- Ədəbiyyat

“Dinə bilmədim”, yoxsa “gülə bilmədim”?

İmarət Cəlilqızı

Bu yazını mahnı janrı haqqında əhatəli bir giriş abzası ilə başlaya bilərdim, amma birbaşa mətləbə keçmək istəyirəm. Mövzu mahnı mətnləri ilə bağlıdır. Hər gün televiziyada, radioda çoxlu retro və yeni mahnılar səsləndirilir, digər platformalar da bu janra daha çox yer ayırırlar. Dinlədikcə aşkar olur ki, bəzi ifaçılar mahnı mətnlərinə bir xeyli diqqətsiz yanaşır, mətni təhrif edir, sözləri yanlış oxuyurlar. Hələlik onlardan birini- Ə. Tağıyevin H.Arifin sözlərinə bəstələdiyi “Dinə bilmədim” mahnısını mümunə göstərək. Bu mahnını ifa edən onlarla müğənninin, demək olar ki, hamısı mətnin sonuncu bəndini yanlış oxuyubdur. Mahnı mətnləri haqqında az-çox məlumatı olanlar bilir ki, “Dinə bilmədim” süjetli mahnıdır və onun sözlərini təhrif edəndə bəndlər arasındakı məntiqi bağlılıq pozulur. Əvvəlcə mahnının düzgün mətninə diqqət edək:

İlk dəfə sahildə,
Gördüm onu mən,
Gizli bir üşütmə
Keçdi qəlbimdən.
Tutmuşdu üzünü
Mavi Xəzərə.
O, dənizə baxdı,
Mən o gözələ.
Dinmək istədim,
Dinə bilmədim,
Dinə bilmədim.
Nə edim? Bİlmədim.

Dolandı bahar, yay
Dolandi payız,
Fikrimdən silinib
Getmədi o qız.
Aradım mən onu
Bağda, bağçada,
Hüsnünü hər zaman
Salaraq yada.
Görmək istədim
Görə bilmədim,
Görə bilmədim.
Nə edim? Bİlmədim.

Mən toya çağrıldım
Bir axşam çağı.
Bəzənib gülürdü
Gonaq otağı.
Görüncə tanıdım
Mən o gözəli.
Ağ libas geyinib
o gözəl pəri.
Hamı gülsə də,
Gülə bilmədim,
Gülə bilmədim.
Nə edim? Bİlmədim.

Göründüyü kimi, sonuncu bənddə deyilir ki, “hamı gülsə də, gülə bilmədim”, hadisələrin ardıcıllığının məhz bu nəticə ilə yekunlaşması, yəni lirik obrazın toy sənliyində gülə bilməməsi məntiqlidir: toyda hamı şənlənir, rəqs edir, gülür, lirik obraz isə gülə bilmir (nə üçün gülə bilmədiyinin isə əlavə izaha ehtiyaci yoxdur).

Bu mahnıya müraciət edən ifaçıların əksəriyyəti isə sonuncu bəndi yanlış olaraq belə oxuyurlar:

Mən toya çağrıldım
Bir axşam çağı.
Bəzənib gülürdü
Gonaq otağı.
Görüncə tanıdım
Mən o gözəli.
Ağ libas geyinib
o gözəl pəri.

Dinmək istədim (və ya hamı dinsə də),
dinə bilmədim,
nə edim, bilmədim.

“dinmək” sözü bu bənddə qətiyyən yerinə düşmür, bir az məzəli tərzdə desək, adam ta dinib nə deyə bilərdi axı? Bu mahnıda təsvir olunan əhvalat lirik-dramatik komediya filminin ssenarisi deyil ki, dinə, sonra da gəlini bəyin yanından durğuzub avtomobilə mindirərək hansısa vağzala qaçıra. Axirda da tutrdə yazıla ki, “Happy end”.

Sonda bir qeyd:

Dinlədiyim ifalar arasında bu mahnının mətninin düzgün oxunmasına yalnız bir dəfə – müğənni İlkin Əhmədovun ifasında (müğənni Zakir Əliyevlə duetdə) rast gəldim: