- Mədəniyyət

“Diplomatic World Sweden” azərbaycanlı pianoçunun Helsinkidə konsertindən yazıb

Diplomatlar, siyasətçilər, İsveçdəki diplomatik nümayəndəliklərin əməkdaşları üçün hazırlanan “Diplomatic World Sweden” saytında Azərbaycan caz-muğamı və onun Helsinkidə ecazkar təqdimatı barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Finlandiyadakı səfirliyinin mayın 28-də Müstəqillik Günü şərəfinə təşkil etdiyi konsertdən bəhs edilir. Tədbir Helsinkinin əsas konsert zallarından biri olan “Musiikkitalo”da Finlandiya rəsmilərini, diplomatları, Azərbaycan diasporunun nümayəndələrini və caz həvəskarlarını bir araya toplayıb.

Gecənin əsas ulduzları pianoçu Etibar Əsədli və onun triosu olub. Fransada tanınmış CMDL-də (“Centre des Musiques Didier Lockwood”) təhsil alan musiqiçi muğam və müasir cazın vəhdətində dərin məharət nümayiş etdirib. Onun ifası ənənəvi musiqi formasına beynəlxalq səhnədə necə yeni nəfəs verilə biləcəyinin parlaq nümayişi idi.

Müəllif yazır: “Azərbaycanın qlobal caz mədəniyyətinə töhfəsi sadəcə musiqi hadisəsi deyil, ənənələrin sərhədləri aşması və yeni bir janr doğurması haqqında hekayədir. Qafqazın bu kiçik, lakin mədəni cəhətdən zəngin ölkəsi Qərb caz improvizəsinin azadlığını Azərbaycan mədəniyyətinin əsl qəlbi olan Şərq muğam ənənəsinin dərin ifadəliliyi və qədim kökləri ilə birləşdirərək unikal musiqi kimliyini formalaşdırıb”.

Məqalədə Vaqif Mustafazadə tərəfindən Azərbaycanda yaradılmış və Əzizə Mustafazadə, İsfar Sarabski, Rain Sultanov, Emil Əfrasiyab və Etibar Əsədli kimi musiqiçilərin sayəsində inkişaf etməkdə davam edən nadir caz-muğam janrına diqqət yetirilir.

Müəllif qeyd edir ki, Helsinkidə keçirilən konsert təkcə Müstəqillik Günü şənliyinin tərkib hissəsi deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanı möhkəmləndirən mədəni körpü olub.