Ermənistan mətbuatı Gorus-Qafan yolunda İran yük maşınlarının iki sürücüsünün Azərbaycan polisi tərəfindən saxlanıldığı barədə məlumat yayıb. Səbəb kimi həmin sürücülərin Xankəndinə yük daşımasını təsdiq edən sənədlərin olması göstərilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-a faktı təsdiqləyib.
E.Zahidovun sözlərinə görə, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar:
“Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyatı dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək”.
DİN rəsmisinin sözlərinə görə, nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək:
“Azərbaycana daxil olan hər kəs ölkənin qanunlarına riayət etməlidir. Etmirsə, qanun qarşısında cavab verməlidir”.