ünsiyyət vasitəsi kimi istifadə oluna bilər. İşlənmə coğrafiyasına görə, dilləri milli, regional, beynəlxalq dillərə ayırmaq olar.
Müasir dövrümüzdə çoxdillilik, bir adamın çox dil bilməsi, poliqlotluğu kapital, yatırım kimi bir şeydir. Daha burasını uzatmayım. Nədən ki, əksəriyyətimiz bunun belə olduğunu ucundan-qulağından bilirik. Dil də ekspansiyaya məruz qalır. Bir xalqın başqa bir xalqın əsarəti altına düşməsi universal hadisədir. Bu əsarət ən xırda məişət detalından tutmuş həyatın bütün sahələrinə nüfuz edir. Bu nüfuz əsarət altına düşən xalqın dilində daşlaşır, hətta postəsarət dövründən sonra da uzun müddət davam edir. Orasını da deyim ki, dilin əsarətə düşməsi təkcə qalibin inzibati resurslardan istifadə etməsiylə baş vermir, əsarət altına alma daha çox şirnikləndirmə ilə möhkəmləndirilir. Qalibin dilində danışanlar, öz dilinə arxa çevirənlər buna görə mükafatlandırılır, layiq olmasalar da, irəli çəkilir, onların daha yaxşı yaşaması üçün təminat yaradılır. Və bundan sonra baş verənlər daha dəhşətli mənzərə yaradır. Yad dili mənimsəyənlər öz xalqına, öz dilinə yuxarıdan aşağı baxmağa başlayırlar. Öz xalqını bəyənməyən bu qrup üçün yad dil fərqlənmə nişanına, üstünlük bölgəsinə çevrilr. Bu qrup öz xalqının dilində bir söz işlətdikdə utanırmış kimi, üzr istəyirmiş sayaq, məsələn, bizdə “türkün sözü” deyərək, ana dilini təhqir etməyi də unutmur.
Hücum edənin əsarəti başa çatdıqdan sonra da bu qrup və onun yadlığı xalqın boğazında keçməyən sümüyə çevrilərək, daha böyük fəsadlara yol açır. Vay o gündən ki, hakimiyyət bu qrupun əlinə keçə. Prosesin gedişi daha ağrılı olur, acı bağırsaq kimi uzandıqca uzanıb, çıxmaza girir. Hücum edən, əsarət altına salan xalqın dili üstünlük, ümumişləklik qazanaraq, yerli dillərə özündən nələrisə qəbul etdirir və zaman keçdikcə daha da zənginləşir. Hücuma məruz qalan dildə isə əks proseslər baş verir. Yad təsirə məruz qalaraq, inkişafı ləngiyən belə dillərin ilkinliyini qaytarmaq isə ya tamamilə mümkünsüz olur, ya da bu bərpa prosesi uzun və ağrılı keçir.
İstənilən xalqın dilində alınma sözlərə, terminlərə rast gəlmək olar. Birində az, birində çox. Bəzi xalqlar əski çağlarda, bəzi xalqlar isə yaxın zamanlarda daha çox söz alaraq, öznünküləşdirib. Bu proses bu gün də davam etməkdədir. Hücum edən dil güclünün dilidir. Hücuma məruz qalan zəifin. İqtisadi, siyasi, elmi-mədəni, dini üstünlüyü bariz görünən tərəf güclüdür. Siyasi-iqtisadi baxımdan zəif olanlar, elmi potensiala malik olmayanlar gücsüzlərdir. Güclünün həyatın inkişafı ilə bağlı ərsəyə gətirdiyi istilahları gücsüzlər qəbul etmək məcburiyyətindədirlər. Bu o vaxta qədər davam edir ki, zəif güclənir, yaratmağa başlayır, öz düzəltdiklərinə də öz milli adlarını verir. Başqa xalqlar da onu qəbul edir.
Politeizm zamanında qalib tayfanın bütü baş tanrı sayılırdı, məğlubun bütü isə onun xidmətçisinə və ya onun köməkçisinə çevrilirdi. Məsələyə bu kontekstdən baxmamız gərəkdir. Dil tarix boyu başqa dillərlə təmasda, alış-verişdə olur. Bu, bir növ dəniz qabarma-çəkilmələrinə bənzəyir. Bir müddət başqa dillərə nələrsə verən, onlara təsir edən bir dil sonra geri çəkilə, başqa dillərin təsirinə düşə bilər, başqa dillərdən nəyisə mənimsəyə bilər. Tarixdən yüzlərlə misal gətirə bilərik. Məsələn, rus dilində mövcud olan türk, monqol mənşəli sözlər rus xalqının hücuma məruz qaldığı dönəmlərdən xəbər verir. Amma sonrakı dönəmlərdə rus dilindən başqa xalqların, o cümlədən də Azərbaycan türklərinin dilinə çox sayda sözlər keçmişdir. Osmanlı dönəmində bir sıra xalqların türklərdən istənilən qədər elmi-mədəni, məişət elementləri əxz etdiklərini kim dana bilər. Orası da var ki, Osmanlının zəifləməyə başladığı vaxtlardan türklərin Avropadan qəbul etdiyi yüzlərlə söz və termin də unudulmamalıdır.
Dilimizə qədim yunan, qədim latın, sonralar ərəb, fars dillərindən keçən söz və istilahlar saysız-hesabsızdır. Son yüz ildə qəbul etdiyimiz sözlərin çoxu artıq bizim üçün doğmalaşıb, çox zaman onların alınma olduğunu belə bilmirik. Uşaqdan böyüyə hamı üçün aydın olan bu sözlər dilimizdə işləklik, üstəlik də, vətəndaşlıq qazanıb. Mən dilimizin qorunması, saflığı uğurunda həyacan təbili çalanları alqışlayıram. Onların bu dil sevgisini bəyənib, təqdir edirəm. Mən bu sahədə onların yanındayam. Bu yazımı da onların yanında olmağımın bəlgəsi saymaq olarmı, olmazmı bir başqa məsələdir.
Amma dil bu cür qorunmur. İnzibati yollarla dilin saflığını qorumaq mümkün deyil. Ana dilimizin saflığı, qorunması, inkişafı üçün bunlar yetərli deyil. Dilin yad dillərin ekspansiyasından qorunması üçün siyasi-iqtisadi inkişafın olması mütləqdir. Ardınca bütün elm sahələrinin milli zəmində inkişafı gərəkdir. Bundan başqa dilin inkişafında və saf qalmasında dini amil də unudulmamalıdır. Dinin dilə təsiri bəlkə də digər səbəblərdən daha böyükdür. Bunu da yaddaşımızın əlçatan bir yerində saxlamalıyıq.
“Dilimiz korlanır”, “alınma sözlər dilimizi məhv edir” kimi fikirlər tez-tez gündəmə gətirilsə də, heç bir faydası olmur, dil məsələmiz yenə çözülməmiş qalır. Əksinə günü-gündən dilimizə daxil olan alınma sözlər daha da çoxalır, daha da qabarıq görünür. Hərəmiz bir tərəfə çəkirik. Ötən əsrin əvvəllərində dilin təmizliyi uğurunda mübarizə aparanlarımızın düşdüyü durumu təkrarlamaqdayıq. Mirzə Cəlilin “Anamın kitabı”nın qəhramanları yenə də meydandadırlar. Bu qədər əlləş-vuruşdan sonra biz ağıllanmalı deyildikmi? Amma Krılovun təmsil qəhramanları sayaq yenə də hərəmiz batan arabanı öz bildiyimiz yönə çəkməklə məşğuluq. Əslində bildiyimizi babamıza vermək istəmirik deməm daha doğru olardı. Köhnə hamam, köhnə tas.
İlk öncə nədən və ya haradan başlamalıyıq? Milli kimliyimizin təsdiqindən. Bizə sırınmış, yamanmış “azərbaycanlı” adından canımızı qurtarmasaq, dil məsələmiz məhşərə qədər həll olunmayacaq. İkincisi, vara-yoxa baxmadan, rüsumu nədir ödəyərək, milli soyadlarımızı əsarətdən qurtarmalıyıq. Üçüncüsü, rusdilli məktəblər müşkülümüzü yoluna qoymalıyıq. Qordi düyününü bir yolluq çözmək üçün bu məsələni parlament səviyyəsində müzakirə edib qərar verməliyik. Özümüz özümüzlə doğmalaşmalı, kim olmamızı dəqiqləşdirməli, özümüzü tanımalıyıq. Dilin saflığı uğrunda mübarizə tarix boyu aktuallığını qoruyub. Ayrı-ayrı xalqların tarixindən buna dair misallar gətirmək mümkündür. Mən bir-iki örnək verməklə kifayətlənim.
XVIII yüzilliyin Fransasında, XX əsrin Sovet İttifaqında dilə süni müdaxilələr olub. Dilin alınma sözlərdən təmizlənməsinin Türkiyə təcrübəsi də var. Ancaq bu təcrübələr yaxşı bir nəticə verməyib. Türkiyə təcrübəsinin acısı bu gün də ortadadır. Dilin saflığı uğurunda mübarizəmizdə düzgün davranmaq üçün bunları da unutmamaq gərək.
Dünyada saf dil yoxdur deyənlərin fikirlərini qəribliyə salmadan dilimizin saflığını qorumağa məhkumuq.