- Cəmiyyət

DİM bu gün dövlət qulluqçusu olmaq istəyənlər üçün imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün Bakı şəhərində test imtahanları keçirəcək.

Mərkəzdən “Report”a verilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq.

İmtahan zallarında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.